Prezidentin Mirşahinlə söhbətində EDHOKRATİK MODELİN açılan şifrələri

13 Fevral 2019 17:50 (UTC+04:00)

Azərbaycan jurnalistikasının yaşayan əfsanəsi Mirşahinin Real TV üçün dövlət başçısı İlham Əliyevdən götürdüyü müsahibə dünən axşam yayımlandı.

Bu barədə anonslardan xəbər tutan hər kəs dəqiqəbədəqiqə saatların əqrəbini sayır, səbirsizliklə söhbətin efir vaxtını gözləyirdi.

Hər kəs fərqində idi ki, bu, dövlət başçısının yeni yaranmış, bir teleşirkət kimi hələ tam formalaşmamış və formalaşması, mütəhhərik reportyor komandası, çeşidli layihələri ilə xəbər məkanında, məsələn, Türkiyədəki NTV sayaq bir yayımçıya çevrilməsi üçün müəyyən zamana ehtiyac duyan Real TV-yə yox, daha çox, bəlkə də “məhz” deyə biləcəyimiz şəkildə Mirşahinə verdiyi intervyü idi.

Odur ki, Mirşahinin İlham Əliyevə verəcəyi suallar, sualların necə strukturlaşdırılması və sıralandırılması media cameəsində ciddi maraq doğururdu.

Nəhayət, doqquz tamam oldu. Azərbaycan prezidenti və Mirşahin üzbəüz əyləşdi.

Əgər məsələyə sırf jurnalistika rakursundan yanaşsaq, mənim fikrimcə, Mirşahin öz yüksək peşəkarlığını bir daha sərgilədi.

Jurnalistikada intervyünün bir informasiyalaşdırma metodu və özündə çoxsaylı komponentləri birləşdirən xüsusi “daxili janr” kimi məziyyətlərindən bəhs edib vaxtınızı almaq istəmirəm. Bu barədə xüsusi maraqlananlara S.N. İlçenkonun “Jurnalistikada müsahibə - bu necə gerçəkləşdirilir?” adlı Sankt Peterburqda çapdan çıxmış dərsliyi oxumağı tövsiyə edirəm. Elə həmin dərslikdə yazılanlara görə, müsahibənin bir növü də PROTOKOL İNTERVYÜsüdür. Bu qəbildən olan söhbəti jurnalist rəsmi qurum və şəxslərin, indiki halda ölkə rəhbərinin qərar və baxışları barədə tamaşaçıları məlumatlandırmaq üçün aparır. Əgər dünənki söhbət, məsələn, PORTRET-MÜSAHİBƏ formatına uyğun aparılsaydı, o zaman suallar da, cavablar da xeyli fərqli məzmunda olacaqdı. Odur ki, istənilən müsahibəyə ancaq bir “diskussiya” olaraq yanaşanların Mirşahinə iradları tamamilə yersiz, mənasız, heç kim inciməsin, diletantlıq və professional tələblərdən xəbərsizlikdir.



Prezident İlham Əliyev cavablarına gəlincə, hər şeydən əvvəl, ilkin və ümumi təəssüratlarımı bölüşmək istəyirəm:

1. Dövlət başçısı kifayət qədər inamlı və qətiyyətli idi, düşünülmüş və ardıcıl siyasət yürütdüyünü bir daha nümayiş etdirdi;

2. Ölkə daxilində və xaricində baş verənlər barədə kifayət qədər məlumatlı, tədbirli və bir neçə ehtiyat plana malik “oyunqurucu lider” kimi görsənirdi;

3. Prezident xalqa güvənir və xalqın da ona güvəndiyini bilərək, gələcək barədə düşüncələrində milli maraqlara əsaslandığını şəstlə ifadə edirdi.

Prezident İlham Əliyevin müsahibədə verdiyi mesajların hər biri özü-özlüyündə Azərbaycanın inkişaf xəritəsinin konturları olduğundan, geniş təhlil tələb edir. Əlbəttə, bu təhlillər aparılacaq, İlham Əliyevin gerçəkləşdirdiyi tərəqqi modelinin xüsusiyyətləri, islahalatların effektivliyini təmin edən amillər və üzləşə biləcəyi maneələr zaman-zaman müzakirə olunacaq. Ancaq prezidentin bu müsahibəsi hər şeydən öncə, Azərbaycanda dövlət strukturlarının mobilləşməsinə, iqtisadi azadlıqların genişlənməsinə, sosial müdafiənin güclənməsinə yönəlmiş, kəsə desək, mərkəzində vətəndaşın hüquq və maraqları dayanmış çoxşaxəli islahatların aparıldığı yeni dövr üçün İlham Əliyevin təqdim etdiyi hakimiyyət modelinin adını dəqiqləşdirmək imkanı yaratdı.

Bəli, İlham Əliyev Azərbaycana dünyanın ən inkişaf etmiş ölkələrində belə nadir rast gəlinən bir idarəçilik modeli- edhokratiya təklif edir.

Edhokratiya nədir? - deyə, soruşmaqda haqlısınız.

Bu termin latınca “ad hoc” (“məqsəd”) kəliməsindən törəyib. 1968-ci ildə liderlik institutu ilə bağlı araşdırmaları ilə tanınan Uarren Bennisin elmi leksikona daxil etdiyi bu məfhuma amerikan futurolist və sosioloq Elvin Toffler tərəfindən məşhurluq qazandırıldı. Qısaca izah etsək, edhokratiya hakimiyyətin bürokratik institutlaşmasına zidd olan bir idarəçilik modeli olmaqla, hər kəsin dövlətin və cəmiyyətin inkişafında davamlı və fəal iştirakçılığına yol açır.

Liderlər həm dövlət, həm də siyasi təşkilatlardakı bürokratiyanı, yumşaq desək, rəncidə etməmək üçün, adətən, edhokratik üsul-idarəyə meyil etmirlər. Odur ki, İlham Əliyevin bu modelə üstünlük verməsi, ilk növbədə onun bir lider kimi özünə inamının və yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayıldığı tarixi şəraitdə zamanın çağırışlarına çevik reaksiya verməsinin göstəricisi sayılmalıdır.

Edhokratik idarəçilik modelini incələyən sosioloq və siyasətşünaslar hesab edirlər ki, bu cür strukturlaşmada nüfuz xarizma ilə əldə edilir və ondan cəmiyyətin, təşkilatın dəyərləri, ehtiyacları diqqətdə saxlanılaraq istifadə edilir. Liderlər yaradıcı (“kreativ”) və cəsurdur, ehtiyac duyulduğu zaman risklərdən çəkinmir, təşkilatını (indiki halda dövləti) daima ön sıralara çıxarmağa çalışır. Təşkilat (indiki halda dövlət) xidmət sahələrini genişləndirmək və yeni qaynaqlar formalaşdırmaq əzmindədir. Komandadaxili bağları empirik və yenilikçi dəyərlər ərsəyə gətirir, ümumi mədəniyyətin əsasında təşəbbüskarlıq dayanır. Edhokratiya yüksək savad və yüksək motivasiya tələb edən bir idarəçilik modelidir. Bu modelin tətbiqi Azərbaycanda bütün sosial, siyasi və mədəni münasibətlər sistemini kökündən dəyişəcək, təkcə yeni məmur yox, həm də yeni vətəndaş tipləri üzə çıxaracaq.

Taleh Şahsuvarlı,
AzNews.az xəbər portalının Baş redaktoru