“Özümdən nağıl uydururam, sonunda düzgünlük qalib gəlir...” - Kamran Əsədov ilə “Bir hovur” söhbət

23 Fevral 2019 11:52 (UTC+04:00)

AzNews.az-ın “Bir hovur” layihəsinin bu həftəki müsahibi təhsil üzrə ekspert Kamran Əsədovdur.

- Yəqin ki, təhsildən kənar mövzularda müsahibələriniz az olur...

- Doğrudur, verdiyim müsahibələrin 99 faizi təhsilin bu və ya digər pillələri haqqında olur. Təhsildən kənar ya futbol haqqında müsahibə vermişəm, ya da bayramlar, əlamətdar günlər – hadisələr ilə bağlı. Qarışmadığım və qarışmayacağım mövzular isə dinlə, siyasətlə, iqtisadiyyatla bağlı olan mövzulardır. Baxmayaraq ki, Tarix fakültəsini bakalavr, magistr, doktorantura pillələri üzrə bitirmişəm, amma mübahisəli, konkret cavabı olmayan mövzulardan kənar dururam.

- Sosial şəbəkələrdə paylaşımlarınızdan hiss olunur ki, uşaqlarınızla vaxt keçirməyi sevirsiniz...

- Ən böyük arzum ilk övladımın qız olması olub. Xoşbəxtlikdən hər ikisi qız oldu. Böyüdüyüm mühütdə qız uşaqlarına münasibət fərqli olub. Söz vermişdim ki, onlarla dost, sirdaş olacağam. Mən onlarla ona görə vaxt keçiriəm ki, valideyinin anlamını başa düşsünlər. Onlarla bərabər kitab oxumaq, rəsm çəkmək çox maraqlı olur. Azyaşlı olduqları və dünyanı tanımadıqları, bilmədikləri üçün hər şey onlara maraqlı gəlir və demək olar ki, gördükləri, onlara maraqlı gələn hər şeydən sual verirlər. Hətta bəzən kiçik qızım İnci eyni sualı təkrar verir, və ya sırf sual vermək xətrinə sual verir.

Bilirsiz, son illər evliliklər, dünyaya uşaq gətirmək çox vaxt görüntü üçün olur. Bunu istəmək, planlamaq lazımdır. Bu istək uşağa qoyulan adla başlayır. Biz İlknurun adını müəyyən etmək üçün 9 ay müzakirə apardıq. Yüzdən çox ad arasından sonda bu adı seçdik. İnci adı isə mənim öz seçimim idi.

Qız uşaqları çox mükəmməldir. Onların saçını daramaq, dırnaqlarını tutmaq, çox əladır. Bir çox hallarda gecələr ya onlar mənim yanıma gəlir öz yerlərindən qaçıb yatmağa, yada mən gedirəm onların yanına.

Amma indiyə qədər olmayıb ki, gecələr mən onlara yatmadan öncə nağıl danışmayım, layla oxumayım. Artıq nağıllar bitib deyə, özümdən nağıllar uydurub danışıram. Amma hamısında sonda düzgünlük, dostluq qalib gəlir. Sarı gəlin bizim mahnımızdır. 7 ildir ki, birlikdə gecə yatmazdan əvvəl mən laylay kimi oxuyuram.

Onlarla birlikdə futbola baxırıq, bərabər izlədiyimiz kinolar var. Hətta futbol olanda gəlib məni çağırırlar ki, ata qol başlayıb gəl baxaq.

- Boş vaxtlarınızı dəyərləndirmək üçün məşğuliyyətiniz varmı? Hansı işlə məşğul olanda özünüzü dincəlmiş hiss edirsiniz?

- Ən nifrət etdiyim vaxt keçirmə üsulu yatmaqdır. Gecə saat 01:00-də yatıb 6:30-da oyanmağı vərdiş etmişəm. Yataraq keçən vaxtı itmiş, özürdən olmayan vaxt hesab edirəm.

Mənim vazkeçilməz hobbilərim var. Futbol, kitab oxumaq, birdə ov.

Amma ən çox özümü qızlarımla oynayanda dincəlmiş hiss edirəm. Evə gedəndə ikisi də qapının arxasından sevinclə səslənirlər. Onlar mənim üçün öz mətbəxlərində oyuncaq yemək bişirirlər, bəzən də plastilindən yemək hazırlayırlar və mən də xoşlarına gəlsin deyə, plastilindən olan yeməklərini dişləməli oluram. Sonra mən xəstə oluram, onlar oyuncaq həkim ləvazimatları ilə məni müayinə və müalicə edirlər.

Onlar üçün hər dəfə yeni bir şey edəndə çox rahat oluram. Tez-tez evdə onlar üçün kukla teatrları düzəldirəm. Kuklalardan onlara səhnəciklər düzəldirəm.

İşlər nə qədər çox, yorucu olsa da, onların yanında dinclik tapıram. Onların pambıq kimi əllərindən tutmaq, saçlarını qoxlamaq, bundan gözəl dinclik mənbəyi ola bilməz.

Hər bazar günü də uşaq əyləncə mərkəzlərində üçümüz gedib saatlarla əylənirik. Hətta bir çox uşaq oyunlarını da onlarla bərabər oynayıram.

