Ohanyan Sarkisyanın üzünə durdu

13 Fevral 2019 11:14 (UTC+04:00)

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan İstintaq Komitəsində dindirilərkən, sabiq prezident Serj Sarkisyanı çıxılmaz vəziyyətdə qoyub.

Bu barədə Ermənistanın “Qraparak” nəşri xəbər yayıb. Məlumata görə, Ohanyan Sarkisyana qarşı ifadə verib. Üzləşdirilmə zamanı isə tərəflər arasında qarşıdurma yaşanıb.

Hadisənin təfərrüatları açıqlanmasa da, Sarkisyana yaxın mənbə bunu təkzib edib.

“Ohanyan Sarkisyana qarşı ifadə verməyib. O yalnız Sarkisyanın onun ali komandanı olduğunu və əmrlərini yerinə yetirdiyini bildirib”, - deyə mənbə bildirib.

O əlavə edib ki, Sarkisyanın həbs olunacağı istisna deyil, çünki bütün proseslər buna aparır.

Mənbə deyib ki, Paşinyan hökuməti aşağı olan reytinqi qaldırmaq üçün yeni "şou"ya əl atmaq niyyətindədir.

Xatırladaq ki, dünən yayılan məlumatda dindirilmənin 2008-ci il 1 mart hadisələri ilə deyil, hələlik gizli saxlanılan başqa cinayətlə bağlı olduğu bildirilib.(oxu.az)

AzNews.az