Qətər və Livan Azərbaycanın turizm imkanları ilə maraqlanır

12 Fevral 2019 17:24 (UTC+04:00)

Qətər və Livandan olan media nümayəndələrinin Azərbaycana səfərləri çərçivəsində Dövlət Turizm Agentliyində görüş keçirilib.

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Kənan Quluzadə, Azərbaycan Turizm Bürosunun Marketinq şöbəsinin rəhbəri Fidan Əliyeva iştirak edib.

Media nümayəndələri Azərbaycanın turizm imkanları, viza və hava yolları, yeni turizm brendi, Bakı və regionlarda mövcud olan infrastruktur və təklif olunan xidmətlər, qeyd olunan ölkələrdən Azərbaycana turist axını və digər bu kimi sualllar barəsində ətraflı məlumatlandırılıblar.

Qonaqlara Azərbaycanın turizm imkanlarını nümayiş etdirən məlumatverici materiallar paylanılıb.

Məlumat üçün bildirək ki, son 5 il ərzində Qətərdan Azərbaycana gələn turistlərin sayında 40 dəfədən çox, Livandan gələn turistlərin sayında isə 2.3 dəfədən çox artım müşahidə olunub.

Səidə Nurməmmədli
AzNews.az