MMC-nin 20 min manatını aparmaq istədi, yaxalandı

14 Fevral 2019 10:51 (UTC+04:00)

Bakıda şirkət əməkdaşına 14 bıçaq zərbəsi vuraraq pulunu aparmağa cəhddə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, ötən il aprelin 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə rayon ərazisindəki Naxçıvani küçəsindəki 15 saylı binanın yaxınlığında naməlum şəxs "ZD Travel" turizm firmasının əməkdaşı, 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğluna bıçaqla xəsarətlər yetirərək cəmiyyətə məxsus 20.000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub.

Belə ki, pul vəsaitlərinin qorunmasına məsul olan Namazov hər gün axşam saat 8 radələrində əlində pul çantası ilə işdən çıxırmış. Bu dəfə də çantada Namazovun adətən baş ofisə apardığı pullar varmış. Həmin gün çantada 20 min manat pul olub.

Namazov işdən çıxıb və bir neçə addım atandan sonra ona sifətini "kapişonla" örtən şəxs hücum edib. Quldur Namazovun əlindən çantanı almaq istəsə də, turizm firmasının əməkdaşı ona müqavimət göstərib. Hətta çoxsaylı bıçaq yaraları belə Namazovu pul çantasından əl çəkməyə təhrik edə bilməyib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turan Kubuşov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı T.Namazova 14 bıçaq zərbəsi vurulub.

Azər
AzNews.az