- Əslində, qarşımıza qoyduğumuz məqsədlərdən daha çox nailiyyət əldə etmişik. Türkdilli dövlətlərin içərisində Azərbaycanla işləməyə daha çox üstünlük verirəm. Hətta qeyd edim ki, rəsmi işlər bitəndən sonra Xəzər FM Türk Dünyası Araşdırmalar Mərkəzi olacağıq. Türk dünyası ilə ortaq işlər görmək istəyirik. 2007-ci ildən bəri Azərbaycan diasporu ilə çalışırdım və o dönəmlər "Qarabağ” qəzeti çıxarırdım. Bu qəzetdə Xocalı faciəsi, 20 Yanvar, 31 Mart soyqırımı kimi Azərbaycanın başına gətirilən dəhşətli hadisələri təqdim edirdik. Bu yaxınlarda 1990-cı ildə sovet ordusunun 20 Yanvar günü Bakıda qətlə yetirdiyi və tarixə "Qanlı Yanvar” olaraq yazılan 20 Yanvar şəhidlərini yad etdik - "Qanla yazılan azadlıq: 20 Yanvar Bakı Qətliamı” mövzusunda konfrans keçirdik.
Bu mərkəzi yaratmaqda əsas məqsədimiz Türk dünyasının, qardaş dövlətlərin mədəni əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Bir-birimizin mədəniyyətini, dilini, tariximizi daha yaxşı bilək deyə, belə bir yola çıxmışıq. Misal üçün, Novruz bayramı bizdə Osmanlıdan bəri unudulan bayramdır. Biz 6 ildir ki, Novruz bayramını türk dünyasında tarixdə, yəni əvvəllər keçirdiyimiz şəkildə qeyd edirik. Hədəfimiz bizi bizə tanıtmaqdır!
- "Qarabağ” qəzetini nə vaxtdan dərc edirdiniz və burada nələr əks olunurdu?
- Bu layihəyə 2008-ci ildə başladıq. Təəssüf hissi ilə deyim ki, bunu uzun müddət davam etdirə bilmədik. Qısa müddət də olsa Qarabağda baş verən hadisələri orada əks etdirdik. Azərbaycanın qədim tarixini, bu torpaqların həqiqətən Azərbaycana məxsus olmasını göstərməyə çalışdıq və tarixi faktlarla çıxış etdik. Çox gözəl layihə idi.
- Nuran xanım, bəzən Türkiyə televiziyalarında Azərbaycan mahnıları anonim şəkildə təqdim olunur. Bununla bağlı qəti addımların atılması da vacib amillərdəndir.
- Bu məsələ ilə bağlı biz də çalışırıq. Tanınmış şairə və yazıçı Sona xanım Vəliyeva ilə bir görüşümüz olmuşdu. Belə ki, TRT kanalında 200-ə yaxın Azərbaycan xalq mahnılarının arxivi var. Oradakı rəhbərlərdən xahiş etdik, bizə həmin arxivi göndərdilər. Arxivdəki mahnılarda, sadəcə ifaçının və mahnının adı var. Ancaq onların kimə məxsus olduğu, söz və bəstəkarlarının kimliyi bəlli deyil. Bizə bəlli olmayan həmin mahnıları Sona xanıma göndərdik. Onlar müəllifləri tapmaqda və arxivdə olan sözlərdə hər hansı səhv olub-olmadığını müəyyənləşdirməkdə bizə kömək edəcəklər. Azərbaycan və Türkiyə ortaq proqramlarında ifaçılar bu mahnılarla çıxış edəcəklər.
- Belə hallarla az qarşılaşmamışıq. Bunu qardaş Türkiyədə gördükdə isə, daha çox məyus oluruq.
- 2008-ci ildə bir Azərbaycan mahnısının altında erməni bəstəkarının adı yazılmışdı. Bir neçə Azərbaycan mahnısının altından onlar öz bəstəkarlarının adlarını yazmağa başlamışdılar. Əgər biz bu layihəni həyata keçirə bilsək, bu kimi hallar bir daha yaşanmayacaq.
- Sizdə Azərbaycana olan sevgi haradan qaynaqlanır?
- Qarslıyam, sovetlər dövründə biz azərbaycanlılarla görüşə bilmirdik. Oradan qaçaq yolla bizə Azərbaycanın klassik əsərləri gəlirdi və biz onlara baxaraq böyümüşük. Atam böyük Azərbaycan sevdalısıydı. Qars mənim dədələrimin torpağıdır. Arazın, Arpaçayın qarşısı Azərbaycandır və onlar da bizdən biridir. Sovetlər dövründə biz Azərbaycandakı qardaş-bacımızla görüşə bilmirdik. Sonra Qarabağ və Xocalı hadisələri yaşandı. Artıq bu, həsrətdən daha böyük məsələyə - milli davaya çevrildi. Azərbaycana qarşı olan haqsızlıqlar istər-istəməz bizə də təsir etdi və bu davanın müdafiəsinə qalxdıq. Azərbaycanla bağlı həyata keçirdiyimiz bütün tədbirlərin sonunda eyni ifadəni səsləndirirəm: "İnşallah, bu layihələri Qarabağda keçirmək diləyi ilə”. Buna ümidlərimiz böyükdür.
