Bakıda portuqaliyalı rəssamın fərdi sərgisi açılacaq

5 Mart 2019 14:04 (UTC+04:00)

Sevgi və kədər... bu iki hiss arasında ortaq olan çox şey var: onlar gözlənilməz, nəzarətsiz olmaqla, bizim varlığımızın əsl mahiyyətini üzə çıxarır.

Martın 10-da Bakıda açılacaq portuqaliyalı rəssam Vasco Araujonun “Liebestod. Sevgi və Ölüm” adlı sərgisinin mövzusu belədir.

“Goethe-Zentrum Baku”nun təşkilatçılığı ilə açılacaq sərgi “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində reallaşacaq.

Rixard Vaqnerin “Tristan və İzolda” və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərlərində rast gəlinən qüssə və şəxsi faciəyə gətirib çıxaran sevginin təzahürü və illüziyanın yaranmasını tədqiq etmək marağı Vasko Araujonu bu məsələyə həm poetik, həm də psixoloji aspektdən yanaşmağa sövq edib.

Rəssamın ölkəmizdə ilk fərdi açılacaq sərgisinin əsas leytmotivi “Liebestod. Sevgi və Ölüm” videosudur: burada romantik eşq münasibətləri, ehtiras və iki sevgilinin bir yerdə ola bilməməsini təcəssüm etdirir. Bu məqamlar iki operanın süjet xəttini tədqiq edərək müqayisəsini aparan və sevginin tərifi, çağdaş dövrümüzün qəhrəmanlarının üzləşdikləri çətinliklərin təsviri, illüziyanın reallıqla üz-üzə gəldiyi hallarda insanın necə hərəkət etməli olmasına dair peşəkar məsləhətlər barədə rəssamın ortaya qoyduğu suallara cavab verir. Dərin lirika, ecazkar musiqi, qədim məzarlıqların qorxunc gecə mənzərəsi, tərk edilmiş qala və toxunulmamış meşələrin ahəngində, bu söhbətlər tamaşaçını ölümün əbədi sevgi yolunda yeganə çıxış yolu olub-olmadığına dair fikirlərə qərq edir.

Kuratoru Əsli Səmədova olan sərgi aprelin 4-dək ziyarətçilər üçün açıq qalacaq.(AZƏRTAC)

AzNews.az