Allah qadını elə yaradıb ki... - Məlahət İbrahimqızı "Deputatın gündəliyi"ndə

28 Fevral 2019 08:35 (UTC+04:00)

AzNews.az-ın "Deputatın gündəliyi" rubrukasının budəfəki qonağı millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızıdır.

- Məlahət xanım, bir millət vəkili və siyasi təşkilat rəhbəri kimi iş qrafikiniz çoxşaxəli olur. Gündəlik fəaliyyətinizi tənzimləmək çətin deyilmi?

- Əlbəttə, bir millət vəkili olaraq nəinki gündəlik, həftəlik, aylıq işlərimi planlayıram. Millət vəkili olmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri olduğuma görə işlərimi planlı şəkildə aparmaq çox vacibdir. İşlərim deyəndə ki, deputatın şəxsi işi yox, ümumi işi olar. Amma bir çox hallarda planlamadığım, gözlənilməz tədbirlər də olur. Təbii ki, daşıdığım siyasi vəzifəyə və məsuliyyətə uyğun olaraq gözlənilməyən məsələləri də öz gündəlik planımda uyğunlaşdırmağa çalışıram.

- Rəsmi işləriniz çoxdur, şəxsi işlərinizə də zaman qalırmı?

- Hər zaman Allaha şükür edirəm ki, mənim iki övladım var. İkisi də artıq ailə başçısıdır, müstəqil həyatları var. Hər bir valideynin borcudur ki, müəyyən yaşa qədər övladlarına dəstək versin. Bəlli yaşdan sonra valideynin yükü, məsuliyyəti azalır. Amma Azərbaycan anası daim övladına dəstək olmağa çalışır. Düzdür, artıq övladlarım özləri öz qayğılarını çəkirlər, problemlərini özləri həll edirlər. Hələ üstəlik mənə də diqqət göstərirlər. Ona görə mən də bütün diqqət və fəaliyyətimi Milli Məclisə və sədri olduğum YAP Nəsimi rayon təşkilatına yönəltmişəm.

- Bəs, seçicilərinizlə ünsiyyəti necə qurursunuz?

- Ofisimiz elə YAP Nəsimi rayon təşkilatında yerləşir, qapıları hər gün seçicilərin üzünə açıqdır. Qəbul günləri yoxdur, istənilən adam, istənilən vaxt qapını açıb içəri girə bilər. Mən iqtidar partiyasının təmsilçisi, görəvilisi kimi, eyni zamanda, həmin rayonun millət vəkili kimi hər zaman çalışıram ki, müraciət edənlərin, partiyamıza üz tutanların problemlərinə diqqətlə yanaşım.

- Məlahət xanım, yəqin ki, sizə müraciət edən bəzi seçicilərin istəkləri bəzən sizin səlahiyyətləriniz çərçivəsində olmur. Belə hallar olduqda necə davranırsınız?

- Bəli, elə problemlər var ki, onların həlli mümkün olmur. Yaxud onların həlli üçün müəyyən zaman lazımdır. Deyək ki, bir məcburi köçkün müraciət edir, deyir ki, mən yurduma, elimə-obama qayıtmaq istəyirəm. Və ya elə məsələlər olur ki, onların həlli qanunla mümkün deyil. Lakin bir çox hallarda biz seçicinin problemindən dolayı lazım gələndə məhkəməyə də gedirik. Ayrı-ayrı müəssisələrə müraciət edirik. Görəndə ki, həqiqətən də hansısa məsələdə vətəndaşa qarşı biganə yanaşma olub, biz buna heç cür laqeyd qala bimərik. Təbii olaraq, elə məsələlər var ki, bizim gücümüz və səlahiyyətimiz xaricində olur. Amma bir məsələnin ki, həll olunmağı mümkündür, nə qədər çətin olsa da sona qədər gedirik. Çünki bilirik ki, vətəndaşımızın arxasında prezidentimiz durur, biz də prezidentimizin rəhbərlik etdiyi partiyanın təmsilçiləriyiksə, daim vətəndaşı müdafiə eməliyik. Təbii ki, bəzən qarşı tərəf də məsələni dolaşığa salır, süni əngəllər yaradılır. Məsələn, iki şəhid ailəsinin 4-5 il çəkən məhkəməsi var idi, amma sonda həll olundu. Bir daha deyirəm, əgər vətəndaşımızın arxasında prezident dayanıbsa, o, özünü Azərbaycan xalqının bir nömrəli xidmətçisi elan edibsə, biz də onun partiyasının təmsilçiləri kimi bu xidmətin bir parçası olmaqdan şərəf duyuruq.

