Daha 3 nəfər edam edildi

24 Aprel 2013 07:14 (UTC+04:00)
İranın Bəm şəhərində 3 nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Onlardan ikisi üzərində 9 kiloqram heroin, biri isə 5 kiloqram heroinlə tutulub. Məhbusların adları və soyadları açıqlanmayıb. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 23-də səhər saatlarında Bəm şəhər həbsxanasında icra edilib.

Qeyd edək ki, "Amnesty İnternational" təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə Şirazda 9, Kirmanda 4, Məşhəddə 4, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 20 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 14-i isə həbsxanada icra edilib. Bu həftə isə ikisi qadın olmaqla 4 nəfər Dezful şəhər həbsxanasında dara çəkilib.


AzNews.az