Amazon meşələrini əsgərlər qoruyacaq

6 Mart 2019 12:31 (UTC+04:00)

Peru hökuməti ərazisindəki Amazon meşələrinin bundan sonra əsgərlər tərəfindən qorunması barədə qərar qəbul edib.

Buna səbəb meşə ərazilərində qanunsuz mədənçilik fəaliyyətinin göstərilməsidir. Belə ki, bir qədər əvvəl meşə sahələrini və çayları civə ilə zəhərləyən minlərlə qanunsuz qızıl mədənçisi buradan çıxarılmışdı.

Artıq Madre de Dios bölgəsində meşələrin qorunmasında dronlardan da istifadə edəcək dörd hərbi bazalardan birincisinin açılışı olub. Hər bir bazada 100 əsgər, 50 polis və 1 prokuratura nümayəndəsinin yerləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, planetimizin “ağ ciyəri” adlandırılan Amazon meşələri ərazisinə görə dünyanın ən böyük tropik meşələridir və Yer kürəsinin bütün tropik meşələrinin yarıdan çoxunu təşkil edir. Lakin son zamanlar müxtəlif qanunsuz fəaliyyətlər nəticəsində bu meşələrin ərazisi sürətlə azalır. Peruda 2001-ci ildən sonrakı dövr ərzində təxminən 2 milyon hektar Amazon meşəsi yox edilib.(AZƏRTAC)

AzNews.az