Azərbaycan Premyer Liqasında XVI tura yekun vuruldu

10 Fevral 2019 19:27 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Turun son oyununda “Səbail” “Bayıl Arena”da “Zirə”ni qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində ilk qolu Xulio Sezar Rodrigez vurub. Paraqvaylı hücumçu ikinci dəqiqədə fərqlənib. Sadio Tounkara isə 90+4-cü dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

51-ci dəqiqədə “Səbail”in hücumçusu Ağabala Ramazanovun qüvvətli zərbəsi qapı tirindən geri qayıdıb. 68-ci dəqiqədə Rahid Əmirquliyev uzaqdan fərqlənməyə çalışsa da, hücum heç bir nəticə verməyib. 69-cu dəqiqədə “Səbail”in digər oyunçusu Tome Kitanovskinin də başla vurduğu top qapı dirəyinə tuş gəlib.

81-ci dəqiqədə isə Elvin Yunuszadə ikinci sarı vərəqəni alaraq “Səbail”i azlıqda qoyub. Bundan üç dəqiqə sonra Kevin Kubembanın da zərbəsi dirəyə dəyib. Meydan sahiblərinin növbəti hücumları da nəticəsiz qalıb.

Bu qələbədən sonra xallarının sayını 13-ə yüksəldən “Zirə” sonuncu pillədən qurtularaq 7-ci sıraya yüksəlib. “Səbail” isə 24 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər matçında “Neftçi” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. Dünən keçirilmiş oyunlarda isə “Qəbələ” “Sabah”ı 1:0, “Qarabağ isə “Sumqayıt” 2:0 hesabı ilə üstələyib. (report)

AzNews.az