Şəmistan Əlizamanlı: Ərdoğanın mənim mahnımı seçməsi böyük uğurdur - VİDEO

13 Fevral 2019 10:52 (UTC+04:00)

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının "Bismillah" mahnısı martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki təbliğatı üçün seçilib.

Bu barədə AzNews.az-a açıqlama verən müğənni, bundan qürur duyduğunu bildirib:

“Mənim “Turan ellər var olsun” mahnım Türkiyə prezidenti və AKP partiyasının lideri Rəcəb Tayyib Ərdoğanın seçki təbliğatı zamanı televiziyalarda nümayiş olunan kliplərində istifadə olunub. Bununla bağlı həmişə mənə təşəkkür edirdilər. Elə oldu ki, "Diriliş Ertuğrul" serialının çəkilişində bu mahnıları, eləcə də mənim özümün həmin serialda çəkilməyimi istədilər. Mən də razılaşdım. Onlar mənə seçkiyə uyğun şeir göndərdilər. Yazıb göndərdim və bəyənib qəbul etdilər. Əlbəttə, bu yaradıcı şəxs kimi məni sevindirməyə bilməz. Böyük uğurdur. Türkiyə kimi böyük dövlətin seçki təbliğatı mənim ifamda və musiqisi mənə aid olan mahnı altında aparılacaq”.

Şəmistan Əlizamanlı Rəcəb Tayyib Ərdoğanla görüşmədiyini deyib: “Ərdoğan Azərbaycan dövlətinin böyük dostudur. Bizim üçün fəxrdir ki, AKP mənim mahnımla təbliğata gedir. Bu, Azərbaycan mədəniyyətinin uğurudur. Azərbaycan bütün sahələrdə olduğu kimi mədəniyyətdə də Türkiyə ilə birgə addımlayır”.



Bahar RÜSTƏMLİ
AzNews.az