Onlar mənim iki qanadımdır, onlar olmasa, nəinki uça, yaşaya bilmərəm.

- Abituriyent hazırlaşdırırsınız. Sizi “aldadan”, sınaq nəticəsini yanlış deyən abituriyentlərə qarşı hansı üsuldan istifadə edirsiniz, yoxsa bu, sizə bir o qədər də önəmli deyil?

- Təəssüf ki, ildən ilə abituriyentlərin bilik və bacarıqları azalır, çox zəifləyir. Əvvəllər orta məktəbdən gələn abituriyentlər heç olmasa nəsə bilirdi. İndi elementar dövlətlərin yaranmasını, hökmdarını hətta ən biabırçılığı hökmdarın kişi və ya qadın olmasını belə bilmirlər və onarın sayı çoxdur. Orta məktəb şagirdlərinin Azərbaycanın bölgələri, rayon və şəhərlərinin yerləşdiyi ərazi ilə bağlı məlıumatları çox azdır.

Onlar öyrənməyə də maraqlı deyillər. İstəkləri odur ki, elə edin ki, biz hər şeyi bilək, amma əziyyət çəkməyək.

Təəsüf ki, abituriyentlər arasında sınaq imtahanlarında nəticəsi barədə yalan məlumat verənlər var. Onlar imtahandan sonra sual kitabçasına evə gəlib kitaba baxıb əlavə doğru cavabları qeyd edirlər. Mən də yoxlayanda doğru cavabların sayını qeyd edirəm. Amma cavablar çıxanda məlum olur ki, həqiqi nəticələr azdır. Onların da cavabı bu olur ki, doğru cavabları cavab kartına köçürəndə sürüşmə etmişəm.

Bunun baş verməməsi üçün hər ayın sonunda tarix fənnindən hazırlıq keçdiyim abituriyentlərə DİM-in qəbul proqramı əsasında ancaq tarix fənnindən elə qəbul sualları sayında sınaq imtahanı keçirirəm. Cavab kartı da qəbul imtahanı formatında olur. Bu yolla abituriyentlərin aldatmsının qarşısını alıram və həqiqi nəticələri barədə valideyinlərinə məlumat verirəm.

Dərs prosesində isə bütün keçilən mövzulardan müxtəlif tipli testlər işləyirik ki, keçirilən mövzu daha yaxşı mənimsənilsin. İndi abituriyentlər üçün bütün şərait yaradılıb, mövzuları konsperk etmişəm, ancaq oxumaq lazımdır. Amma onlar bəzən heç test kitabçaları belə almaq istəmirlər.

Səhlənkarlıq, məsuliyyətsizlik son vaxtlar abituriyentlər arasında artıb. Buna da səbəb qəbul imtahanlarının keçid balının az olmasıdır. Çünki onlar fikirləşir ki, 200 bal toplasam, onsuz da qəbul olacam.

- Qarşıda hansı yenilikləriniz olacaq?

- Hazırda ölkənin ən yaxşı özəl liseyini yaradıram. Üzərində 3 illik işlədiyim layihə tamamlanıb. Çox həssaslıqla bunun üzərində işləmişəm. Ən incə detal üzərində günlərlə dayanmışam. Amma təəsüf ki, hələ də lisenziya alınması istiqamətində irəliləyiş yoxdur. Çox istəyirəm ki, ölkədə məktəbşünaslığa yeni bir nəfəs gətirim, fərqli bir məktəb formalaşdırım.

Bunu ardınca tam dünya standartlarına uyğun kollec və universitet yaratmağı hədəfləmişəm. Layihə hazırdır, ilkin qiymətləndirilmə olub. Amma hamısı liseyin fəaliyyətə başlamasından asılıdır. İndiyə qədər ölkədə dizaynı, infrastrukturu ilə tam şəkildə fərqlənən uşaq bağçası yaratmışam, lisenziyası var, hazırda liseyin fəaliyyətə başlamasını gözləyirəm, ardınca da kollec və universitet yaratmağı düşünürəm .

Üzərində işlədiyim digər layihə isə Azərbaycan universitetlərinin xarici ölkələrdə sərgisini keçirmək, ordan ölkəyə tələbə cəlbini həyata keçirməkdir.

İstəyirəm ki, ölkə təhsilinin bütün pillələrini əhatə edən, müasir standartlara cavab verən təhsil müəssisələri yaradım.

Bundan başqa hazırda orta məktəblər üçün tam fərqli tarix kitabları üzərində işləyirəm. Orta məktəblərin X siniflərində mənim həmmüəllif olduğum Azərbaycan tarixi və Ümumi tarix kitabları keçirilir. Amma mən indi bütün siniflərin əhatə edən dərsliklər üzərində işləyirəm. İstəyirəm ki, dərsliklər şəxsiyyət yetişdirsin, yorucu olmasın. Onu oxuyan tarix fənnini sevsin. Yoxsa ancaq xronologiya yazıb uşaqları bezdirməsin. Tarixdə o qədər maraqlı, ibrətamiz hadisələr baş verib, hər hökmdarın, dövlətin tarixində maraqlı hadisələr olub. Az fakta yer verib, bu tipli mövzularla daha yaxşı uşaqlara tarixi sevdirmək, öyrətmək olar.

Səidə Nurməmmədli
AzNews.az