“Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinə media-tur təşkil edildi

2 Mart 2019 10:32 (UTC+04:00)

Martın 1-də Azərbaycanın və xarici ölkələrin (Qazaxıstan, Özbəkistan) turizm şirkətlərinin nümayəndələrinin, ictimai xadimlərin, həmçinin yerli KİV-in iştirakı ilə “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinə media-tur təşkil edilib.

AzNews.az xəbər verir ki, media-tur 1969-cu ildə Qalaaltı dağətəyi meşələrində müalicəvi suyun aşkar olunmasının 50 illiyinə həsr edilib.

Tədbirdə çıxış edən müalicə-istirahət kompleksinin direktoru Ülvi Əhmədov media-tur iştirakçılarına xatırladıb ki, “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin 2015-ci il avqustun 8-də keçirilən açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Dövlət başçısı qeyd edib ki, Beynəlxalq müalicə-istirahət kompleksinin fəaliyyətə başlaması ölkəmizin sürətli və hərtərəfli inkişafının göstəricisidir.

Diqqətə çatdırılıb ki, bu gün iqtisadiyyatın qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsi sürətli inkişaf dövrünü yaşayır. Son illər Azərbaycana minlərlə turist gəlir, onlar ölkəmizin mədəni-tarixi zənginlikləri və əsrarəngiz gözəlliyi ilə tanış olurlar.

Qeyd edilib ki, təşkilatçıların əsas məqsədi bu işə öz töhfəsini verməkdir. Xüsusən, bu gündən etibarən “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinə media-tura start verilib. Ümumilikdə, cari ildə bu müalicə kompleksinə silsilə media-turların təşkili nəzərdə tutulur.

İştirakçıların diqqətinə çatdırılıb ki, Qalaaltı suyu çox məşhurdur və müalicəvi xassələrə malikdir. Qalaaltı kurortu 1976-cı ildə yaradılıb. Şərait indiki kimi olmasa da, həmin vaxtlarda buraya çoxlu qonaq axını olurdu. Sovet İttifaqının müxtəlif guşələrindən minlərlə insan buraya gəlir, müalicə olunur, istirahət edirdi. Qalaaltı Azərbaycanın orijinal və çox cəlbedici balneoloji kurortudur. Hazırda müalicə-istirahət kompleksi özünün dirçəliş dövrünü yaşayır, Qalaaltının fəaliyyətinin yeni mərhələsi başlayıb. Burada yaradılmış ən yüksək beynəlxalq standartlara uyğun şəraitdən istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar istifadə edə bilərlər.

Tibb və termal turizminin dəstəklənməsi Assosiasiyasının İdarə Heyətinin üzvü, Sağlamlıq Turizmi Qlobal Təşkilatının baş katibinin müavini Ceyhun Aşurov qeyd edib ki, tibb və termal turizmi sahəsində illik turist artımı 10 faizdən çox olub və ildə 500 milyard dollardan artıq gəlir əldə edilib. Onun sözlərinə görə, bu rəqəmlər tibb turizminin iqtisadi cəhətdən çox perspektivli və gəlirli sahə olacağını hesab etməyə əsas verir.

Müalicə-istirahət kompleksinin satış və marketinq üzrə meneceri Fəxri Qafarlı qeyd edib ki, Bakıdan cəmi 127 kilometr uzaqlıqda yerləşən və 171 otaqdan ibarət kompleksin otel binası ən müasir standartlara cavab verir. Burada qonaqların zövqünü oxşayan interyer işləri aparılıb, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı 112 superior otağın 33-ü iki, 79-u isə birnəfərlikdir. Bundan başqa, burada 11 suit və 1 lüks otaq da var. Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Otel binasındakı “Mənzərə” restoranı, “Lavanda”, “Qala” və “Vitamin” barları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını daha maraqlı keçirmələrinə geniş imkanlar açır. Müalicə-istirahət mərkəzində aptek, market, suvenir mağazası, kişi və qadın bərbərxanaları fəaliyyət göstərir, qonaqlara bank xidmətləri təklif olunur.

Kompleksdə ziyarətçilərə SPA xidmətləri də təqdim edilir. Həmçinin hamam, sauna, türk hamamı, bio-sauna, masaj, buxar və ekzotik duş otaqları, hovuz, trenajor zalı fəaliyyət göstərir. Burada yaradılan qar otağı da qonaqların ixtiyarındadır. “Tai SPA” və “Aura SPA” mərkəzlərini ziyarət edənlər buradan xoş əhval-ruhiyyə ilə ayrılacaqlar.

“Qalaaltı” kompleksində yerləşən tibbi mərkəz də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şərait yaradılan mərkəzdə fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə uroloji xidmətlər də göstəriləcək. Kosmetoloji bölmədə kosmetoloji prosedur otağı, krioterapiya, solyarium, ozon kapsula və haloterapiya-duz otaqları var.

Müalicə-istirahət kompleksinin tibb məsləhətçiləri öz çıxışlarında bildiriblər ki, kəndin ərazisində çıxan təbii müalicə əhəmiyyətli “Naftsu”nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Vurğulanıb ki, suyun tərkibi dünyaca məşhur Ukraynanın Truskavets və Çexiyanın Karlovı Varı kurortlarını suları ilə eynidir, hətta onları da üstələyir. Müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhur təbii müalicə əhəmiyyətli sulardan sayılan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə müəyyən edilən fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Qonaqlar müalicəvi su içmə zalında lazımi qədər və zəruri temperaturda su əldə edə bilərlər. Bu müasir texnoloji yenilik Azərbaycan tarixində ilk dəfə olaraq məhz burada tətbiq edilir.

Nigar CƏFƏR

AzNews.az