Paniranizm din və islahatçı qiyafəsində

22 Fevral 2019 19:55 (UTC+04:00)

1978-ci il 23 Bəhmən İnqilabını “İslam İnqilabı” kimi dəyərləndirən Tehran rejimi bu günlərdə olayın 40 illiyi münasibəti ilə törənlər keçirir. Ötən həftə Tehranda həyata keçirilən növbəti tədbirdə dünyanın bir sıra ölkələrindən xüsusi qonaqlar dəvət edilmiş və orada prezident Həsən Ruhani geniş məruzə ilə çıxış etmişdir. O, çıxışında “İslam İnqilabı”nın əzəmətindən danışaraq qeyd etmişdir ki: “Bu inqilab əslində bütün islam aləmində davam etdirilməlidir”.

Məruzənin bir hissəsi Cənubi Qafqaz və Azərbaycan Respublikasına ayrılmışdır. Həsən Ruhani açıq şəkildə qeyd edib ki: “Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar. 172 il əvvəl İranın şimal-qərbindəki torpaqlarının daha böyük bir hissəsi əldən gedib. 163 il əvvəl İranın şərqi ərazilərinin mühüm bir hissəsini, 138 il əvvəl şimal-şərqdəki ərazilərinin böyük bir hissəsini ələ keçiriblər.100 il əvvəl İranın cənubunun böyük bir hissəsini də ölkədən ayırıblar. Körfəzin cənubunda yerləşən həmin ərazilərdə hazırda bir neçə ölkə yaradılıb”

Tehran rejiminə xatırlatma

1950-ci illərdə hakimiyyətdə olan diktator Məhəmmədrza Pəhləvinin əmri ilə dünyanın nüfuzlu arxeoloqları, etnoqrafları, piktoqram üzrə mütəxəssislər və tarixçi alimləri ölkəyə dəvət edildilər. Hədəf indiki İran adlı ölkənin ən qədim çağlardan qədim fars-pəhləvi tarixini ortaya qoymaq idi. Bu məqsədlə Tehranda hətta “Bərrəsihayi tarixi” (Tarixi tədqiqlər) adlı elmi jurnal dərc olunaraq dünyanın hər yerinə yayılırdı. ABŞ-dan gəlmiş məşhur arxeoloqlar Hilen Kantur və Pinas Delokas kimi vicdanlı alimlər Ekbatan (Həmədan) və Həsənlu Təpə (Urmu) kurqanlarından üzə çıxarılan maddi-mədəniyyət abidələri ilə sübut etdilər ki: “İran yaylası ərazisində qədim sivilizasiya və tarix türklərə məxsusdur. Bu tarixin izi 7 min ildir”. Hər iki alimin tədiqatları silsilə şəklində elə həmin “Bərrasihayi tarixi”də 1961-ci ildə dərc olundu. Məhəmmədrza Pəhləvinin əsil məqsədi “iranilik” millətini yaratmaq idi. Paniranizm ideyası altında İran yaylasında yaşayan bütün xalqların əcdadlarının qədim fars-pəhləvilərdən ibarət olmasını rəsmiləşdirmək idi. Hilen Kantur və Pinas Delokasın isbat etdikləri gerçəklik diktator Məhəmmədrza Pəhləvinin bütün iddialarını puça çıxardı.

