Neft idarəsinin operatoru intihar etdi

13 Fevral 2019 11:56 (UTC+04:00)

Bu gecə Siyəzən rayonunun Məşrif kəndində intihar hadisəsi qeydə alınıb.

Kəndin ərazi nümayəndəsi Kənan Əliyevin AzNews.az-a verdiyi məlumata görə, kənd sakini olan,1979-cu il təvəllüdlü Məkan Valeh oğlu Əliyev gecə saat 2:00 radələrində evinin eyvanında özünü asaraq intihar edib. Məkanın özünü asmasından ilk olaraq ailə üzvləri xəbər tutublar.

"Onun hansı səbəbdən intihar etməsi hələlik bilinimir. 2 övladı var, həyat yoldaşı müəllimə işləyir. Özü də "Siyəzənneft" Neft-Qaz Çıxartma İdarəsində operator vəzifəsində işləyirdi. Psixi cəhətdən normal insan olub, heç bir xəstəliyi yox idi”.

İntihardan dərhal sonra rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub, mərhumun ailə üzvləri dindirilib. Sonra isə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Siyəzən rayon bölməsinə aparılıb.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az