“İlhamə xanımın qəbrinin üstündə ağlayır və çıxıb gedir” - Əməkdar artist

26 Fevral 2019 11:14 (UTC+04:00)

“İlhamə Quliyeva 3 ildir aramızda yoxdur. Bu müddətdə heç kim onun yerini doldura bilməyib”.

Bunu AzNews.az-a əməkdar artist Firuzə İbadova deyib. Onun sözlərinə görə, bundan sonra da onun yerini kimsə verə bilməyəcək:

“O, sözün həqiqi mənasında sənətkardır. Onun repertuarında heç vaxt bayağı musiqilər olmayıb. Həmişə keyfiyyətə önəm verib. İlhamə xanımın yeri boşdur. Çünki onun yerini dolduracaq bir şəxs yoxdur. İlhamə xanımın nəğmələri ilə bağlı mənə bir neçə bəstəkar müraciət etdi. Onlardan cəmi bir mahnın “Mənim anam”ı oxudum. İlhamə xanımın mahnılarını heç kim onun kimi oxuya bilməyəcək”.

Əməkdar artist qeyd edib ki, mərhum sağlığında xasiyyətindən özü də bezmişdi, amma xasiyyətinin sənətinə heç bir aidiyyatı olmayıb:

“Dəfələrlə dediyi sözlərə görə peşiman olub. İstər mənim, istərsə də Cavanşir müəllimin yanında deyib ki, “mən filankəsin qəlbinə dəydim. Gərək dəyməyəydim. Mən tikanlı deyiləm. Amma görəndə ki, kimsə məni incidir həmin tikanlar üzə çıxır”. Deyirdi ki, “məni dərya qədər sevənlərim var, amma mən tənha qayığa bənzəyirəm”. Ürəyində heç nə yox idi”.

Sənətçi vurğulayıb ki, qohumlar arasında gedən mülk davasına görə, onun ev muzeyi olmayacaq:

“Gərək onun evi muzey olaydı. Belə bir sənətkarın ev muzeyinin olmaması, əlbəttə, təəssüf doğurur. Onun evinin üstündə böyük qırğınlar getdi. Amma o ev İlhama xanıma qalmadısa, muzey olub-olmamasının nə mənası? Bunu qohumları fikirləşməliydi. Mən tez-tez İlhamə xanımın qəbrinin üstünə gedirəm. Qəbiristanlığa nəzarət edənlərdən soruşuram ki, İlhamə xanımı kim ziyarət edir? Deyirlər Orxan, bacıları və Əli Mirəliyev gəlir. Onlar deyirlər Orxan gəlir İlhamə xanımın qəbrinin üstünə, ağlayır və çıxıb gedir. Digər sənətkarlar kimi onu da ziyarət etmək savabdır. Tənha qadın idi, heç kimi yoxdur. Orxanın da aqibəti bəllidir. Boynu bükük ortalıqda qaldı. Durumu da yaxşı deyil, ona analığından heç nə verilmədi, yazıq oldu uşaq”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva uzun sürən xəstəlikdən sonra 2016-cı il fevral ayının 25-də dünyasını dəyişib. Fevral ayının 26-da isə sənətkar dəfn olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az