İlham Əliyev sübut edə bildi ki...

28 Fevral 2019 16:04 (UTC+04:00)

Prezident İlham Əliyev sosialyönlü siyasətin tərkib hissəsinə daxil edilən problemli kreditlərlə bağlı Fərman imzalayıb.

Sənədlə müvafiq qurumlara fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək üçün konkret tapşırıqlar verilib. Beləliklə, dövlət dolların qalxması ilə narahatlıq yaratmağa başlanan bank kreditləri məsələsini vətəndaşın xeyrinə həll üçün düyməni basmış oldu.

Son iki ayın təhlilini aparsaq, sosial rifahın yüksəlməsinə rəvac verən çoxsaylı sərəncamların, əhalini narahat edən bir sıra problemlərin kökündən həll edilməsi düşüncəsi möhkəmlənmiş olur. Sözsüz ki, bu qərarlar tezliklə ölkə vətəndaşının sosial güzəranının yaxşılaşmasında özünü ciddi şəkildə büruzə verəcək.

Təbii ən doğru siyasət budur ki, büdcəyə daxil olan əlavə vəsaitlər məhz elə sahələrə ayrılsın ki, əhali onu yaxın gələcəkdə özünün yaşayışında hiss edə bilsin. İqtisadi imkanlar yarandıqca, ilk hədəfin sosial rifahın yaxşılaşması olması birmənalıdır və prezident İlham Əliyevin bütün fəaliyyəti, əsasən bu istiqamətə yönəlib.

Əgər iqtisadi imkanlar şərait yaratmasaydı, bu qədər sosial xarakterli sərəncam və qərarları, kim bilir, hələ nə qədər gözləmək tələb oluna bilərdi. Minimum əməkhaqqı və pensiyalarda, sosial müavinətlərdə, aztəminatlı təbəqəyə verilən prezident təqaüdlərində əhəmiyyətli artımlara gətirib çıxaran uğurun mənbəyi iqtisadi resursların artması və şəffaflıq sayəsində büdcə artımlarının yüksəlməsidir.

Bir müddətdir, müzakirə predmeti olan şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, problemli kreditlərin həlli kimi məsələlər artıq öz çözümünü taparaq gündəlikdən çıxarılır. Azərbaycan vətəndaşına, məhz bu diqqət lazımdır və onun məmnunluğunu görməmək mümkün deyil.

Ümumiyyətlə, xalqdan gələn təklif və təşəbbüslərin nəzərə alınması, narahatlıq doğuran problemlərin sürətli həlli İlham Əliyevin cəmiyyətdəki məsələlərə ciddi yanaşmasının isbatıdır, ölkə əhalisinin qayğılarına hər zaman diqqət ayrılacağına nikbinlik yaradır.

Ümummillli lider Heydər Əliyevin qurduğu güclü dövlət, İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində özünün elə bir inkişaf mərhələsinə çatıb ki, çözülməyəcək hər hansı problem yoxdur. Böyük maliyyə tutumlu sosial təşəbbüslər bunu gözəl sübut edə bilir.

Qeyd edək ki, dünya bazarlarında neftin qiymətində oynamalar, bəzi hallarda gözlənilməyən ciddi enmələr fonunda bəzi ekspertlər tərəfindən Azərbaycanın gələcəyi ilə bağlı bədbin proqnozlar veriliridi. Müxalif düşüncəli iqtisadi təhlilçilərin, politoloqların formalaşdırdığı ictimai rəyə görə, bu faktor Azərbaycanın iqtisadi inkişafına əsaslı təsir göstərəcək, eyni zamanda, hökuməti əhalinin rifahı ilə bağlı vədində doğruçu edə bilməyəcəkdi. Qısası, əhalinin güzəranı daha da pisləşəcəkdi.

Lakin nə baş verdi?

Azərbaycan hakimiyyəti cari ilə daha geniş və əhalinin rifahını yaxşılaşdırmağı hədəfləyən sosial paketin icrası ilə başlayaraq, bu proqnozları alt-üst etdi. Bununla yanaşı, hakimiyyət istər hərbi xərclərlə bağlı davamlı siyasətinə, istərsə də regionların inkişafı ilə bağlı proqramlarına sadiq qaldı, hər hansı layihə təxirə salınmadı. Bu, artıq sübut edir ki, Azərbaycan öz resursları, iqtisadi rezervləri bahasına istənilən sınaqdan cıxa bilir.

Prezidentin etibarlı vədinə istinad etsək, təkcə əhalinin sosial rifahı ilə bağlı qərarlar verilməyəcək, uzunmüddətli iqtisadi proqramlarda, digər proyektlərdə də fasiləsiz fəaliyyət və nəticələr olacaq.

Beləliklə, 2019-cu ildə Azərbaycanı ancaq pozitiv dəyişikliklər gözləyir.

İlham Əliyev sübut edə bildi ki, neft amili olmadan da özünün düzgün iqtisadi siyasəti hesabına vətəndaşların sosial rifahını daha da yaxşılaşdırmaq, onun problemlərini həll etmək gücündədir.

Elman Babayev