Xaçmazda məktəb parkını satanlardan şikayət olunacaq

22 Aprel 2013 14:22 (UTC+04:00)


Xaçmaz bələdiyyəsinin üzvü Turab Ələkbərov Rayon Təhsil Şöbəsinin müdiri, Rayon Torpaq şöbəsi və İcra Hakimiyyətinin qanunsuz davranışına qarşı çıxır. AzNews.az xəbər verir ki, buna Xaçmaz rayonun Heydər Əliyev prospektindəki 3 saylı tam orta məktəbin qarşısındakı kiçik parkın satılması səbəb olub.

Belə ki, şəhər bələdiyyəsinin üzvü Turab Ələkbərov şagirdlərin və valideynlərin istifadə etdikləri bu kiçik park sahəsinin satılmasının əleyhinə çıxaraq vaxtilə bələdiyyənin balansında olan ərazinin geri qaytarılması üçün qanun çərçivəsində mübarizəyə başlayıb. Onun sözlərinə görə, sözügedən ərazi 2011-ci ilə qədər ümumi istifadədə olan bələdiyyə torpağı olub. Sonradan məlum olub ki, burada hansısa obyekt tikilir. Obyekti isə həmin məktəbin direktoru olmuş, hazırda isə təhsil şöbəsinin müdiri işləyən Mədinə Nurməmmədova öz oğlu Samir Məstəliyevin adına sənədləşdirib. Bələdiyyə üzvü M.Nurməmmədovanın məktəb ərazisini hələ direktor olduğu vaxtdan satmağa başladığını söyləyib:

"Məktəb 50 ilə yaxındır ki, fəaliyyət göstərir. Qarşısındakı bu kiçik park həm məktəblilərin, həm də ümumi istifadə olunan torpaq sahələrinə aiddir. Kiçik bir park da olsa əhalinin istifadəsində idi. Mədinə Nurməmmədova özü vaxtilə həmin orta məktəbin direktoru idi. Elə həmin vaxt da məktəbin idman meydançası da daxil olmaqla, eni 5-7, uzunu 100 metrədək olan ərazisini hissə-hissə satdı. İndi isə məktəbin giriş hissəsini özününküləşdirir. O ərazidə obyekt tikilsə, məktəbə getmək üçün kiçik bir dəhliz qalacaq. Təqribən 4-5 il əvvəl bu kiçik parkın ərazisini başqası almaq istəyəndə Mədinə xanım etiraz etdi ki, ordan şagirdlər, valideynlər istifadə edir, satıla bilməz. İndi isə özü valideynlərin işini çətinləşdirir. Belə ki, kiçik yaşlı uşaqlarını məktəbə gətirən valideynlər onları gözləmək üçün yer tapmayacaqlar".

Təhsil şöbəsinin müdirinin parkın ərazisini aldığına dair sənədlərin tarixini saxtalaşdırdığını iddia edən Turab Ələkbərovun sözlərinə görə, ərazinin satışından həm İcra Hakimiyyətinin, həm də Torpaq şöbəsinin xəbəri var:

"Rayon təhsil şöbəsinin müdirəsi bu parkı qanunsuz yolla əldə edib. Torpaq Məcəlləsində xüsusi maddə var ki, ümumi istifadədə olan torpaq sahələri fərdi qaydada fiziki şəxslərə satıla bilməz. Bu maddə barədə İcra Hakimiyyətində də, Torpaq şöbəsində də xəbərdardırlar. Ancaq onların köməyi ilə Mədinə Nurməmmədova bu torpağı əldə edərək, oğlunun adına sənədləşdirib. Hamısına demişəm ki, heç olmasa, küçənin adına hörmət etsinlər. Heydər Əliyev prospektində kiçik də olsa, yaşıl ərazi saxlasınlar. Hər yeri daşa-divara çevirməyə nə ehtiyac var. Bina tikməyə yer yoxdur?".

Bələdiyyə nümçayəndəsi 1 obyektin tikilişi üçün burada 30-40 ağacın kəsiləcəyini, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etdiyini vurğulayıb. Yaxın vaxtlarda isə yeni təhsil nazirinə müraciət edəcək: "Mədinə xanımın həyat yoldaşı da texniki peşə liseyinin ərazisini satışa çıxarıb. Onların bu qanunsuz fəaliyyəti barədə yeni təhsil nazirinə müraciət etməyi düşünürəm. Nəticə olmasa, məhkəməyə verəcəm".

Ruhiyyə
AzNews.az