Əslində indiki İran yaylasındakı türk dövlətlərinin siyahısı belədir: Aratta dövləti (e.ə. III milliyin I yarısı, mərkəzi Urmu), Lulubi dövləti (e.ə. XXIII yüzil-e.ə. II minillik, mərkəz Urmu), Kuti dövləti (e.ə. III minilliyin əvvəlləri – e.ə. III minilliyin sonu), Turukki dövləti (e.ə. XX-e.ə. XI-X yüzilliklər), Manna dövləti (e.ə. IX yüzil – e.ə. 590-cı yüzil), İşquz dövləti (e.ə. VII-IV yüzilliklər), Maday dövləti (e.ə. 672 yüzil-e.ə. 550-ci il), Atropat dövləti (e.ə. 321-b.e. 227-ci illər, mərkəzi Qazaka), Qafqaz Alban dövləti (e.ə. IV yüzil-b.e. 705-ci il, mərkəzi öncə Qəbələ, sonra Bərdə), b.e.-nın 630-cu ilindən 869-cu ilə kimi xırda feodal dövlətləri kimi Girdman, Şəki, Xaçın, Şirvanşahlar, Dərbənd bölgələri mövcud olub. Bunun əsas səbəbi feodal qarşıdurmaları, ərəblərin islam dinini yaymaq üçün apardıqları işğalçı siyasətlər idi. 898-941-ci illərdə Sacilər dövləti (mərkəzi öncə Marağa, sonra Ərdəbil olmuşdur), 941-981-ci illərdə Salarlılar dövləti (mərkəzi Ərdəbil), 971-1088-ci illərdə Şədaddlılar dövləti (mərkəzi Gəncə), 981-1065-ci illərdə Rəvvadlılar dövləti (mərkəzi öncə Ərdəbil, sonra Təbriz olmuşdur), 987-1170-ci illərdə Sünik dövləti (mərkəzi Göyçə), 1038-1157-ci illərdə Böyük Səlcuqlu İmperiyası (mərkəzi Nişapur), 1108-1227-ci illərdə Ağsunqurlar dövləti (mərkəzi öncə Marağa, sonra Təbriz), 1136-1225-ci illərdə Atabəyləri dövləti (öncə mərkəzi Naxçıvan, sonra Təbriz və Həmədan), 1256-1335-ci illərdə Elxanlılar dövləti (mərkəzi Təbriz), 1335-1357-ci illərdə Çobanoğluları dövləti (mərkəzi Təbriz), 1375-1468-ci illərdə Qaraqoyunlu dövləti (mərkəzi Təbriz), 1378-1508-ci illərdə Ağqoyunlu dövləti (mərkəzi Təbriz), 1501-1722-ci illərdə Səfəvilər dövləti (mərkəzi Təbriz), 1736-1747-ci illərdə Əfşarlar dövləti (mərkəzi Məşhəd) və 1794-1925-ci illərdə Qacarlar dövləti (mərkəzi Tehran) mövcud olmuşdur. Bundan əlavə, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (mərkəzi Bakı) və 1920-ci ildə Azadistan dövləti (mərkəzi Təbriz), 1945-1946-cı ildə Azərbaycan Milli Hökuməti (mərkəzi Təbriz) dövlətləri mövcud olmuşdur. Beləliklə bəlli olur ki, Tehran rejimini idarə edənlər 1925-1978-ci illərdə hakimiyyətdə olan, ifrat dərəcədə Azərbaycan türklərinin varlığını inkar edən pəhləvilər xanədanlığının irəli sürdükləri konsepsiyanı müdafiə edirlər. Halbuki, indiki İran və Cənubi Qafqaz regionunda tarix boyu mövcud olmuş 25 Azərbaycan dövlətini görməzlikdən gəlmək ədalətsiz, antibəşəri bir mühakimədir. Farslara məxsus dövlət sistemi üç dəfə mövcud olub. Bu, e.ə. 550-330-cu illərdə Əhəmənilər, b.e.-nın 226-651-ci illərində Sasanilər, 1925-ci ildən indiyə kimi pəhləvilər və molla rejimi olmuşdur. Qeyd etmək gərəkdir ki, sasanilər və əhəmənilər dövlətləri heç də tam fars dövləti olmayıb. Hakimiyyətdə farslar təmsil olunsalar da, həmin dövlətlər əslində sülalə xarakteri daşımaqla yanaşı, uzlaşmış bir düzənlə feodal dövlətlərinin konsolidasiyası əsasında mövcud olubdur. Yəni türklərə məxsus dövlət sistemi və özünüidarə hüquqları yerində qalıbdır.

Nədən Cənubi Qafqaza və Azərbaycan dövlətinə qarşı iddialar sərgilənir?

