Dövlətə vurduğu 168 min manat ziyanı ödədi, azadlıqda qaldı

14 Fevral 2019 11:40 (UTC+04:00)

Mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ş.Tağıyevə şərti cəza verilib.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı yoxlamalar zamanı Qəbələ Telekommunikasiya Qovşağında pozuntular ortaya çıxıb.

Rəsmi ittihama görə, qovşağın rəisi Ş.Tağıyevin 168 min manat mənimsədiyi məlum olub. Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə məlum olub ki, Ş.Tağıyev dəymiş zərəri ödəyib.

Azər
AzNews.az