56 şəhər və rayonda əmək yarmarkası yaradılacaq

13 Fevral 2019 17:44 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu il üçün ölkəmizin şəhər və rayonlarında əmək yarmarkalarının təşkili üçün yerli icra hakimiyyətləri və işəgötürənlərlə əməkdaşlıq şəraitində hazırlıq işlərinə başlanıb. Yarmarkaların bu il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur.

AzNews.az xəbər verir ki, əmək yarmarkaları zamanı idarə, müəssisə və təşkilatlarda olan vakant iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq, onlara peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaqlar.

Həmçinin xidmət tərəfindən cari ildə 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılıb. Bu tədbirlər tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazandırır.

Səidə Nurməmmədli
AzNews.az