Mossadın sabiq direktorunun Səudiyyə Ərəbistanına məxfi səfəri

13 Fevral 2019 14:31 (UTC+04:00)

İsrailin xarici kəşfiyyat qurumu Mossadın sabiq direktoru Tamir Pardo vəzifədə olduğu zaman 2014-cü ildə gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib.

İsrailin Kanal 13 televiziyası adını açıqlamayan Qərb diplomatına istinadən qeyd edib ki, 2011-2016-cı illərdə Mossad direktoru vəzifəsini icra edən Pardo 2014-cü ildə Ər-Riyada məxfi səfər edibmiş.

Səfər İran və beynəlxalq güclər arasında başlayan nüvə danışıqları ərəfəsinə təsadüf edib. Həmin dövrdə Səudiyyə ABŞ-İran yaxınlaşmasından narahat olduğu üçün İsraili İrana qarşı güclü dəstəkçi hesab edib. Bu səbəbdən də ilk dəfə İsrail hökumətinin yüksək səviyyəli şəxsinin Ər-Riyada məxfi səfəri baş tutub. Ancaq Mossad şefinin Səudiyyədə hansı məsələləri müzakirə etdiyi, kimlərlə görüşdüyünün detalları indi də açıqlanmayıb.

Bundan başqa, bildirilib ki, İsrail baş naziri Binyamin Netanyahu 2014-cü ilin sentyabr ayında Səudiyyə Ərəbistanının o dövrdəki milli təhlükəsizlik xidmətinin başçısı olan şahzadə Bəndər bin Sultanla üçüncü ölkədə bir araya gəlibmiş.

Bu görüşlə bağlı da tərəflər mətbuata açıqlama verməyib.(teleqraf.com)

AzNews.az