Dəfələrlə çəkdiklərim zay çıxsa da ruhdan düşmürdüm - Vüqar İbadov

2 Mart 2019 20:13 (UTC+04:00)

AzNews.az-ın “Bir hovur” layihəsinin bu dəfəki müsahibi Cənubi Qafqazın ilk hərbi aviasiya fotoqrafı Vüqar İbadovdur.

Əslən Laçın rayonundan olan Vüqar İbadov 1978-ci il oktyabrın 7-də Bakıda doğulub. 1999-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının güllə-atıcılığı fakültəsini bitirib. Güllə atıcılığı üzrə idman ustalığına namizəddir. Ailəlidir, bir oğlu, bir qızı var.

- Peşəkar fotoqrafiya ilə nə vaxtdan məşğulsunuz?

- Ümumiyyətlə, rəsmi əmək kitabçası ilə götürsək, mən 1998-ci ildən mediada çalışıram. Qeyri-rəsmi isə 1995-ci ildə atamın mənə Panasonic M300 kamera aldığı gündən başladı. Fotoqrafiyaya həvəsim isə 1999-cu ildə SOY Production-a gəldiyim günlərdən başladı. İş yoldaşımın Zenit 122K fotokamerası var idi. Onunla yavaş-yavaş öyrənməyə başladım. Həftəyə 5-10 plyonka yandıra-yandıra öyrənirdim. İlk maaşıma 28 maydan Zenit foto kamerası aldım və başladım. Maaşımı foto obyektivlərə və plyonkalara xərcləyirdim. Bir gün Mirnaib Həsənoğlu ilə tanış oldum və o gündən bu günədək addım-addım işimi təkmilləşdirdim.

2000-ci ildə Azərbaycan Fotoqraflar Birliyi (AFB) ilə tanış oldum və burada peşəkar fotoqraflarla birlikdə bu peşəni daha da çox sevməyə başladım.

Mən özümü AFB yetirməsi hesab edirəm və bunu danmıram. Allah bu şəxslərə rəhmət eləsin: Hacı Akif, Oleq Litfin, Rafiq Nağıyev, Elxan Kərimov, Faiq Rəcəbov, Əli Qafarov.

Belə fotojurnalistlərin əhatəsində böyümüşəm. Bu gün də Rafiq Qəmbərov, Mirnaib Həsənoğlu, Rauf Umudov, Rasim Sadıqov, Xalid Əsgərov və digər fotoqraflardan az da olsa nə isə öyrənə bilmişəmsə, nə mutlu mənə. Fotoqraf ştatında ilk işim 2012-ci ildə Eurovision mahnı müsabiqəsi ilə başladı. Ev yiyəsi kimi rəsmi bu müsabiqəni mənə həvalə etdilər. Mən də bu məsuliyətli işi layiqincə yerinə yetirdim. Buna görə AFB "İlin press fotoqrafı" mükafatını mənə təqdim elədi. Bildiyiniz kimi bu müsabiqə müvəqqəti idi. Yarışma bitdi, iş də bitdi. Amma mahnı müsabiqəsində çalışdığım dövrdə Türkiyənin Anadolu Ajansından iş təklifi aldım. Artıq işçi qrupundan ayrılan günü mən sənədlərimi Ajansa apardım. Şükürlər olsun, demək olar ki, işsiz qalan günüm olmayıb. Hal-hazırda isə Bakı Media Mərkəzində fotomüxbir vəzifəsində çalışıram.

- Hərbi fotoqrafiya yəqin ki, digərlərindən daha çətindir...

- Fotoqrafiya sahəsinin də özünəməxsus çətinllikləri var. Hərbi fotojurnalistika bunların deyərdim ki, ən başında duranıdır. 2000-ci illərdən məndə sənədli fotoqrafiyaya həvəs başladı. İşimi sevərək görürdüm. Düzdür, şəkillərim heç bir mətbuatda yayımlanmasa da çəkib analiz edirdim. Xalid Əsgərov bu işdə mənə yardımçı olurdu. Dəfələrlə çəkdiklərim zay çıxsa da ruhdan düşmürdüm. İlk satdığım fotoreportaj isə Reuters agentliyi oldu, 4 şəkilimi aldılar. Daha da həvəsləndim. Çəkdiyim şəkillərdən seçib dünyanın ən mötəbər fotomüsabiqəsi olan WORLD PRESS PHOTO-ya göndərdim.Yer qazanmasam da həmin kataloqda “Vugar İbadov Azerbaijan” yazısı məni qürurlandırdı.

