Paşinyan geoiqtisadi “seleksioner” rolunda...

6 Mart 2019 08:53 (UTC+04:00)

“Qəribəlik” bir fiziki parametr kimi kvarkları işarələmək üçün daxil edilir. Dərhal sual yarana bilər ki, kvarkların erməni liderinə nə dəxli ola bilər? Əlbəttə, hansısa birbaşa əlaqə yoxdur, müəyyən assosiasiya yaradan məqam budur ki, kvarklar sərbəst şəkildə mövcud ola bilmirlər.

Ermənistandakı xarici siyasi-diplomatik vurnuxmaları da bircə cümlə ilə belə ifadə etmək olardı: ermənilər, o cümlədən də onların indiki lideri sərbəst – azad mövcud ola bilmirlər, N.Paşinyan ora-bura ona görə qaçır ki, həm özü, həm də ölkəsi üçün “varlı dayı” axtarır.

Bəli, xaotik, bəzən hətta tamamilə ziddiyyətli “xarici siyasi münasibətlər” və yaxud da “diplomatik tryuklar” artıq ruslar demişkən, Paşinyan cənablarının stixiyasıdır – erməni lideri İrandan sonra Avropa səmtinə üz tutdu, bu dəfə Brüsseli seçdi və yenə də ruslar demişkən, “kirpilə ilanı cütləşdirməyə” cəhd etdi, beləki məxməri inqilabın lideri Avrasiya İqtisadi Birliyinin sədri olmaqla bahəm Avropa Birliyinə də (AB) “yaxın persona” olmağa çalışır.

Amma erməni lideri risk etmirmi? Axı Rusiya ilə münasibətlər tamam yenicə düzəlməyə başlayıb!

Qeyd edək ki, cənabi N.Paşinyan həzrətlərinin Suriyaya məhdud “sülhməramlı kontingent” göndərmək istəyi Kremlin dərhal diqqətini cəlb etdi və şəxsən müdafiə naziri S.Şoyqu qərara yüksək qiymət verdi. Erməni parlamentinin spikeri Ararat Mirzoyanın Federasiya Şurasındakı çıxışından sonra isə Rusiya KİV-ləri o qədər təsirləndilər ki, xorla “Axır ki, iki ölkə arasındakı buz əridi” dedilər...

Düşünmək olardı ki, yavaş-yavaş hər şey əvvəlki çevrəsinə qayıdır. Kremlin Paşinyanla bağlı tərəddüdlərinə son qoyulur, erməni siyasətçi və diplomatlarına böyük əndişə yaşamaq üçün əsas qalmır; Moskva öz nökərinin nadincliklərini bağışlamağa başlayır.

Amma yox, məlum oldu ki, Paşinyanın bununla kifayətlənmək fikri yoxdur. Əvvəlcə İrana yollandı, hərçənd ki, lap əvvəldən məlum idi ki, bu səfər Vaşinqtonun qəzəbindən savayı bir şey yaratmayacaq.

Eləcə də İran liderlərinin də təmtəraqlı qəbuldan və bir də qucaqlaşmaqdan savayı erməni liderinə təklif edə biləcəyi başqa bir imkanları yox idi. Odur ki, bu adam İranda “suyu bir az bulandırandan” sonra boş vədlərlə öz Ermənistan məmləkətinə qayıtdı.

Odur, eşidəndə ki, Paşinyan Brüsselə yollanıbdır, elə də təəccüblənmədik. Prinsipcə, onu “başa düşmək” olar: bu adam anlayır ki, Avrasiya İqtisadi Birliyində nə üzvlük, nə də hətta sədrlik İrəvana heç nə verməyəcək və təsadüfi deyil ki, Birliyin sədri qismətindəki ilk çıxışında Paşinyan daha çox özünün təşkilatla bağlı tənqidi mövqeyini əsaslandırmağa çalışmışdı.

Amma onu yalnız nəzakət xatirinə dinləyib kiçik alqışılarla ölkəsinə yolladılar, çünki hamı onsuz da Avrasiya İqtisadi Birliyinin real olaraq perspektivsiz təşkilat olmasının fərqindədir.

Fəqət, N.Paşinyanın problemi təkcə bu amorf və ya perspektivsiz təşkilatla bağlı deyil, onun MDB, Avrasiya Birliyi və KTMT liderlərilə çox soyuq münasibətləri yaranıb. Erməni lideri gözəl dərk edir ki, o, bu siyasi ansamblda artıq “skripka”, yad elementdir. Amma onun bütün MDB məkanında “inqilab” etməyə gücü yoxdur, həm də Soros cənabları hətta istəsə də buna pul çatdırmaz. Odur ki, dözməkdən savayı bir çarəsi yoxdur.

Bilavasitə onun Avropaya yönəlik indiki vurnuxmlarına gəldikdə isə, düşünürük ki, Kreml hələ buna dözümlə yanaşacaq, çünki hələ S.Saqsyan Kremli inandıra bilmişdi ki, onun ölkəsinin AB ilə imzaladığı sazişin “geosiyasi tərəfləri” yoxdur. Biz hətta istisna etmirik ki, həmin o sazişə start verməzdən öncə onu Moskvada yaxşı-yaxşı redaktə etmiş və yalnız bundan sonra xeyir-duasını vermişdilər.

Bundan başqa, Kreml özü də AB-də “desant”larının olmasında maraqlıdır, çünki Avropa ilə iqtisadi rəqabətdə duruş gətirmək onun üçün getdikcə daha çətin olur. Elə Avropa siyasətçiləri arasında da bir qədər liberal yanaşma təzahür etdirənlər, keçmiş sovet ölkələrilə siyasiləşdirilməmiş, sırf iqtisadi münasibətlər qurmağın tərəfdarları var.

Əlbəttə ki, Qoca Dünyanın “siyasi palitra”sında onlar elə də üstünlük təşkil etmirlər, əsas Avropa strateqləri gizlətmirlər ki, “Şərq tərəfdaşlığı proqramı”nın əsas məqsədi Rusiyanı post-sovet məkanının bazarından sıxışdırmaqdır. Amma bunun hələ Ermənistan üçün elə bir təhlükəsi hiss olunmur, çünki bu ölkənin ekspertləri özləri deyirdilər ki, imzaladıqları saziş boş deklarasiyadan başqa bir şey deyil.

Amma maraqlı olan başqa məqamdır. AB N.Paşinyanın gözləntilərini doğruldacaqmı? Pul olacaqmı? Ən azı Ukraynanın, Gürcüstanın və heç sözsüz ki, Moldovanın təcrübəsi göstərir ki, “Şərq tərəfdaşlığı proqramı” heç də xeyriyyə proqramı deyil və burada dilənçilik yox, qarşlıqlı maraq zəminində əməkdaşlıq stimullaşdırılır və gənc ölkələrin öz iqtisadiyyatlarını inkişaf etmiş dünyanın maraqlarına uyğun qurmağa və eləcə də Avropa bazarlarının bu ölkələrin, onların bazarlarınınsa Avropa iqtisadiyyatı üçün açılmasına yardım edilir.

Odur ki, böyük ehtimalla heç bir maliyyə “inyeksiyası olmayacaq”dır və N.Paşinyan da nə qədər çalışsa da, “kirpilə ilan cütləşməyəcək”...

Hüseynbala Səlimov