Ekstremal şəraitdə sürmə təlimi keçəcəklər

14 Fevral 2019 13:41 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) məxsus Azərbaycanın ilk “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinin təşkilinə start verib.

AzNews.az NRYT nazirliyinə istinadən xəbər verir ki, təlim layihəsinin açılış mərasimində beynəlxalq təcrübə mübadiləsi çərçivəsində Türkiyə Sürmə Akademiyasının icraçı direktoru, qabaqcıl mütəxəssis, fəxri nəqliyyat müfəttişi Çətin Böyükçınar və akademiyanın peşəkar təlimçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Aydın Ağayev mərkəzdə Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasından irəli gələn tələblər əsasında müxtəlif layihələrin, peşəkar heyətin iştirakı ilə təlimlərin daha da genişləndiriləcəyindən bəhs edib.

Tədbirdə çıxış edən Çətin Böyükçınar bildirib ki, sürmə texnikasına mükəmməl yiyələnmək, ən ekstremal şəraitlərdə sükanı idarəetmə vərdişlərinin formalaşdırılması sürücünü də, digər yol iştirakçılarını da qəzalardan maksimum qorumağa xidmət edir. Xüsusilə ictimai nəqliyyatı idarə edən sürücülərin ekstremal vəziyyətlərə hakim olması sərnişin həyatı üçün çox önəmlidir.

Qeyd edək ki, dərslərə 19 yaşdan yuxarı sürücülər dəvət edilir. Mərkəzdə sürmə təlimi driftket avadanlığı qoşulmuş avtonəqliyyat vasitələri ilə “Ekstremal şəraitdə sürmə təliminin keçirilməsinə dair hazırlığın plan və proqramı” əsasında nəzəri və praktik dərsləri əhatə edəcək.
Müvafiq proqram üzrə kursu bitirən müdavimlərə sertifikatlar təqdim ediləcək.

Səidə Nurməmmədli
AzNews.az