ADMİU-da Elmi Şuranın iclası keçirilib - FOTO

13 Fevral 2019 16:42 (UTC+04:00)

Yanvar ayının 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının 2019-cu ildə birinci iclası keçirilib.

AzNews.az-ın məlumatına görə, iclası açıq elan edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günlərdə yubileyi olan Musiqili teatr aktyoru kafedrasının müdiri, Xalq artisti, professor İlham Namiq Kamalı, Səhnə danışığı kafedrasının müdiri, Əməkdar artist, dosent Azad Şükürovu və elmi katib, dosent Fatimat Məmmədovanı təbrik edib.

Rektor qeyd edib ki, 2019-cu il yeni başlasa da, artıq universitetimizin professor-müəllim heyəti və tələbələri çox böyük uğurlara imza atıb. Ceyran Mahmudova 2 fevral Azərbaycan Gəncləri Günü münaisbəti ilə dövlət başçısı tərəfindən Gənclər üçün Prezident Mükafatına layiq görülən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin magistr tələbəsi Masər Həsənovu təbrik edib və vurğulayıb ki, Azərbaycanda mədəniyyətə, o cümlədən gənclərə dövlət qayğısının nümunəsi olan bu xoş hadisə Universitetimiz üçün böyük fəxrdir.

Rektor, Dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizin yanvarın 15-də baş tutan “Maestro and Artists” adlı sərgisi haqqında məlumat verib. O, qeyd edib ki, sərgidə Arif Əzizin və 100-ə yaxın tələbəsinin əsərləri nümayiş olunub və böyük tamaşaçı auditoriyasının diqqətini cəlb edib.

Universitetin professor-müəllim heyətinin qazandığı uğurlardan danışan natiq qeyd edib ki, 30 yanvar tarixində Kino-televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyevin rejissoru olduğu “Çövkən” filmi I İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı çərçivəsində “Ən yaxşı Azərbaycan sənədli filmi” nominasiyası üzrə “Zoroaster award” mükafatına layiq görülüb. Bu vaxta qədər “Çövkən” filmi İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən keçirilən IX Milan Beynəlxalq Film Festivalında və Serbiyanın Zilatibor şəhərində keçirilən Beynəlxalq İdman Filmləri festivalında “Ən yaxşı sənədli film” mükafatını qazanan “Çövkən” filminin növbəti mükafatını qazanması münasibəti ilə professor Rafiq Quliyevi təbrik edən rektor sənətkara daha böyük yaradıcılıq uğurları arzulayıb.

Sonra iclas Elmi Şuranın gündəliyinə uyğun məsələlərin müzakirəsi ilə davam edib. İclasda 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları, yaz semestrinə hazırlığın vəziyyəti və qarşıda duran məsələlər, doktoranturada təhsilin vəziyyəti, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil müddəti 1,5 il olan magistrlərin müdafiəsinin nəticələri, o cümlədən bir sıra cari məsələlər müzakirə olunub.

AzNews.az