“Dünyadakı 93 milyon əlil uşağın...” - BMT

5 Mart 2019 11:28 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə Ali komissarı Mişel Baçelet təşkilatın Cenevrədəki ofisində Uşaq Haqları Konvensiyasının qəbul olunmasının 30 illiyi münasibətilə keçirilən İnsan Haqları Şurasının iclasında bildirib ki, dünyadakı 93 milyon əlil uşağın əksəriyyətinin hüquqları onların dünyaya gəldiyi andan pozulur. Bu azyaşlıları bir çox hallarda keçmişin ağır irsi olan internatlarda yerləşdirir, qeydiyyata almır, qayğıdan, ailə və mənzil hüququndan məhrum edirlər.

BMT-nin saytı xəbər verir ki, Ali komissarın sözlərinə görə, fiziki imkanları məhdud olan uşaqlar özlərinin sağlam həmyaşıdları ilə müqayisədə daha çox zorakılığa və təhqirlərə məruz qalırlar. O əlavə edib: “1989-cu ildə Uşaq Haqları Konvensiyası qəbul edildikdən sonra bu sahədə böyük irəliləyiş əldə olunub. Lakin həmin Konvensiyanın qəbul olunmasının 30-cu ildönümündə biz həqiqəti etiraf etməliyik: hər gün milyonlarla uşağın elementar hüquqları pozulur və onların arasında çoxlu fiziki imkanları məhdud olan azyaşlılar var”.

M.Baçelet vurğulayıb ki, bu kateqoriyadan olan uşaqların qayğısına qalmaq, ilk növbədə, onların təhsil hüququnu təmin etmək dövlətlərin borcudur. Onun sözlərinə görə, əlil uşaqların həyatını ağırlaşdıran daha bir problem onların xüsusi məktəblərdə, internatlarda və bənzər təhsil müəssisələrində yerləşdirilməsidir.

BMT-nin əlillərin hüquqları üzrə xüsusi məruzəçisi Katalina Devandas Aqilar bildirib ki, internatlar və digər xüsusi təhsil müəssisələri keçmişin ağır irsidir. “Fiziki imkanları məhdud olan uşaqları gizlətmək və təcrid edilmiş vəziyyətdə saxlamaq olmaz. Həmin uşaqlar da xəyallar qurmaq və xoşbəxt olmaq haqqına sahibdirlər”, -deyə o vurğulayıb. Xüsusi məruzəçi əlavə edib ki, bu gün də fiziki və əqli qüsurları olan uşaqlar cəmiyyətdən təcrid edilir və diskriminasiyaya məruz qalırlar.(AZƏRTAC)

AzNews.az