Yaponiya tarixində bir ilk yaşana bilər

22 Fevral 2019 16:13 (UTC+04:00)

Yaponiyanın böyüklüyünə görə üçüncü şəhəri sayılan Osakanın meri Formula 1 küçə yarışının burada keçirilməsini istəyir. Merin planına əsasən, “Kral yürüşləri”nin mərhələsi 2025-ci ildə Dünya Sərgisinin keçiriləcəyi yerdə - süni yaradılacaq adada təşkil olunmalıdır.

“RaceFans” saytı xəbər verir ki, şəhər meri Xirofumi Yosimura mətbuat konfransında Osaka Qran-Prisinin Yumesima adasında keçirilməsini çox arzu etdiyini bildirib.

X.Yosimura adada kazinonun da daxil edildiyi əyləncə kompleksinin tikintisi layihəsinin kapital qoyuluşuna sponsorlar axtarır. Bu yürüş Formula 1-in Yaponiyada ilk küçə yürüşü ola bilər. Yaponiya Qran-Prisi hazırda Suzukada keçirilir. Burada 1987-ci ildən 30 mərhələ təşkil edilib.

Ötən il Suzuka Yaponiya Qran-Prisinin 2021-ci ilədək keçirilməsi barədə müqavilənin müddətini artırıb. Beş il bundan əvvəl Kamui Kobayasinin “Caterham”dakı dövründən indiyədək Formula 1 yürüşlərində bir yaponiyalı belə iştirak etməyib.

Dünya Sərgisi 1967-ci ildə Monrealda süni yaradılan Notr-Dam adasında keçirilib. Hazırda həmin adada Kanada Qran-Prisi təşkil edilir. Əbu-Dabi Qran-Prisi də, həmçinin süni yaradılan Yas adasında keçirilir.(AZƏRTAC)

AzNews.az