Gürcüstan rəhbərliyi Azərbaycanın onlara uzatdığı əli unuda bilməz - Rufiz Qonaqov

1 Mart 2019 08:51 (UTC+04:00)

Xəbər verildiyi kimi Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana rəsmi səfəri səmərəli keçdi. Onun Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə, Qax rayonunda gürcü icması ilə görüşləri çox yaddaqalan oldu. Xanım siyasətçi Bakıda mətbuata verdiyi bəyanatı zamanı bildirdi ki, Azərbaycanla Gürcüstan yaxın qonşular kimi tarixi bir yol keçib və o tarix də hər iki xalqı birləşdirir.

O, son əsrlər ərzində Azərbaycanla Gürcüstanın birlikdə faciələrdən keçdiyini də vurğuladı: “Ancaq yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik”.

Mövzunu politoloq Rufiz Qonaqovla davam etdirdik. AzNews.az onunla müsahibəsi sizə təqdim edir:

- Rufiz bəy, hazırda Azərbaycan-Gürcüstan əlaqələri nə yerdədir?

- Bildiyiniz kimi Azərbaycan həmişə özünün qonşuları ilə Ermənistan istisna olmaqla dostluq, mehribanlıq və qardaşlıq şəraitində yaşayıb. O cümlədən qonşu Gürcüstanla Azərbaycanın əlaqələri ən yüksək səviyyədə olub. Bu əlaqələr həm ikitərəfli, həm də layihələr çərçivəsində çoxtərəfli formada inkişaf edir. Gürcüstan Qafqazın üç ölkəsindən biridir. Hələ Eduard Şevardnadze hakimiyyətdə olanda onların ən ağır günlərində Azərbaycan Gürcüstana müxtəlif səviyyələrdə yardım edib. Sözsüz ki, bu gün də bu münasibətlər davam edir. Gürcüstanda hansı iqtidarın hakimiyyətdə olub-olmamasından asılı olmayaraq Azərbaycan hakimiyyəti həmişə gürcü xalqı ilə dostluq və mehribanlıq şəraitində yaşayıb.

- Gürcüstanın yeni prezidentinin regionda ilk səfərini Azərbaycana etməsi nəyin göstəricisidir?

- Biz bilirik ki, Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Təqribən yarım milyon. Soydaşlarımızla bağlı həmişə Azərbaycan gürcü xalqı ilə mehribanlıq şəraitində yaşamağın tərəfdarı olub. Sözsüz ki, onlar Gürcüstanda olan soydaşlarımıza da vaxtaşırı öz köməkliklərini ediblər. Gürcüstanın yeni seçilmiş prezidentinin regionda ilk səfəri Azərbaycana idi. Bu səfər çərçivəsində cənab prezident İlham Əliyevlə, birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdü. Eyni zamanda indi Gürcüstan prezidenti Qax rayonuna gedib və “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü icması ilə görüşüb. Bu isə əməkdaşlığın daha da möhkəmlənməsi, artan xətt üzrə inkişaf etdiyini göstərir. Sözsüz ki, həmişə müxtəlif qüvvələr, Ermənistan çalışıb ki, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirsin. Amma heç nəyə nail ola bilməyiblər. Çünki Azərbaycan ilk növbədə özünün qonşuları ilə mehribanlığın, dostluğun tərəfdarı olub.

- Azərbaycan-Gürcüstan arasındakı iqtisadi-ticarət əlaqələrini necə şərh edərdiniz?

- Məlumdur ki, Gürcüstan iqtisadiyyatının müəyyən hissəsi Azərbaycanla bağlıdır. Azərbaycan enerji ölkəsidir, hal-hazırda böyük nəqliyyat dəhlizi olan ölkəyə çevrilib. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ölkədir. Məhz bu baxımdan Gürcüstan Azərbaycanla hər zaman əlaqələrə üstünlük verib. Azərbaycan da öz qonşularından bunu heç vaxt əsirgəməyib. Bu baxımdan düşünürəm ki, bu səfər çərçivəsində yeni gürcü hökuməti ilə Azərbaycan dövləti arasında münasibətlər daha da yaxşılaşacaq.

- Bu əlaqələrə xələl gətirməyə çalışan qüvvələrin olduğu da aşkardır. Bu barədə düşüncələriniz nələrdir?

- Təəssüflər olsun ki, gürcü və Azərbaycan xalqlarının dostluğuna xələl gətirmək istəyənlər olub. Ancaq onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyiblər. Bundan sonra da ola bilməzlər. Azərbyacan multikultural ölkədir. Sözsüz ki, bizim xalqlarımız illər boyu dostluq şəraitində yaşayıblar. Bundan sonra da inana bilmərəm ki, nə Gürcüstan, nə də Azərbaycan tərəfdən kimsə bu dostluğun pozulmasına imkan versin. Ermənipərəst dairələr, ayrı-ayrı şovinist dairələr, xüsusilə Ermənistan bu mövzuda maraqlı olub ki, Azərbaycan-Gürcüstan münasibətləri pozulsun. Bunun əksi olub, çünki Azərbaycanın həm bölgədə, həm də dünyada yürütdüyü siyasət, eyni zamanda Gürcüstan rəhbərliyi Azərbaycanın onlara uzatdığı əli unuda bilməz. Çünki Azərbaycan həmişə ən çətin anlarda belə Gürcüstanın yanında olub.

- Gürcüstan prezidenti səfəri çərçivəsində “ölkələrimiz işğalla yaşayır” ifadəsini işlədib. Aydındır ki, bu faciələrin əsası keçmiş SSRİ-nin süqutunun son dövrlərində qoyuldu. Fikrinizcə, bu faciələr bir-birinə oxşardırmı?

- Əlbəttə, oxşar cəhətləri var. Gürcüstanda da əfsuslar olsun ki, bənzər problemlər mövcuddur. Azərbaycan da qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Ərazilərimizin 20%-i düşmən tapdağı altındadır. Bu baxımdan müəyyən oxşar cəhətlər var. Sözsüz ki, bu cəhətlər bir daha onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də gürcü xalqı bundan sonra öz dövlətlərini daha da gücləndirməlidirlər. Bu istiqamətdə də Azərbaycan dövləti öz uğurlarını Ermənistan istisna olmaqla, qonşuları ilə də paylaşıb. Boru kəmərləri, nəqliyyat dəhlizləri, bundan sonra keçiriləcək digər layihələrdə Gürcüstan, Rusiya, Türkiyə, İran və digər Xəzəryanı ölkələrin də maraqları nəzərə alınıb.

- Azərbaycan-Gürcüstan arasında olan ikitərəfli əməkdaşlıq Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əsasda da davam edir. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, çox maraqlı sualdır. Bununla bağlı onu deyə bilərəm ki, həqiqətən də bu formatın özü bir daha onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi layihələrdə və onları həyata keçirməklə də diplomatik və siyasi sahədə həm Gürcüstan, həm də Türkiyə ilə müxtəlif istiqamətlər üzrə xalqların milli maraqlarına söykənən layihələr həyata keçirir. Bu da hər üç ölkənin iqtisadiyyatına böyük gəlir gətirmiş olur və bu üçlüyün özü strateji baxımdan çox önəmlidir. Bu formatlar zaman-zaman ölkələrin regionda sülhün bərpası, əməkdaşlığın, iqtisadiyyatın, sənayenin, diplomatiyanın və digər sahələrin inkişafına xidmət edən formatlardır.

Pərvanə Ağazadə

AzNews.az