Uşaq vaxtından aviasiyaya olan həvəsim məni bu sahəyə daha çox bağladı. İlk öncə hərbi təyyarəçilərlə tanış oldum və bu sahədə özümü sınamaq istədiyimi söylədim. Sağ olsunlar, mənə bu işdə dəstək oldular. Komandanlığa təqdim etdilər və ilk fotoçəkilişlərim hər kəsi şoka saldı. Ankarada olduğum dönəmdə Türk Hava Qüvvələri üçün hava çəklişlərini edən F-4 pilotu, general Yaşar Kadıoğlu ilə tanış oldum. Hava çəkilişlərinin sirlərini mənə öyrətdi və bu işi daha da sevdirdi. 2008-ci ildə Hərbi Paradı havadan çəkmişəm. Ən yadda qalan və tarixə düşən çəkilişim keçən il Silahlı Qüvvələrimizn 100 illiyində oldu. Bu paradda mən Milli Şahinlərimizi havadan çəkdim. Özü də pilot kabinəsindən. Bakı Media Mərkəzinin səhifəsindən fotolara baxa bilərsiniz. Artıq Avropanın tanınmış aviasiya fotoqraflarının fotomüsabiqələrinə dəvət alıram. Hətta, Rusiyadan aviasiya fotomüsabiqələrində iştrak etmək üçün dəvətlər gəlir. Bacardığım qədər iştirak etməyə çalışıram.

- Bir neçə il əvvəl mediada sizinlə bağlı yalan informasiya yayıldı, hərbi formada paylaşdığınız şəkildə rusiyalı sizi Rusiya bombardmançı təyyarəsini vuran F-16 təyyarəsinin pilotu hesab etdi. Bu xəbəri eşidəndə ilk reaksiyanız nə oldu?

- Zarafatla yazılmış Facebook statusunu xəbərə çevirib “like” toplayan məxluqların Allah bəlasını versin. Mənim kim olduğumu bilə-bilə yazmaqları məni yandırır. Əfsuslar olsun ki, belələri hələ də cəmiyyətimizdə özlərini jurnalist adlandırır. Amma Rusiya mətbuatı və fotoqraflar birlikləri, cəmiyyətləri öz səhifələrində, bloqlarında, forumlarda mənim hərbi fotoqraf olduğum barədə yazılar yazaraq mənə dəstək oldular. Bizim bir-iki mətbuat orqanı mənə dəstək durdular.

- Heç olubmu ki, şəkillərinizi götürüb müəllif hüquqlarını pozsunlar? O zaman nə etmisiniz?

- Fotoqrafların ən yaralı yeridir bu məsələ. Hələ də turizm şirkətlərinə, sayt əməkdaşlarına başa sala bilmirik ki, bizim reklama ehtiyacımız yoxdur. Reklama ehtiyacı olan pulunu verib özünü reklam etməyin yolunu tapacaq. Pulunu ödə, şəkli al. Sanki turizm şirkətləri fotoqraf reklamları ilə məşğuldur. Ən maraqlısı isə dedikləri söz “Əşşi şəkildir, burda nə var ki?”- olur. Şəkildir, burda nə var ki, deyənin özünü yağışlı-qarlı havada, sübh tezdən, suyun-palçığın içinə salıb nə zülmlə çəkdiyimizi göstərsən, bəlkə onda başa düşərlər.

- Bəs fotoqrafiyadan əlavə hansı bacarığınız var, bu sahəni seçməsəydiniz, hansı sahə üzrə çalışmaq istərdiniz?

- Saysam bitməz, çoxdur.

- Ən son çəkdiyiniz foto nə olub?

- Bu sualın cavabını rusca yazacam: “У летчиков нет слова "Последний" а есть "Крайний". (Pilotlarda "Sonuncu" sözü yoxdur, "Kənardakı" var)

- Hansı hədəfləriniz var? Bir az da yeni planlarınız haqda danışardınız.

- Hal-hazırda Hərbi Dəniz Qüvvələri haqqında fotoreportaj çəkirəm. Bir il gözləməli olacaqsınız.

Səidə Vahid

AzNews.az