Lazların soyqırımında erməni faktoru

27 Fevral 2019 14:07 (UTC+04:00)

1915-ci ildə Çarlıq Rusiyası Cənubi Qafqazda xalqların milli oyanışı, ağır sosial-iqtisadi hadisələrin böhranlı həddə çatmasından yayınmaq üçün, Osmanlı dövlətinin ərazilərini işğal siyasətini gündəmə gətirdi. Çar ordusu ilə yanaşı, Bakı, İrəvan, Şamaxı, Gəncə, Naxçıvan, Tiflis, Kutais, Batum kimi şəhərlərdə yaşayan erməni könüllü dəstələrini də yanına almışdı. Osmanlı dövlətinin Trabzon, Ərzurum, Rizə, Sarıqamış və digər bölgələrini işğal siyasəti sərgilədi. Osmanlı dövlətinin bu strateji ərazilərini işğalında həm də ermənilərin xüsusi marağı var idi. “Daşnaksütyun Erməni İnqilabi Partiyası” bütün erməni icmaları arasında “Böyük Ermənistan” ideyasını genişmiqyaslı təbliğat işlərini aparırdı. Osmanlı dövlətinin işğal olunan ərazilərində yerli müsəlman lazların erməni quldur dəstələri tərəfindən soyqırıma məruz qalması faktı təəssüflər olsun ki, beynəlxalq miqyasda bu gün də tanınmır. Ermənilərin uydurma “1915-ci il soyqırım” iddialarına qarşı bu yöndə elmi konfranslar keçirərək elə həmin vaxt türk əhalisi ilə yanaşı lazların soyqırıma məruz qalması məsələsini gündəmə gətirmək daha məntiqli olardı.

Qara dəniz sahilləri boyunca yaşanan rəzalət

Çar Rusiyası tərəfindən Trabzon şəhəri başda olmaqla Qara dəniz sahillərindəki iri şəhər və qəsəbələrin ələ keçməsində, yerli müsəlman əhalisi kimi lazların soyqırıma məruz qalması məsələsində minlərlə arxiv sənədləri var. Bununla yanaşı, yerli xristian gürcülərin, acarların, svanların, imerxevlərin də soyqırıma məruz qalması artır sirr deyil. Bu məsələ ilə bağlı tanınmış gürcü alimlərindən Dmitri Çeişvili, Bondo Arveladze, Feliks Tsertsvadze, Quram Marxulia, Tamar Papava, Akaki Papava, Aleksandr Proneli, Sergi Sacaya, Nodar Natadze, Otar Tetvadze, Şota Tetvadze, Qriqori Çaçba, Fridon Doçiya, Anzor Totadze, German Beseliya, Aleksandr Abuladze, Vladimir Ramişvili, Avtandil Silaqadze, Mamuka Komaxiya, Dmitri Darçiaşvili, Nino Qoqorişvili, Stanislav Lakoba və digər nüfuzlu alimlər erməni silahlı quldur dəstələrinin cinayət əməllərini ifşa edən fundamental əsərlər ortaya qoymuşlar. Gürcü alimləri Fransa, İngiltərə, Rusiya və Almaniyanın arxivlərində Qara dəniz hövzəsində ermənilərin xristian və islam dinlərinin daşıyıcısı olan yerli xalqları necə terrora məruz qoymaları barəsində gündəlik hesabat sənədlərini də silsilə şəklində dərc ediblər.

1916-1918-ci illər fəlakəti

Çar ordusu Türkiyənin şərq əyalətlərində genişmiqyaslı hərbi əməliyyatlar keçirındə əsasən ön cəbhədə erməni silahlı quldur dəstələri iştirak ediblər. Bu məsələdə bir yandan əhalini soyqırıma məruz qoymaq, digər yandan isə işğal olunan ərazilərdə kütləvi şəkildə talançılıq əməlləri ilə də tanınmışlar. Xristian əhalisi qismində şavşlar, imerxevlər, müsəlman əhalisi baxımından çərkəzlər, acarlar və lazlar daha çox soyqırım cinayətlərini yaşamalı olmuşlar. Bu xalqların nümayəndələri 100 illik “Qafqaz Savaşı”nın nəticəsində torpaqlarından didərgin düşmüş insanlardan ibarət idi. Onların bu acı aqibətlə üz-üzə qalmalarının əsil səbəbi İvan Lazarev, Mixayıl Lazarev, David Delyanov (Dəlləkyan), Valerian Mədətov (Mədətyan), Vasili Bebutov (Behbudyan), Lazar Serebyakov (Artsataqoryants), Moisey Arqutinski-Dolqorukov (Arqutyan), Arzas Ter-Qukasov, Mixail Loris-Məlikov, Boris Şelkovnikov (Behbud Metaksyan) kimi generalların sayəsində Qafqazda yaşanılan soyqırımlar yaşanılması idi. İndiki Krım, Azov, Kuban çöllərində tarlaların, kəndlərin və meşə zolaqlarının diri-diri yandırılması, insanların kütləvi şəkildə məhv edilməsi tarixin ən acı yaddaşı kimi bu xalqlar bu aqibəti unutmamışdılar. I Dünya Savaşı ərəfəsində bu dəfə Çar Ordusunun tərkibindəki xüsusi