İran xarici işlər nazirliyinə bağlı “Risalət” jurnalı (rüblük dərc olunur, İranın Qafqaz və Orta Asiya siyasəti barəsində elmi təhlillərə yer verilir) 1991-ci il sentyabr sayında belə qeyd edir: “Quruca Azərbaycan Respublikasının adı İran dövləti üçün hər zaman təhlükə mənbəyi olacaqdır”. Bir zamanlar İran xüsusi xidmət orqanının əməkdaşı olmuş Əlisğər Şeirdust adlı birisi “Cənubi Qafqazda İranın 15 şəhəri” proyekti əsasında serial sənədli filmlər çəkərək nəinki Tehranda, eləcə də bütün dünyada həmin ideyanı təbliğ etdi. Bu proyektdə Bakı, Naxçıvan, Şuşa, Gəncə, Beyləqan, Şəki, Lənkəran, Bərdə, Quba, İrəvan, Salyan, Tiflis, Dərbənd, Şamaxı və Ordubadı tarixi İran əraziləri kimi təlqin edilirdi.

40 ildir İranda hakimiyyətdə olan molla rejimi ölkə daxilində və eləcə də yaxın qonşuları olan dövlətlərdə “İslam İnqilabının ixracı” doktrinası siyasətini yürüdür. Beləliklə keçmiş sasanilər və əhəmənilər çağında olduğu kimi, “panfarsçı” düşüncə sistemini din pərdəsi altında həyata keçirməyi hədəf seçmişdir. Bunun üçün Tehran rejiminin iki strateji hədəfi mövcuddur:

1. Farsdilli dövlətlər,

2. Cəfəri-şiə inanclı ölkələr.

“Farsdilli ölkələr” dedikdə buraya Əfqanıstan, Tacikstan, İran, Şimali və Cənubi Osetiya, Pakistan, Hindistan və Banqladeş daxildir. Bu yöndə neçə illərdir təbliğatlar aparılsa da, heç bir nəticə əldə olunmur. Belə ki, Pakistanda urdu, Hindistanda 20 dil: hindi, benqal, teluqu, tamil, pəncabi, kannada, malayalam, qucarati, urdu, sanskrit, sindhi, ingilis və s. dilləri dövlət dilləri sayılır. Bu dillərin bəziləri fars dili ilə bənzərlik təşkil etsə də, hər hansı yaxınlıq yox dərəcəsindədir. Əfqanıstanın rəsmi dilləri olan puştu və dari dillərinin qismən fars dili ilə uyğunluğu olsa da, əhalinin çoxu sünni məzhəbinə görə İranı qəbul etmirlər.

Tehran rejimi Azərbaycan, İraq, Bəhreyn, Suriya, Küveyt, Oman, Sudan, Fələstin, Pakistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə “İran islam İnqilabı”nı cəfərilik zəminində mümkün qədər ixrac etmək hədəfini sərgiləyir. Məqsəd heç də bu ölkələrə nüfuz etmək deyil. Mümkün qədər Tehran rejiminin ideoloji baxımdan buxovuna çevirmək başlıca hədəf sayılır. Ölkəmizdə də dini baxımdan üstünlükləri ələ keçirmək üçün dəridən-qabıqdan çıxır, din pərdəsi altında çoxsaylı sosial strukturların yaradılmasına çalışır. Heç nədən çəkinmədən ölkə əhalisinə “Azərbaycan İranın tarixi ərazisidir” ideyasını təlqin etməkdən çəkinmir. Elə buna görə də adını “islahatçı” qoymuş Həsən Ruhani kimi birisi də bu ideyanı açıq şəkildə ifadə edə bilir. Bu ideyanı Tehrandakı qatı mühafizəkar çevrələr dilə gətirmiş olsaydılar, bundan heç də təəssüflənməyinə dəyməzdi. 80 milyonluq əhalisi olan İranda “islahatçı” şüarları ilə hakimiyyətə gəlmiş Həsən Ruhani də “paniranizm” və fars əlahiddəliyi xəstəliyinin daşıycıymış. Ona görə də hakimiyyətdə olduğu zaman ərzində ölkədə islahatlar, vəd edilən azadlıqlar təmin edilməyib. Deməli, belə çıxır ki, mühafizəkar çevrələrlə onun arasında hər hansı fərq yoxdur.

Ə. Yusifoğlu

AzNews.az