- Siz öz fəaliyyətinizlə Türkiyə ilə Azərbaycan arasında, bir növ mədəniyyət körpüsü rolunu oynayırsınız.
- Elədir. Biz qardaş ölkələrik. Qarabağ hadisələri bizim də dərdimizdir. İnsanlar öz qardaşının dərd-sərini dinləyir, kaş olmayaydı deyir və hər şey unudulur. İnsanların mədəniyyətə marağı faciələrdən daha çoxdur. Kiminsə başına gələn faciəyə qulaq asmaqdansa, mədəniyyətini, musiqisini, rəqsini izləməyə üstünlük verirlər. Azərbaycanın hər hansı bir bölgəsində çəkiliş edəndə, bir nənənin Türkiyə vətəndaşına "sənə qurban olum” deməsindəki o səmimiyyəti, o sevgini, o istiliyi çatdırmağa çalışırıq. Belə olan halda, biz daha yaxın olmağa başlayırıq.
- Fevralın 26-da Xocalı faciəsinin 27-ci ili tamam olacaq. Bununla bağlı hər hansı tədbir həyata keçirəcəksinizmi?
- Əslində, Xocalı faciəsi ilə bağlı konfrans keçirəcəkdik. Eyni tarixlərdə bir çox konfranslar olduğu üçün insanların pərakəndə olacaqlarını düşündüm. Həmin ərəfədə Xocalı yürüşünə qatılacağıq, faciə ilə bağlı keçirilən konfranslarda iştirak edəcəyik. Azərbaycan xalqının başına gətirilən bu faciə ilə bağlı bir universitetə müraciət etmişik, onlardan xəbər gözləyirik. Universitet tələbələri arasında Xocalı ilə bağlı rəsm müsabiqəsi təşkil etmək, onları mükafatlandırmaq istəyirik. Əsas məqsəd universitet gənclərinin bu mövzu ilə maraqlanmalarını təşkil etməkdir. Əgər bir müsabiqəyə qatılırsınızsa, o müsabiqənin şərtləri ilə maraqlanmalısınız. Nəticədə onlar Xocalı faciəsini araşdıracaq, bu hadisədən xəbərdar olacaqlar. Belə bir yarış keçirmək istəyirik. Çəkilən rəsmlərin isə sərgisini etmək niyyətindəyik.
- Uzun müddətdir ki, Xəzər Mərkəzi olaraq Azərbaycanın matəm günlərini, milli bayramlarını qeyd edirsiniz. Türk gəncliyi Azərbaycanın başına gətirilən bu hadisələrdən nə qədər xəbərdardır?
- Böyük bir kütlə xəbərdardır. Ancaq gənc nəsil o qədər də məlumatlı deyil. Gənc nəsil nəinki Qarabağ, bizim tariximiz barədə də kifayət qədər məlumatlı deyil. İnsanlar hadisələrdən xəbərdardır, ancaq xırdalığına qədər bilmirlər. Misal üçün, bilmirlər ki, hələ də Azərbaycanda döyüşlər davam edir. Zəhra kimi azyaşlı uşaqlar erməni güllələrinin qurbanı olur. Amma mitinqlərdə, tədbirdlərdə iştirak edənlər məlumatlı olurlar.
- Qarşıda hansı layihələr var?
- 2019-cu ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Nəsimi ili” elan edib. Təbii ki, bu illə bağlı bizim də görməli olduğumuz bir çox layihələr var. Ötən il Cümhuriyyətin 100 illiyi ilə bağlı bir çox layihələrə imza atdıq. Bu il də Nəsimi ilə əlaqədar qarşıya qoyduğumuz planlarımız var. Ötən ay Azərbaycanda Nəsimi ilə bağlı konsertə qatılmışdım. "Savalan” qrupu və digər iştirakçıların ifası məni valeh etdi. Təəssüf ki, həmin qrupun solisti Novruz Novruzov dünyasını dəyişdi. Onu biz də çox sevirdik. Növbəti aylarda "Savalan” qrupu, Nəzakət Teymurova və onun komandasının repertuarında Nəsiminin qəzəllərindən ibarət bir layihə həyata keçirmək istəyirik. Bu layihəni martda – Novruzda düşünürük. Gələcəkdə Nəsimi ilə bağlı başqa bir layihəmiz də olacaq. Biz buradan sənətçilərimizi aparıb Şəkidə və Bakıda görüşəcəyik. Davamlı olaraq, hər iki ölkədə konsertlər təşkil edəcəyik. Mədəniyyət mərkəzi layihəmiz var. Seçkilər olduğu üçün hələ ki bu iş yubanır. Hazırda layihənin ilkin görüşmələrini etmişik. Bundan başqa, Azərbaycanla bağlı jurnal da hazırlamaq istəyirik. Nəzərdə tutduğumuz layihələri həyata keçirdikdən sonra bununla bağlı da qəti addımlar atılacaq.
Xəyalə Rəis
Kaspi qəzeti