Novruz yarmarkaları fəaliyyətə başlayır

1 Mart 2019 18:04 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək. Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaqdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkaları paytaxt Bakıda 14 ünvanda - Yasamal rayonunda H.Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda, Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı), Nizami rayonunda iki yerdə - Qara Qarayev prospekti 55/57 ünvanının qarşısındakı “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağında və C.Naxçıvanski küçəsi 74-də 8-ci kilometr yarmarkasında, Səbail rayonunda iki yerdə - Seyran Məmmədov küçəsi 6 ünvanında və Nizami küçəsi 154-də “Landmark” mehmanxanasının yanında, Binəqədi rayonunda 7-ci mikrorayondakı Kunanbayev küçəsində, Xətai rayonunda Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 28 May küçəsindəki Olimpiya İdman bazasının qarşısında, Nəsimi rayonunda Mərdanov Qardaşları küçəsi 59 ünvanında, Pirallahı rayonunda Pirallahı qəsəbəsindəki K.Rzayev küçəsi 14-də qeyri-yaşayış obyektində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72 ünvanında, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli “V” yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində və Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki S.Yesenin küçəsi, döngə 2 ünvanında təşkil olunacaq.

Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.

Təşkilatçılar paytaxt sakinlərini yarmarkalara dəvət edirlər.

AzNews.az