Azərbaycanla Meksika arasında turizm əməkdaşlığı müzakirə olunub

14 Fevral 2019 15:31 (UTC+04:00)

Dövlət Turizm Agentliyinin Meksikada keçirilən beynəlxalq tədbirlər haqqında məlumatlandırılması, Azərbaycan turizm şirkətlərinin həmin tədbirlərə cəlb edilməsi məsələsi fevral ayının 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores arasında görüş çərçivəsində razılaşdırılıb.

AzNews.az xəbər verir ki, görüşdə cənab səfir tərəfindən Meksikanın turizm potensialı və Meksikada geniş yayılmış tematik turizm üzrə mövcud təcrübə barəsində məlumat verilib. Ölkələrarası nəqliyyat əlaqələrinin turistlər üçün asanlaşdırılması məqsədilə cari ilin avqust ayından etibarən Türk Hava Yolları vasitəsilə həyata keçiriləcək İstanbul-Mexico-Kankun-İstanbul uçuşlarından istifadə edilməsi təklif olunub.

Səidə Nurməmmədli
AzNews.az