- Milli Məclisdə 125 deputatdan təxminən 20 faizi xanımdır. El arasında belə bir deyim var ki, xanım hara, siyasət hara... Bu barədə siz necə düşünürsünüz?

- Bu, çox az verilən suallardandır, çox sağ olun. Mən Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırılmasını qətiyyən qəbul etmirəm. Ona görə ki, hələ İslama qədərki dövrdə Türk milləti heç vaxt qadına qarşı ayrıseçkilik qoymayıb. Cahil ərəb dönəmində qız övladları doğulanda öldürürdülər, basdırırdılar, nə bilim, qadınlara qarşı müxtəlif qadağalar qoyurdular. Hətta Avropa da da belə idi. Orada qadınları İnkvizisiya məhkəməsində yandırırdılar. Janna Darkın timsalında xeyli misal çəkmək olar. Azərbaycan xalqı isə böyük Türk millətinin bir qoludur. Bizim tariximizdə isə daim qadına ən yüksək dəyər verilib. Quranda da deyilir ki, cənnət anaların ayaqları altındadır, ən xoşbəxt valideyn övladı qız olandır, üç qız böyüdən cənnətə düşür və s. Görün, bunlar nə böyük dəyərlərdir. Hələ “Quran” nazil olmamışdan da əvvəl bütün xaqanların yanında xatunları olub. Onlar qərarlar qəbul edəndə xanımları ilə məsləhətləşiblər. “Dədə Qorqud” dastanının özü bizim üçün, dünya mədəniyyəti üçün bir örnəkdir. Onun hər boyunda qadın bir sərkərdədir, qəhrəmandır və s. Yaxud Ağqoyunlu Uzun Həsənin anası Sara xatunu misal gətirək.

Təbii ki, Allah qadını elə yaradıb ki, o, ana olmalıdır. Onun cəmiyyətdəki ən böyük haqqı, töhvəsi gözəl ana olmaqdır. Amma bir qadın siyasəti bacarırsa, ailəsi ilə bərabər, siyasi işlərini də aparırsa, niyə də onunla məşğul olmasın?! Bizim o qədər bacarıqlı, intellektual qızlarımız, qadınlarımız var ki... Amma ailəni, övladı işə qurban vermək olmaz. Övladı bir şeyə qurban vermək olar, o da Vətəndir.

- Siyasətçinin diqqət etməli olduğu məsələlərdən biri də onun geyimidir. Kişilərin bəlli bir geyim forması var, xanımlarda isə bir az gözəl və dəbli görünmək kimi komplekslər var. Sizdə də belə hislər olurmu?

- Mən bu məsələdə bir az konservativ düşünürəm. Yaxşı olardı ki, Milli Məclisin üzvləri, eləcə də digər dövlət qulluqçuları üçün vahid uniformalar olardı. Bu sistem dünyanın bir çox ölkələrində tətbiq edilir. O ki qaldı, xanım deputatların dəblə geyim məsələsinə, hər kəsin öz zövqü var, mən özümə cavabdehəm. Düşünürəm ki, hər bir siyasətçi daim səliqəli və şux geyinməlidir.

Elgün MƏNSİMOV
AzNews.az