Şərqin ilk televiziyası...

14 Fevral 2019 11:12 (UTC+04:00)

Şərqdə ilk televiziya 1956-cı ilin 14 fevral tarixində Azərbaycanda fəaliyyətə başlayıb.

Həmin gün Bakı televiziya studiyası yayıma start verib.

Bakı studiyası əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırılıb.

2005-cı ilin yanvarından AzTV 24 saatlıq fasiləsiz yayıma keçib.

Ötən 63 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsi ilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin ölkə ərazisində fəaliyyət göstərən 123 radio-televiziya yayım stansiyasında istismar olunan 102 rəqəmli TV vericisi vasitəsi televiziya yayım təmin olunur.

Ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi televiziya yayımı ilə əhatə olunub.(teleqraf.com)

AzNews.az