“Səməd Vurğuna şər yaxanların mənəvi dünyası çox dayazdır“- Ziyalıların aksiyasından

22 Aprel 2013 07:30 (UTC+04:00)
Qazax Xeyriyyə Cəmiyyətinin üzvləri, tanınmış ziyalıların iştirakı ilə dünən dahi şair, ölməz Səməd Vurğunun Fəxri xiyabandakı məzarı başında tədbir keçirilib.

Tədbir son zamanlar Səməd Vurğuna xoşagəlməz ifadələr söyləyən şəxslərə cavab vermək məqsədi daşıyıb. (S.Vurğun barəsində xoşagəlməz ifadələr Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən səsləndirilib-red.)

Toplantıda Zaməddin Ziyadoğlu ziyalılara Səməd Vurğunun ölməz ruhu naminə yağışlı bir gündə yığışdıqlarına görə minnətdarlıq edib.

Öncə akademik Teymur Bünyadov Azərbaycan dahilərinin əzəməti haqqında danışıb. Nizami böyüklüyündən ötürülən dühalıq tacının sıra ilə Nəsimiyə, Füzuliyə onlaradan isə dahi Üzeyirə və Səməd Vurğuna ötürüldüyünü deyib. O, bildirib ki, bu gün Səməd Vurğuna qarşı söylənən qara fikirlər həm də xalqa qarşı yönəlib:

"Buna görə də bəzi insanların səviyyəsiz çıxışlarına qarşı hər bir Azərbaycan vətəndaşı təpki göstərməlidir. Çünki Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi uca zirvədir. Mən həyatımı Səməd Vurğunsuz təsəvvür edə bilməmişəm heç zaman".

Səməd Vurğunu Azərbaycan xalqının Şekspri adlandıran şair Nəriman Həsənzadə onun haqqında daha geniş danışıb:

"Heç bir şairi, yazıçını öz epoxasından, öz dövründən ayırıb təhlil etmək düzgün deyil. Vaxtilə Şekspirə hücum elədilər. O vaxt İngiltərədə bir misal yarandı ki, "İngiltərəni verərik, ancaq Şekspiri vermərik".

Yəni bu o deməkdir ki, şair sənətkar kimdir. Şair, sənətkar hər bir xalqın, torpağın səsidir, simasıdır. Ulu öndər Heydər Əliyev dahi Cavidin məzarını vətəninə gətirdib ikinci dəfə dəfn etdirəndə biz bu sevgidən, sevincdən nə qədər həyəcan yaşadıq. Bizim tutulanlarımız, ləkələnənlərimiz çoxdur. Bu gün Səməd Vurğunun kitablarını yandırmaq istəyənlər yanılırlar. Onlar unudurlar ki, şairin kitablarını yandırmaq, inkvizisiya etmək olmaz. Səməd Vurğun 1946-ci ildə İranda, sonra Almaniyada kitablar yandırılanda ona qarşı cavab vermişdi. Şairin yazdıqları əsərlərə kontekstdən çıxaraq, hansısa bir bənd, sətirə görə qiymət vermək olmaz. Səməd Vurğun dahi şairdir, amma bunlara baxmayaraq, hər bir insan tənqid oluna bildiyi kimi, şairi da tənqid etmək olar. Əsərlərinə iradlar deyilə bilər, necə ki, deyilib, deyilir də. Şairin öz sağlığında deyilən iradlara da münasibəti müsbət olub.

Səməd Vurğun nəinki böyük şairdir, o, bir meyardır. Fransanın boyuk ictimai xadimi, şairi Lui Araqon demişdir ki, "Səməd Vurğun dünya poeziyasının fəxridir, iftixarıdır".

Biz Səməd Vurğunun dilində danışırıq, onun qəhrəmanı Vaqifin dilində danışırıq. Səməd Vurğun bizə saf dil qoyub getdi. Ümummilli lider Səməd Vurğun haqqında yülsək fikirlər söyləyib, onun şeirlərini əzbər söyləyib. Belə bir dahinin şəxsiyyətini təhqir edib, ona toxunmaq olmaz. O şəxsən mənim idealımdır. Hər bir böyük sənətkar öz dövründən sonra ələnir. Nəinki şairlər, hətta hökmdarların özləri də ələnir, qalanı-qalmayanı olur. Mən istərdim ki, buraya bütün Azərbaycan tökülüb gələydi. Şair bir elin, bir xalqın olsa da, dünya üçün yazir, bəşəriyyət üçün yaşayır. Bu sarıdan Səməd Vurğun şəxsiyyəti toxunulmazdır. Bəzən mən gözləmədiyim adamlardan elə çıxışlar eşidirəm ki, bilmirəm nə deyim. Bu cür yanaşmalar etmək yolverilməzdir. Səməd Vurğunun taleyi həmişə dolaşıq olub. O, daim mübarizələrlə yaşayıb həyatda. Stalinin qəbuluna gedəndə "Rəhbərə salam" şeirində "çadrasız, boyasız türk qızlarından salam gətirmişəm demişdi". Çox istirablar yaşamışdı. Buna görə çox az ömür yaşadı. 50 yaşlı Səməd Vurğunu mən görmüşdüm. Sanki 90 yaşlı ixtiyardan da yaşlı idi. Səməd Vurğunu duymayıb, ona ləkə yaxanlara məsləhət görərdim ki, onun "Vaqif" dramını oxusunlar və oradakı hər bir sətiri anlaya-anlaya qavrasınlar. O zaman onlar Səməd Vurğun böyüklüyünü anlayacaqlar.

