"Onların Qarabağdan danışmağa haqları yoxdur"

13 Fevral 2019 15:55 (UTC+04:00)

Qarabağ Komitəsinin (QK) 16 fevralda keçirməyi planlaşdırdığı “Qarabağa azadlıq!” mitinqinə icazə verilmədi. Bakı Şəhər İcra Hakimiyyəti komitənin müraciətinə cavabında aksiyanı “məqsədəuyğun hesab edilmədiyini” bildirib.

Ardınca isə bəzi komitə üzvləri bunu maneə kimi qiymətləndirdi və BŞİH-i aksiyanın keçirilməsinə məqsədyönlü şəkildə icazə verməməkdə ittiham etdilər.

Məsələ barədə siyasi şərhçi Elçin Mirzəbəylinin fikirlərini aldıq. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın keçirilməsinə icazə verməməsi doğru bir qərardır:

"Çünki son dövrlərdə ayrı-ayrı adlar altında keçirilən aksiyalar zamanı məqsəd və diqqətin heç də bu və ya digər məsələyə yönəldilməsi deyil, ölkədə vətəndaşlar arasında qarşıdurma yaratmağa cəhd olduğu ortaya çıxdı. Bunu sübut etmək üçün hansısa formada analitik təhlillər aparmağa ehtiyac yoxdur. İndiki şəraitdə, xüsusilə Azərbaycan üçün mühüm olan bir mərhələdə ölkədə hər hansı bir aksiyanın keçirilməsini əsaslandran amillər yoxdur. Bu gün Azərbaycanda ciddi islahatlar aparılır, ölkənin məhz Dağlıq Qarabağ problemi müstəvisində beynəlxalq mövqeləri kifayət qədər möhkəmləndirilir, ölkənin bu məsələdə mövqeyi birmənalı və qətidir. Azərbaycan hər gün özünün hərbi gücünü, potensialını gücləndirir, danışıqlar prosesi davam edir. Bu prosesdə Azərbaycanın mövqeyinin ATƏT və ATƏT-in Minsk qrupu ölkələri tərəfindən dəstəklənməsi istiqamətində də müəyyən işartıların şahidi olmuruq. Belə olduğu təqdirdə, məhz indi, belə bir aksiyanın danışıqlar prosesinin dondurulduğu Sarkisyan dövründə deyil, məhz indi ortaya çıxması sözün doğrusu maraq doğurur".

E.Mirzəbəyli vurğuladı ki, bu cür aksiyalar zamanı təşkilatçılar həmçinin mahiyətdən xeyli uzaqlaşaraq, şəxsi ambisiyalarını həyata keçirirlər:

"Düşünmürəm ki, Qarabağ Komitəsi adlı quruma daxil olan bəzi şəxslərin məqsədi həqiqətən də diqqəti Dağlıq Qarabağ münaqişəsinə cəlb etməkdən ibarətdir. Cüzi istisnalar olmaq şərtilə böyük əksəriyyətinin Dağlıq Qarabağ müstəvisində özlərinə siyasi karyera qurmaq və yenidən gündəmə gəlmək istəmələri göz qabağındadır. Çünki onların keçirdiyi aksiyalarda Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan deyil, adətən Azərbaycan hədəfə çevrilir. Bu aksiyalarda özlərinin absurd siyasi iddialarını ortaya qoymağa çalışırlar".

"Digər tərəfdən, bu şəxslərin böyük əksəriyyəti vaxtilə Dağlıq Qarabağ məsələsində olduqca uğursuz siyasət yürütmüş bir cameənin parçaları, hissələridir. Bu gün onların ümumiyyətlə Qarabağ barədə hər hansı formada danışmağa və iddialar ortaya qoymağa haqları yoxdur" - deyə, ekspert əlavə etdi.

Elgün
AzNews.az