Paşinyan üzr istədi - Xocalıya, işğala görə istəsəydi...

2 Mart 2019 09:47 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan 2008-ci il 1-2 mart hadisələri ilə bağlı öz xalqından üzr istəyib. “2008-ci ildə hökumətin fəaliyyəti ayrı-ayrı şəxslərə, qruplara yox, bütövlükdə Ermənistan vətəndaşının hüquqlarına və azadlıqlarına doğru yönəlmişdi” deyə, Paşinyan bildirib. O, bütün vətəndaşlardan üzr istəyərək, hamını axşam planlaşdırılan yürüşə dəvət edib.

Xatırladaq ki, 2008-ci il 1 mart hadisələri zamanı Serj Sərkisyanın prezident seçilməsinə, seçki saxtakarlıqlarına etiraz zamanı 10 dinc nümayişçi öldürülmüş, 250 nəfər yaralanmışdı. Nikol Paşnyan o zaman etirazların əsas təşkilatçılarından idi və özü də bir müddət həmin hadisələrə görə həbsdə yatmışdı.

*****

Əslində Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiasından doğan Qarabağ konflikti olmasaydı, 1 mart qırğını da yaşanmaz, ermənilər türklərə qarşı soyqırım azmış kimi, özlərinin də qəsdinə durmazdılar. Çünki Xocalı canisi, qarabağlı “səhra komandiri”, keçmiş çilingər Serj Sərkisyan Qarabağdan, Xankəndindən gəlib Ermənistanın prezidenti olmaq sevdasına düşməyəcəkdir.

Rusiyanın körüklədiyi Qarabağ konflikti olmasaydı, Ermənistan, onun bədbəxt xalqı Azərbaycan və Türkiyə ilə normal əlaqələr hesabına inkişaf edəcək, rifaha qovuşacaqdı, əmin-amanlıq içində yaşayacaqdı. Daha indiki kimi, olan-qalan qəpik-quruşunu, olan-qalan müəssisələrini, zavod-fabrikini Rusiyaya verib ondan bahalı silahlar almaq, Türkiyə və Azərbaycandan qorunmaq zorunda qalmayacaqdı.

Bu mənada N.Paşinyan Ermənistan adından ilk növbədə Xocalıya, işğala görə Azərbaycandan üzr istəsəydi və ardınca torpaqlarımızdan erməni qoşunlarını çıxarmaq yönündə əməli addımlar atmağa başlasaydı, bu, qat-qat məntiqli və ağıllı addım olar, ən əvvəl ermənilərin öz xeyrinə işləyərdi. Çünki əks halda, Azərbaycan və Türkiyə ilə sərhədlər qapalı qalacaq, blokada rejimi, erməni xalqının iztirabları bitməyəcək. Yeni “1 mart” qırğınları, Nikolun növbəti etiraf və üzrxahlıqları da istisna deyil. Niyə?

Ona görə ki, Paşinyan öz xalqına heç vaxt reallaşmayacaq vədlər verib, “Qarabağ problemi (oxu: işğal) mənlik deyil” absurduna söykənərək ermənilərə cənnət yaratmaq illüziyası ilə yaşayır, işğalçı ordunu qarşıdakı 5 ildə hərbi islahatlar hesabına ən güclü ordulardan etməyi xəyal edir. Bundan ötrü lazım olan milyardlardan dəm vurur.

Bəsit sual ortaya çıxır: o milyardları Paşinyan hökumətinə kim verəcək, yaxud onu haradan tapacaqlar?

*****

Məsələ də ondadır ki, Paşinyan nə edir-eləsin, öz xalqına hansı iqtisadi nağılı danışır-danışır, “iqtisadi inqilab”dan və möcüzələrdən dəm vursun, blokada rejimi qala-qala, işğal rejimi dura-dura Azərbaycanla silahlanma yarışında ayaqlaşma iqtidarında olmayacaq. Bu isə müharibədə labüd məğlubiyyət deməkdir. Bunu indi ermənipərəst rusiyalı hərbi ekspertlər də etiraf edirlər.

“Ermənistan iqtisadi cəhətcə Azərbaycandan zəifdir. Belə vəziyyətdə isə nə qədər paradoksal səslənsə də, İrəvan üçün hücum strategiyası daha əlverişli və effektli ola bilər. Çünki üzücü müharibə Azərbaycanın xeyrinə olacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri 1 in.am erməni portalına rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavin, ermənipərəst mövqeyi ilə tanınan Aleksandr Xramçixin deyib.

Ekspert bir daha Ermənistanın məhdud iqtisadi, maliyyə və insan resurslarına diqqət çəkərək bildirib: “İsrail - bu xüsusda sizə ən parlaq nümunə ola bilər - hansı ki, necə istəyir hərəkət edir, vaxtaşırı beynəlxalq hüququ pozur. Ermənistan buna nə dərəcədə hazırdır? Sual mənə yox, sizə (ermənilərə - ”YM") ünvanlıdır".

sargsyan ile ilgili görsel sonucu

Rusiyalı hərbi ekspertə görə, yalnız qırıcılar almaq hesabına belə ciddi problemi, yəni “düşməni darmadağın eləmək və ya onun qabağını almaq, Azərbaycanın hücumlarını dayandırmaq” kimi problemi həll eləmək mümkün deyil: “4 qırıcı ilə (Ermənistanın almağa hazırlaşdığı Su30-SM-lər nəzərdə tutulur - ”YM") yalnız müdafiə olunmaq olar. Ancaq əgər bir eskadrilya (12 vahid) olarsa, o zaman Ermənistan Azərbaycanla müqayisədə havada üstünlükdə ola bilər. Lakin bu da Ermənistanın hücum potensialını ciddi şəkildə artırmayacaq. Ermənistan 40 qırıcı əldə eləsə, onda başqa məsələ".

*****

“Yeni Müsavat” xatırladır ki, Rusiya 100 milyon dollarıq silah krediti çərçivəsində 2020-ci ildə Ermənistana 4 ədəd Su30-SM verməyi vəd edib. Ermənistanın müdafiə naziri David Tonoyan isə ötən həftə lovğalanaraq, “RİA-Novosti”yə bildirmişdi ki, Ermənistan Rusiyadan bir eskadrilya qırıcı almaq istərdi.

ermənistanda mart hadisələri ile ilgili görsel sonucu

İş də ondadır ki, ordusunu düz-əməlli ərzaq və geyimlə təmin edə bilməyən ac-yalavac Ermənistan Azərbaycanla hərbi paritet yaratmağa qadirdirmi? Bundan ötrü zəruri maliyyəsi varmı? Sanksiyalar altında olan və getdikcə daha çox maliyyə resurslarına ehtiyac duyan Rusiya necə, Azərbaycanla hərbi balans yaratmaq naminə İrəvana bahalı hərbi sistemlərin pulsuz-parasız verə, bağışlaya bilərmi?

Sualların hamısı ritorikdir. Başqa yandan, aydındır ki, Azərbaycan Ermənistanın borclanma hesabına da olsa əlavə silahlar, qırıcı almasına qətiyyən seyrçi qalmayacaq. Düşmən üzərində hərbi üstünlüyünü saxlamaq və daha da artırmaq üçün yeni modern silahlar əldə edəcək. İşğalçı tərəfdən fərqli olaraq, bunun üçün onun maliyyə resursları yetərlidir. Özü də bundan ötrü Ermənistan kimi təkcə Rusiyanın “ağzına baxmağa” ehtiyac yox. Başqa silah tədarükçüləri (İsrail, Türkiyə, Belarus, Pakistan və s.) də var... (Musavat.com)