Türkiyə XİN İrandakı terror aktını pislədi

14 Fevral 2019 13:03 (UTC+04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi İranda çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı bəyanat yayıb.

Türkiyə XİN-in saytı xəbər verir ki, rəsmi Ankara İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib.

Bəyanatda deyilir: “Biz İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan bölgəsində əsgərləri daşıyan avtobusa terror hücumu nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması xəbərini böyük kədər hissi ilə qarşıladıq. Bu mənfur terror aktını qətiyyətlə pisləyirik. Allahdan həyatını itirənlərə rəhmət diləyir və yaralıların tezliklə sağalmasını arzulayırıq. İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.

Son məlumatlara görə, İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusa bombalı hücum nəticəsində 41 nəfər həlak olub.(AZƏRTAC)

AzNews.az