Dövlət dinə yox, dindən sui-istifadə edənlərə hökmən qarışmalıdır - Əntiqə Qurbanova

1 Mart 2019 18:03 (UTC+04:00)

AzNews.az Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin üzvü Əntiqə Qurbanova ilə müsahibəni təqdim edir.

- Əntiqə xanım, ölkədə dini durumu, dini qurumlarla bağlı aparılan işləri necə qiymətləndirirsiniz?

- Nə qədər ki, bəşəriyyət var, insanlar var, təkcə Azərbaycanda yox, bütün dünyada həmişə din haqqında danışıqlar olacaq. Çünki din bir əqidədir. Dini hansısa çərçivəyə salıb, onunla bağlı fikir yürütmək, mübahisə etmək düzgün deyil. Lakin dindən sui-istifadə edənlərin qarşısı hər zaman alınmalıdır. Bu məsələyə həm dövlət tərəfindən, həm ictimai, həm də inzibati qaydada nəzarət olmalıdır. Bəzən deyirlər ki, dövlət niyə din siyasətinə qarışır. Elə bir şey yoxdur. Dövlət dinə yox, dindən sui-istifadə edənlərə hökmən qarışmalıdır. Biz sivil bir dövlətik, İslam dövlətiyik, əqidəmizi, dini dəyərlərimizi heç vaxt unutmamışıq. Böyük bir imperiya siyasəti bizə onu unutdura bilmədisə, müstəqil olandan sonra heç unutmarıq...

Bu sahədə Qafqaz Müsəlmaları İdarəsi tərəfindən xeyli işlər görülür, lakin bu işlərin təbliği məni qane etmir. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz üzərinə düşən yükü daşıyır. Bilirsiniz, nə qədər insan cihad adı altında Suriyada, İraqda öldürüldü. Heç bilmədilər nə üçün getdilər. İndi həmin insanların azyaşlı uşaqlarının ölkəyə gətirilməsi ilə bağlı böyük işlər görülür.

Din çox həssas bir sahədir, ona ehtiyatla yanaşmaq lazımdır. Bəzən hansısa məsələyə görə, Qafqaz Müsəlmanları İdarəsinə hücum edirlər, görülən işlərə kölgə salmağa çalışırlar. Amma hər kəs bilməlidir ki, Azərbaycanda heç vaxt heç bir halda radikalizm yayılmayacaq. Çünki dövlətlə birgə ictimaiyyət bu cür halların qarşısını alacaq.

- Qafqaz Müsəlmanları İdarəsinə hücum edirlər, dediniz. Bunu necə əsaslandırardınz?

- Bəli, bir də görürsən, həcc ziyarətinə biletlərin bahalaşmasında Qafqaz Müsəlmanları İdarəsini, hörməti şeyximiz Hacı Allahşükür Paşazadəni günahlandırırlar. O, maliyyəçi deyil, iqtisadçı deyil ki, nəyinsə qiymətini qaldırsın. Həcc ziyarətinin bilet qiymətlərini Səudiyyə Ərəbistanı müəyyənləşdirir.

Şeyximiz o qədər humanistdir, məsələlərə o qədər dözümlü yanaşır ki, onun haqqında yazılan, deyilən fikirlərə sərt reaksiya göstərmir. Çünki adam artıq tarixdə öz sözünü deyib. 20 Yanvar hadisələrindən üzü bəri, ölkənin ən çətin günlərində biz hər zaman onu öndə görmüşük.

Bəzən yersiz hücumlar insanı daha da mətinləşdirir. Mən onu qətiyyətlə deyə bilərəm ki, nə qədər hücumlar olsa da dəyərli şeyximiz öz humanist yolundan heç vaxt əl çəkmir.

- Əntiqə xanım, siz həm də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvüsünüz. Partiyanın ümumi fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Partiyamız qarşıdurmaların olduğu çox mürəkkəb bir zamanda yarandı. O vaxt Qüdrət Həsənquliyev iki şərt irəli sürdü – kim istəyir gəlsin, mənimlə birgə partiyanı quraq, amma əsas şərt bunlar olacaq: nə radikallıq etməyəcəyik, nə də passiv olmayacağıq. Kimin nə deməsindən asılı olmayaraq, biz çalışacağıq ki, müxalifətçilik edərək dövlətə xeyri olan işlər görək. Ona görə mən də məmnuniyyətlə bu partiyaya üzv oldum, peşman da deyiləm. Çünki orada vətənini kifayət qədər sevən insanlar var. Hamısı meydan hərəkatında olan insanlardır, hansı ki, müstəqilliyin əldə olunmasına şahidlik ediblər. Ən əsası da Qüdrət müəllim islahatçıdır. O mənim oğlum yaşda olar, onu indi yox, hərəkat vaxtından tanıyıram. Adam qanunları yaxşı bilir. Mən Qüdrət bəyin və onun yanında olan insanların fəaliyyətlərini nəzərdə saxlayan, qiymətləndirən adam olduğum üçün bu partiyada varam.

- Bildiyimizə görə, bu günlərdə cəmiyyətinizin sədri Novella xanım Cəfəroğlunun doğum günü olacaq, onu necə təbrik edəcəksiniz?

- Açığı, hər il necə təbrik etmişiksə, bu il də elə edəcəyik. Bazar günü olmasına baxmayaraq, onun doğum gününü yüksək səviyyədə qeyd edəcəyik. Novella xanım bizim sədrimiz yox, doğmamızdır, anamızdır. O, mənim həyatımda çox önəmli rol oynayıb. Düzdür, orta məktəbi, universiteti əla qiymətlərlə bitirmişəm, amma vətəndaş cəmiyyətində ilk dəfə əlimdən tutub məni ictimaiyyətə tanıdan adam olub Novella xanım. Onun zəhmətini heç bir zaman itirmək olmaz. Mənim nəzərimdə yuxarıda bəhs etdiyimiz şəxslərdən üçü də Azərbaycanı sevən, ona dəyər verən və tarixə öz möhürlərini vuracaq adamlardı.

Elgün MƏNSİMOV
AzNews.az