“Erməni Korpusu” adı altında ermənilər bu dəfə Anadolu torpaqlarında hərbi cinayətlərə başladılar. 1-ci diviziyanın komandanı general-mayor Mixail Areşev, 2-ci dviziyanın komandanı polkovnik Movses Silikov, atlı briqadanın komandiri polkovnik Artaşes Qorqaryan, dviziya komandanı general-mayor Andranik Ozanyan, general Foma Nazarbekov və digər erməni hərbçiləri bu döyüşlərə komandanlıq edirdilər. Ərzincandan başlamış Trabzona qədər ərazilərdə “Qərbi Ermənistan” ideyasının rəsmiləşdirməsinə çalışılırdı. Qara Kilsə, Baş Abaran və Sərdarabad bölgələrində türk əhalisinin dəhşətli soyqırımlara məruz qalması əslində, onların Qara dəniz boyunca yaşayan xalqların xilasının qarşısının alınması demək idi.

1991-1993-cü il faciəsi

Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra, Gürcüstana qarşı baş qaldıran “Abxaziya”dakı etnik separatizmdə abxazlardan daha çox erməni könüllü silahlı dəstələri yerli lazlar və minqrellərə qarşı soyqırım siyasətində öndə getdilər. Levon Daşyanın komandanlığı altında “Marşal Baqramyan adına Erməni Ordusu”, Qalust Trapizonyanın komandanlığı altında “Hnçak Erməni İntiqamçı Gənclər Dəstəsi”, Vaqarşak Kosyanın rəhbərliyi ilə “Hay Fidain” (erməni fədailəri), Gevork Markaryanın komandanlı ilə “II Erməni Alayı”, Sergey Matosyanın komandanlığı altında “Qumist Cəbhəsi” erməni silahlı quldur dəstələritərəfindən paytaxt Suxumi başda olmaqla, Qali, Oçamçir, Gülripş, Tkvarçeli, Qaqra, Qudauta şəhərləri və 800-dən çox kəndlərdə yerli gürcü, laz və minqrellərə qarşı amansızlıqla soyqırımlar törədildi. Azından 50 min nəfərə qədər dinc sakin öldürüldü və 300 mindən çox insan doğma yurd-yuvalarından perik düşdü. Göründüyü kimi, “Qafqaz Savaşı”, “Osmanlı dövlətinin işğalı” və “Abxaziya Müharibəsi” tarixlərində ermənilərin apardıqları soyqırım dəhşətləri təəssüflər olsun ki, beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmır. “Erməni ekspansionizmi”nin qəddar üzü olduğu kimi bəşər xalqlarına çatdırılmasına bu günün özündə belə ehtiyac duyulur.

Tarixdən silinmiş xalqın aqibəti

Lazlara bir etnos kimi gürcülər “tekil” və yunan dillərində “lazi” deyə xitab olunur. Lazlar özlərini “lazepe” adlandırırlar. Bu xalqın dili meqrel dilinə yaxın olsa da, dini baxımdan islama sitayiş edirlər. Keçmişdə Anadolu türkləri onları “çoğul” deyə adlandırmışlar. Bu xalqın əksəriyyəti 100 illik Qafqaz Savaşı vaxtı Qafqazdan Osmanlı dövlətinə köçməyə məcbur olmuşlar. Anadolu sanki bir ana kimi onlara qucaq açmışdır. Fransa, İngiltərə, Rusiya və Almaniyanın arxivlərinə görə 1760-1861-ci illərdəki Qafqaz Savaşı vaxtı Şimali Qafqazda üç milyona yaxın yerli əhali soyqırıma məruz qalıb. Onların əksəriyyəti lazlar və çərkəz əsilli xalqlar olmuşlar. Bu gün laz dilində danışan əhalinin sayı 45 min nəfər civarındadır. UNESCO tərəfindən 2001-ci ildə aparılan araşdırmalar zamanı lazların sayının 150 min nəfərə qədər olması müəyyən edilib. Bu gün vaxtilə Qafqazda erməni cinayətlərinin ucbatından indiki Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı, Misir, Livan və digər Yaxın Şərq ölkələrinə mühacirət etməyə məcbur qalmış lazların tarixi torpaqlarında bu gün sadəcə ermənilər yaşayırlar.

Ə. Yusifoğlu