Paşinyanın İran səfəri tam fiaskoya uğradı - Politoloq

1 Mart 2019 11:44 (UTC+04:00)

"Paşinyan hakimiyyətə gələndən sonra xalqa müəyyən vədlər verib. Bu vədlər korrupsiyaya qarşı mübarizə ilə bərabər, yeni bir iqtisadi sistemin yaradılması, iqtisadi sıçrayış və insanların rifah halının yaxşılaşdırılması ilə bağlıdır. Bunun üçün təbii ki Ermənistana yeni maliyyə imkanları və bu kontekstdə yeni perspektivlər açılmalıdır. Ermənistan indiki vəziyyətdə xilas yolu kimi İranı düşündüyü üçün bu səfər də təxminən bu yöndə planlaşdırılmışdı".

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Natiq Miri dedi. O, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərini şərh edərkən bunu tam bir fiasko adlandırdı:

"İranın vəziyyəti ortadadır və bildiyiniz kimi, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar üzündən özü can çəkişməkdədir. Çünki İran iqtisadiyyatının əsasını təşkil edən enerji daşıyıcılarından gələn gəlirlər çox sürətlə azalmaqdadır. Bu da İranın neft və qazını dünya bazarında satmaqla bağlı üzləşdiyi məhdudiyyətlə əlaqəlidir. Belə olan təqdirdə, İranın hansısa qlobal layihələrə dəstək verməsi və yaxud Ermənistana yeni qaz xəttinin çəkilməsi kimi fikirlərin həyata keçirilmə ehtimalı sıfıra bərabərdir. Bu gün İran böyük məbləğdə investisiya imkanlarından məhrumdur. İran öz daxilində sosial tələbatı təmin etmək üçün min-bir yola əl atmaqdadır. Ayrıca, İran təkcə sanksiyalarla boğuşmur, həm də Suriyada hərbi varlığını davam etdirir ki, bu da böyük məbləğdə maliyyə itkisi deməkdir. Ona görə də bu səfərin perspektivsiz olacağı əvvəlcədən bəlli idi".

Paşinyanın İranda Azərbaycanı terrorla hədələməsinə gəldikdə politoloq qeyd etdi ki, nəticə etibarilə uğursuzluğu ört-basdır etmək üçün Paşinyanın İranda bir neçə populist çıxışlar etməsinə ehtiyac vardı. Onun səsləndirdiyi bütün fikirləri məhz bu kontekstdə dəyərləndirmək lazımdır:

"Paşinyanın Dağlıq Qarabağla bağlı Azərbaycanı terrorla təhdid etməsi həm də terrorçuları zərərsizləşdirmək üçün Azərbaycana hüquqi zəmin yarada bilər. Heç kimə sirr deyil ki, Ermənistan terror ənənəsi olan bir dövlətdir. ASALA kimi bir çox terror təşkilatı Ermənistanda və bəzi xarici ölkədə fəaliyyət göstərir. Bunu sübut etməyə artıq ehtiyac da yoxdur. Bu baxımdan, nə qədər populist çıxış olmuş olsa da, düşünürəm ki, bu, həqiqət olmadığı kimi həm də absurd, eləcə də Ermənistanın əleyhinə istifadə oluna biləcək tutarlı dəlillərdir".

N.Miri Paşinyanın İranın ali dini lideri ayətullah Əli Xamenei ilə görüşünə də diqqət çəkdi:

"Xameneinin bir ifadəsi oldu ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycan və Ermənistan tərəflərinin mütəmadi görüşləri çərçivəsində həll oluna bilər. Bu, dolayısı ilə Paşinyanın Dağlıq Qarabağı müstəqil subyekt, müstəqil tərəf kimi bu danışıqlarda görməsi təklifinin əslində üstündən xətt çəkilməsi anlamına gəlir. Ona görə də İranda təkcə iqtisadi deyil, həm də Dağlıq Qarabağ yönündə Paşinyanın istəklərinin üstündən bir xətt çəkilmiş oldu. Bu anlamda Paşinyanın bu səfərini tam bir fiasko kimi dəyərləndirmək olar. Ayrıca, İran səfəri bir gerçəyi də ortaya qoydu. Belə ki, nə qədər gec deyil, Paşinyan hökuməti anlamalıdır ki, əgər Ermənistan üçün hər hansı bir iqtisadi perspektiv düşünürsə, bu perspektiv yalnız regionun həlledici ölkələri olan Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçir. Bu münasibətlər olmadan və Ermənistan işğal faktını aradan qaldırmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana iki günlük ilk rəsmi səfəri, gözləndildiyi kimi, İrəvanın umduğu nəticələri vermədi. Səfər zamanı tərəflər arasında strateji əhəmiyyətli heç bir sənəd imzalanmadı. Ermənilərin İran qazı üçün tranzit ölkəyə, nəqliyyat dəhlizinə çevrilməklə bağlı hansısa ortaq layihələrə ümidləri yenə boşa çıxdı. Səfər zamanı yalnız niyyət memorandumu - niyyət anlaşması imzalandı. Belə demək mümkünsə, İran rəhbərliyi, faktiki, işğalçı ölkənin rəhbərini yola verdi.

Elgün Mənsimov
AzNews.az