Ermənilərə sığınan Makron...

11 Fevral 2019 09:37 (UTC+04:00)

Etiraf edirik ki, Fransa prezidenti E.Makronun 24 apreli “Erməni soyqırımının qurbanlarının anım günü” elan etməsi bəzilərimiz üçün bir az gözlənilməz, hətta yüngül şok oldu, hərçənd, həmin Makron ötən ilin payızında fransız dilli ölkələrin sammitini başqa bir yerdə yox, İrəvanda keçirmiş, üstəlik burada iki gün qonaq olmuş və daim Bakı ilə İrəvan arasıda diplomatik paritet saxlamağa çalışan digər siyasət adamlarından fərqli olaraq Bakıya da baş çəkmək haqqında heç düşünməmişdi.

Həm də Fransa-Ermənistan müstəvisindəki intensiv proseslərə daha diqqətlə yanaşsaq görərik ki, Fransa prezidentlərinin “erməni epopeyası” daha uzaqlara gedir çıxır və bu zəmində E.Makron heç də öncül və ya da “pioner” deyil.

Hələ uzaq 2001-ci ildə Fransa parlamenti “erməni soyqırımını” tanımaqla bağlı sənəd qəbul etmişdi. Bunun ardınca tarixi yalanı qanuni müstəvidə, hətta mədəni-etik və siyasi planda oturuşdurmaq üçün silsilə tədbirlər həyata keçirildi.

Bir qədər sonra Marsel şəhərində bürüncdən “Erməni anası” heykəli ucaldıldı. Ermənistanı Fransanın “kiçik bacısı” adlandıran N.Sarkozi isə bir az da uzağa getdi– erməni soyqırımını tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan bir qanun qəbul etdi, amma sonradan onu ləğv etməli oldu, çünki qanun söz və ifadə azadlığı ilə bağlı bütün beynəlxalq və milli qanunvericiliyə zidd idi və inqilablar ölkəsinin parlamentariləri bu məqamı əvvəldən nəzər almalı idilər...

Beləliklə, hətta kiçik siyasi arayış da göstərir ki, Minsk Qrupunun həmsədrlərindən biri olan Fransa bu vaxtadək ermənipərəst siyasət aparıb və bu gün də aparmaqdadır. Əslində biz bunu Fransanın həmsədr olmasına razılıq verərkən nəzərə almalı idik, amma belə bir məsəl var ki, heç olmamaqdansa gec olmaq da yaxşıdır. Odur ki, bir sıra azərbaycanlıların Fransanı həmsədrlikdən çıxarmaq haqqındakı çağırış və tələblərinə çox da soyuq yanaşmaq lazım deyil, baxmayaraq ki, bu, prosedur planda elə də asan proses deyil. Həm də həmsədrlikdən gedən Paris daha da ermənipərəst ola bilər ki, biz bunu da nəzərə almalıyıq...

Amma düşünürük ki, Azərbaycan XİN hər halda, Fransa tərəfinin diqqətinə bu məsələni çatdırmalıdır, hətta müəyyən qədər etiraz notları da ifadə etmək olar ki, Paris heç olmasa, bundan sonra erməni sevgisini azacıq da olsa, cilovlasın.

Fəqət, bundan heç də az maraq kəsb etməyən başqa sual da var: Bəs Makronu bu addımı atmağa nələr vadar etdi? Məgər o, bunun Bakını və Ankaranı qeyzləndirəcəyinin fərqində deyildimi?

Bir az əvvəldə qeyd etmişdik ki, Makron erməni yalanına dəstək verməkdə heç də ilk fransalı prezident deyildir, burada da “obyektiv və subyektiv səbəblər” var. Böyük ehtimalla belə qərar qəbul edərkən o, özünün laxlamış mövqelərini erməni diasporasının hesabına azacıq da olsa, möhkəmləndirməyə çalışıb. Hazırda onun reytinqi ən aşağı səviyyədədir, üstəlik Makronun cəhdlərinə baxmayaraq “sarı jiletlilərin” etirazları səngimək bilmir, qarışıdan isə Avropa Parlamentinə seçkilər gəlir və artıq indidən Fransa prezidentinin adamlarının bu seçkilərdə tam uduzacağı haqqında proqnozlar səslənir.

Makronun qərarına erməni tərəfinin reaksiyasına gəldikdə isə, bunu duymaq elə də çətin deyil: toy-bayram edirlər, axı Fransa bütün hallarda Avropanın ən böyük dövlətlərindən biridir və üstəlik, Makronun qərarına “erməni genosidi”nin tanınması yolundakı daha bir ciddi addım kimi baxmaq olar.

Hətta baş nazir N.Paşinyan sosial şəbəkələrdə bununla bağlı xüsusi status da yazmışdı. Amma bir maraqlı məqam var. Məlum olduğu kimi, Paşinyan indi əsasən yeni kabinetin təşkililə məşğuldur, az qala, hər gün onun hansısa nazirliyi təsis etməsi və ya ləğv etməsi haqda xəbərlər gəlir və ən maralısı da budur ki, ləğv olunmuş nazirliklər arasında diaspor ilə iş nazirliyi də var.

Düşünürük ki, burada daha bir dəfə lənətə gəlmiş diasporun Ermənistanın həyatında oynadığı rolu qeyd etməyə ehtiyac yoxdur, onun İrəvana maliyyə və siyasi dəstəyi haqqında daim danışılır və yazılır, belə ki, diaspor və kilsə erməni millətinin və “dövlətçiliyinin” iki əsas sütunu, dayağıdır...

Məgər bunlar N.Paşinyana məlum deyilmi? Ən azı o, bilmirmi ki, erməni yalanının dünyada yayılmasında əsas, aparıcı rol məhz diaspora məxsusdur. Onda o, niyə belə edir?

Bizə elə gəlir ki, Paşinyan Dağlıq Qarabağ klanı ilə birlikdə diasporun da diqtəsinə son qoymaq istəyir, çünki Ermənistanın bu günkü vəziyyətə düşməsinin, dalana dirənməsinin əsas günahkarlarından biri də məhz diaspordur - məhz bu diaspor başabəla erməni “ideoloq”larının yalanlarını yaymaqla, Dağlıq Qarabağ kriminal klanına dəstək verməklə ölkəni siyasi - iqtisadi dalana gətirib çıxarıbdır.

Əlbəttə ki, bu, ehtimallardan biridir, amma o, bizə çox inandırıcı görünür. Hamıya məlumdur ki, yeni baş nazirin erməni kilsəsilə də çox mürəkkəb münasibətləri yaranıbdır və Paşinyanın daha bir problemi də Ermənistanın katolikosudur. Elə ona görə də istisna deyil ki, düşmənlər siyahısında artıq diaspor da var...

AzNews.az