"Reketçiliklə ciddi mübarizə aparılmalıdır"

15 Fevral 2019 16:25 (UTC+04:00)

"Təəssüf ki, bu gün mediadan sui-istifadə edən, dələduzluq və şantaj yolu ilə böyük miqdarda pul əldə edən insanlar var. Bəzən jurnalistikaya aid olmayan şəxslər, bloggerlər özlərini jurnalist kimi təqdim edirlər və s. Belə hallar var. Bunlara qarşı mübarizəni çətinləşdirən əsas amillərdən biri də odur ki, onlar kimlərsə tərəfindən himayə olunurlar".

Bunu AzNews.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov reketçilik fəaliyyətinə görə həbs olunan İkram Rəhimov barədə danışarkən deyib. Onun sözlərinə görə, İkram məsələsi bizdə nə birinci, nə də axırıncı haldır:

"Bu gün elə bir dövr gəlib çıxıb ki, artıq hər hansı bir kütləvi informasiya vasitəsini qeydiyyatdan keçirməyə ehtiyac yoxdur, internet üzərindən istənilən adam sayt aça bilir və bunun üzərindən şantaj yolu ilə insanları təhdid edir. Bəzi vəzifəli və ya iş adamları onlara baş qoşmamaq üçün müəyyən güzəştlərə gedirlər, onların tələblərini qismən yerinə yetirirlər. Bu da reketləri bir növ qanadlandırır, reketçiliyi stimullaşdırır. Bu cür hallara qarşı çox ciddi mübarizə aparılmalıdır".

Ekspert bildirdi ki, reketçilik təkcə Azərbaycan üçün xarakterik deyil, bütün dünyada geniş yayılıb. Dünyaca tanınan nüfuzlu qəzetlər, media vasitələri var ki, onlar hətta dövlətləri şantaj edirlər, nəinki ayrı-ayrı şirlkətləri, sahibkarları və s. Eyni zamanda, beynəlxalq qeyri-hökumət təşkilatları var ki, bəzi dövlətlərin əlində alətdir. Yəni əslində, bu, qlobal bir problemə çevrilib.

Qeyd edək ki, “Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Elgün
AzNews.az