Ərdoğan Rusiyaya getdi - Putin və Ruhani ilə görüşəcək

14 Fevral 2019 13:06 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedib.

AzNews.az xəbər verir ki, Ərdoğanın özəl "CAN" təyyarəsi Rusiyanın Soçi şəhərində eniş edib.

Suriyanın müzakirə olunacağı 4-cü Zirvə Toplantısında iştirak etmək üçün gedən Ərdoğanı Ankara valisi Vasip Şahin və digərləri yola salıb.

Onunla bərabər həyat yoldaşı Əminə Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, prezident aparatının rəsmisi İbrahim Kalın və digərləri Soçiyə yola düşüb.

Ərdoğanı Soçi Beynəlxalq hava limanında Soçi Bələdiyyə sədri Anatoli Pokomov, Dövlət Protokol direktoru İqor Boqdanov, Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar, Türkiyənin Novorossiysk şəhərindəki baş konsulu Yunus Emre Öziğci və digər məmurlar qarşılayıb.

Ərdoğan Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə və İran prezidenti Həsən Ruhani ilə bir araya gələcək

Pərvanə Ağazadə

AzNews.az