“Natiq Qocayev ölümlə həyat arasındadır” - Komaya düşən jurnalistin durumu kritikdir

12 Fevral 2019 08:57 (UTC+04:00)

Jurnalist Natiq Qocayev 1 fevral tarixində insult səbəbindən koma vəziyyətinə düşüb və hazırda Mərkəzi Klinik Xəstəxanada həkim müşahidəsi altındadır. Jurnalistin xanımı Könül Aypara həyat yoldaşının müalicəsinə dəstək üçün bir neçə gün öncə ölkə prezidentinə müraciət etmişdi və ona dərhal reaksiya verilmişdi.

Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, administrasiyanın şöbə müdiri Əli Həsənov elə həmin gün məsələyə münasibət bildirib. Əli Həsənov deyib ki, komada olan jurnalistin müalicəsi ilə maraqlanıb, xəstəxananın baş həkimi ilə bilavasitə söhbət edib və vəziyyət haqqında tam informasiya alıb: “Cənab prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı yaranmış bu tipli halları daim diqqət mərkəzində saxlayır, mütəmadi maraqlanıram. Zərurət yarandığı təqdirdə cənab prezidentə bu haqda məruzə edilir və müvafiq yardım göstərilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bundan əvvəlki dövrlərdə də ayrı-ayrı jurnalistlərin səhhətində yaranmış ciddi problemlərlə, həm ölkə daxilində, həm xaricdə təcili müalicə ilə bağlı dövlət dəstəyi üçün cənab prezidentə müraciət olunub və bütün hallarda onun tapşırığı ilə bu məsələlər həll edilib”.

Əli Həsənov deyib ki, xəstəxananın baş həkimi ilə şəxsən danışıb, təfsilatlı məlumat alıb, jurnalistin müalicəsi nəzarət altındadır: “Onun hazırda aparatdan ayrılıb, haraya isə aparılması mümkün deyil. Biz ona Allahdan cansağlığı arzulayırıq. Həkimlər əlindən gələni edir, biz də onun müalicəsi ilə daim maraqlanırıq. Sonrakı müddətdə, stabilləşmə baş verəndən sonra lazım gəlsə xaricdə müalicəsi də davam etdiriləcək”.

Natiq Qocayevin durumu ilə maraqlanmaq üçün onun müalicə aldığı Mərkəzi Klinik Xəstəxanaya yollandıq. Reanimasiyada olduğu üçün jurnalisti görə bilmədik. Lakin jurnalistin xanımı Könül Aypara ilə danışıb, Natiq Qocayevin durumu ilə bağlı məlumat ala bildik.

K. Aypara bildirdi ki, hazırda Natiq Qocayevin vəziyyəti çox kritikdir: “Yəni ölümlə həyat arasındadır. Xaricə göndərilməsi ilə bağlı müraciət etmişdik. Həkimlər icazə vermədilər. Dedilər ki, hazırda onu aparatlardan ayırmaq olmaz”.

IMG-20190211-WA0018.jpg (75 KB)

Aypara bildirib ki, N. Qocayevin hər zaman qan təzyiqi olurdu:

“180 təzyiqlə gəzirdi. Sözə, məsləhətlərə qulaq asmırdı. Həmişə deyirdi ki, bizim nəslimizdə təzyiq xəstəliyindən əziyyət çəkən çoxdur. Mənə də heç nə olmaz. Onu saxlayan ürəyinin sağlam olmasıdır. Onun tamoqrafiyasını Almaniyaya, İsrailə göndərdim. Hamısı eyni diaqnoz qoydu. Koma vəziyyəti üç cür olur. Üçüncü vəziyyət artıq ölümdür. Natiq ikinin axırındadır. Dedilər ki, Natiq bir dəfə də insult keçirib. Sadəcə, ürəyi güclü olduğu üçün hiss etdirməyib”.

K.Aypara Natiq Qocayevin necə insult keçirməsindən danışıb:

“Fevralın 1-də gecə saatlarında dedi ki, başım ağrıyır. Qəfildən vəziyyəti pisləşdi. Əvvəl elə bildik ki, təzyiqi qalxıb. Bu kimi hallar olurdu, təzyiqini ölçüb, dərman verirdik, normallaşırdı. Həkim ona dərman yazmışdı və deyirdi ki, hər səhər atmalısan. Ancaq o, dərmanı da atmırdı. Ayın 1-də, gecə təcili yardım gecikmə ilə gəldi, apardılar 1 saylı Kliniki Tibbi Mərkəzə. Sonra biz gördük ki, vəziyyəti getdikcə daha da pisləşir və Mərkəzi Kliniki Xəstəxanaya zəng vurduq. O vaxtdan da burada müalicə alır.

IMG-20190211-WA0025.jpg (118 KB)

Ötən həftənin şənbə günü ölkə rəhbərinə müraciət etdim. Sağ olsun Rauf Arifoğlu, Vüsalə Mahirqızı ki, bu məsələnin ictimailəşməsində mənə kömək etdilər. Sonra Əli Həsənov ölkə başçısının müalicəni nəzarətə götürməsi ilə bağlı açıqlama verdi. Cənab prezident hər zaman jurnalistlərə necə qayğı ilə yanaşırsa Natiqlə bağlı da elə davranır. Hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Hələ ki dövlət tərəfindən bizə hansısa yardım edilməyib. Ancaq inanıram ki, bu, olacaq. Bu xəstəxana özəldir və qiymətlər yüksəkdir. İndiyə qədər xəstəxanaya köçürülən gündəlik maddi vəsaiti ailəmiz qarşılayıb. Eyni zamanda iki dəfə də əməliyyat olunub. Sadəcə, bilsək ki, nə qədər yatacaq, nə zaman oyanacaq, yenə də ailəmiz vəsaiti ödəyə bilər. Ancaq bilinmir ki, nə zaman ayılacaq, nə zamana qədər müalicə almalıdır. İki övladımız var, oğlu 2-ci sinifdə, qızı 7-ci sinifdə oxuyur”.

Könül Aypara bildirib ki, media nümayəndələri ona çox dəstək olurlar: “Hər birinə təşəkkür edirəm. Vüqar Səfərli bu gün gəlmişdi. Sağ olsunlar, dəstək olurlar. Natiq müəllim 21 ildir ki, mediadadır. Bu illər ərzində o, ”Tərəqqi medalı" da alıb. Həkimlər deyirlər ki, gözləyin. Bu günlər ərzində ciddi irəliləyiş yoxdur. Yalnız gözləri işığa reaksiya verir. 72 saatı gözləyirdilər ki, ya ayıla bilər, ya dünyasını dəyişər. Sonra 7 günü gözlədilər. İndi isə 12-ci günü gözləyirlər. İnşallah, bu günləri də adlayacaq. Atası professordur, qardaşı həkimdir, bacısı Tibb Universitetində dərs deyir, digər qardaşı polkovnik, bir qardaşı dəri həkimi, digər bacısı da göz həkimidir. Yəni ziyalı ailəsidir. Özünün jurnalistikada xidmətləri, yetirmələri çoxdur. İnşallah, sağalar".(musavat.com)

AzNews.az