Alimlər karbon qazını kömürə çevirmək üsulunu tapdılar

1 Mart 2019 13:06 (UTC+04:00)

Avstraliyadakı Melbrun Kral Texnologiya Universitetinin mütəxəssisləri istixana effekti yaranmasının əsas mənbəyi olan karbon qazını (CO2) adi otaq temperaturunda faydalı qazıntıya çevirməyə nail olublar. Bu nəticə hələlik laboratoriya şəraitində əldə edilib, lakin bu inqilabi dəyişikliyin texnologiyası artıq məlum olub.

Tədqiqatın nəticələri “Nature Communications” nəşrində dərc olunub.

Bu texnologiyanın praktikada həyata keçirilməsi çətin olmayacaq. Əslində karbon qazının bərk maddəyə çevrilməsi yalnız yüksək temperaturda (Selsi şkalası üzrə təqribən 600 dərəcə) baş verir. Avstraliyalı alimlər isə bu cür yüksək temperatur əvəzinə katalizator kimi qallium, indium, qalay və serium kimi maye metallardan istifadə ediblər.

Tədqiqatçıların nümayəndəsi Tom Daenekenin sözlərinə görə, karbon qazını içərisində elektrolitlər və maye metal olan elektrik yüklü qabda həll ediblər. Elektrik boşalmasının təsiri altında baş verən kimyəvi reaksiya nəticəsində karbon qazı bərk halda karbona çevrilir. Maye metalın səthində əmələ gələn his təbəqəsini asanlıqla götürmək olur, bu halda alınan material axma riskinə məruz qalmadan torpağın altında yerləşdirilə bilər. Bu metod həm sürətli olması ilə fərqlənir, həm də xüsusi şərait və mürəkkəb kimyəvi reaksiyalar tələb etmir. Aparılmış tədqiqatın daha bir üstünlüyü ondan ibarətdir ki, karbon elektrik yükünü özündə saxlayır. Ona görə ki, bu cür superkondensatordan gələcəkdə elektromobillərin mühərriklərində istifadə edilə bilər.

Karbon qazı ətraf mühitə və Yer atmosferinə təhlükə doğuran əsas mənbələrdən biri hesab edilir. Mütəxəssislərin fikrincə, qlobal istiləşmə və onun doğurduğu nəticələr məhz karbon qazı ilə bağlıdır. Ona görə də avstraliyalı tədqiqatçıların kəşf etdiyi yeni texnologiya bu problemin həllinə yanaşmaları prinsipcə dəyişə bilər.(AZƏRTAC)

AzNews.az