Çox da tərifləmə mənə vətəni,
Bu qılınc olmasa, yeyərlər məni.

Bunu demək, 37-ci ildə belə bir əsər yazmaq sözün əsl mənasında hünər, qəhramanlıq tələb edirdi. Mehdixan Vəkilov məqaləsində yazır ki, Səməd Vurğunu hər addımda izləyirdilər, təqib edirdilər. Mən Səməd Vurğun poeziyası qarşısında baş əyirəm və baş əydikcə də yüksələirəm".

Tarixi araşdırmalar müəllifi, tədqiqatçı alim Şəmistan Nəzirli Səməd Vurğuna qarşı qısqanc münasibətlərin haradan qaynaqlandığını dəqiq bildiyini söyləyib. Bütün bunlara baxmayaraq, həmin qaragüruh qüvvələrin arzularına çata bilməyəcəklərini və son anda özlərinin tamamilə biabır olaraq, olan-qalan nüfuzlarının da ayaq altına düşəcəyinə əminliyini bildirib.

"Səməd Vurğun haqqında iftira və böhtan danışılması milyonları təhqir etmək deməkdir. Axı iddiaların da bir əsası olmalıdır. İddialardan biri Səməd Vurğunun Şaumyanı "baba", digəri isə 31 mart hadisələrini "inqilab" adlandırmasıdır. Mən Səməd Vurğunun oxuduğum əsərlərini yenidən vərəqlədim. Amma bu deyilənlərə rast gəlmədim. Şaumyanın adını ancaq "komissar" olaraq qeyd edib", – deyə Ş.Nəzirli bildirib.

Ş.Nəzirli qeyd edib ki, S.Vurğunu ləkələmək istəyən şəxslərin əməllərinə nə ad vermək lazım olduğunu xalq gözəl bilir:

"Səməd Vurğun haqqında danışarkən əvvəlcə onun şəxsiyyəti, poeziyası haqqında bilgi əldə etmək gərəkdir. Səməd Vurğunun həyatı haqqında Xavər xanımın xatirələrini dinlədikcə, sanki insanın ürəyi bu an dayanacaq kimi olur. Səməd Vurğuna atılan çamur Vurğun dağı qarşısında gözəgörünməz bir nöqtədir".

Bakı Dövlət Universitetinin müəllimi Səlahəddin Əfəndiyev Səməd Vurğun şəxsiyyətinə söylənən şər və böhtanlar kontekstində şairə olan məhəbbətini kənara qoyaraq, onun əsərlərini tam tənqidi yanaşma ilə incələdiyini diqqətə çatdırıb. Lakin əsərlərinin heç birində söylənilən iradların həqiqəti əks etdirmədiyini vurğulayıb. "Əsərlərini yenidən və dərindən oxuduqda isə Vurğuna məhəbbətim daha da dərinləşdi" - deyə bildirib. Deyib ki, Səməd Vurğunun Yazıçılar İttifaqının katibliyindən uzaqlaşdırılmasına səbəb kimi, onun xüsusi olaraq Mikayıl Müşfiqi və Hüseyn Cavidi himayə edərək, onların əsərlərinin çap edilməsi göstərilib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı öz çıxışında belə yağışlı bir gündə vurğunsevərlərin Vürğun nurunun ətrafında toplaşmasını yüksək dəyərləndirib. Səməd Vurğunu repressiya dönəminin ən çox acılar çəkmiş şairi adlandıran A.Aşırlı Mikayıl Müşviqin, Hüseyn Cavidin, Əhməd Cavadın itkisinin şairə böyük əzab verdiyini bildirib:

"Səməd Vurğunun Azərbaycan tarixində müstəsna xidmətləri olan hökmdarları – Nadir şahı, Qacarı alçaltdığı iddia olunur. Amma bir şeyin unudurlar ki, şairin əsərlərində adları çəkilən tarixi şəxsiyyətlərin hakimiyyətləri deyil, törətdikləri qeyri-insani əməlləri obrazlı şəkildə ifadə olunub. Səməd Vurğun Azərbaycan xalqının qəlbində yaşamış və yaşayacaq dahi şairdir. Səməd Vurğuna qarşı söylənən böhtan və iftiralar etik və mədəni baxımdan heç bir məntiqə söykənmir"-deyə Akif Aşırlı bildirib.

Bakı Pedaqoji kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun dosenti Yusif Alıyev Səməd Vurğunu cəmiyyətin sosial və siyasi şair adlandırib: "Zaman dəyişdikcə Səməd Vurğunun yaradıcılığına, poeziyasına baxışlar fərqli ola bilər. Amma bütün əsərlərinin qayəsində milli, bəşəri vahidlik dayanır. Səməd Vurğunun bir bənd şeiri ilə ümummilli lider Heydər Əliyevin vətən sevgisinin təzahürünü bir daha görmək mümkün olmuşdur. Səməd Vurğun şəxsiyyətinə şər yaxan insanların özlərinin mənəvi dünyası çox dayazdır və belə adamlara bədbəxt və yazıq insan kimi baxıram", – deyə Y.Alıyev bildirib.

Daha sonra isə bir neçə natiq də Səməd Vurğun haqqında öz düşüncə və xatirələrini danışaraq, Vurğuna nalayiq sözlər ünvanlayan insanlara sərt münasibətlərini sərgiləyərək, onlara düşünüb danışmalarını tövsiyə ediblər. Sonda S.Vurğunun ruhuna Fatihə verilib.//modern.az//

AzNews.az