"Paşinyan Avropa və Rusiya arasında çabalayır"

6 Mart 2019 16:29 (UTC+04:00)

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir. Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunan xəbərdə deyilir.

Qeyd olunur ki, F.Mogerini və N.Paşinyan bu yaxınlarda Ermənistan və Azərbaycan arasında təmaslar fonunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə ediblər.

"Federika Mogerini Nikol Paşinyanın münaqişənin nizamlanması üzrə danışıqlarda ilkin şərt olmadan tam iştirakının lehinədir"- deyə, məlumatda bildirilir.

Məsələni AzNews.az-a şərh edən politoloq Fikrət Sadıqov bildirdi ki, Paşinyan hakimiyyətə gələndən sonra çoxlu ziddiyyətlərə yol verib. Bu gün isə sadəcə olaraq Avropa və Rusiya arasında, öz cəmiyyəti ilə dünya ölkələri arasında çabalayır:

"Əlbəttə ki, öz ölkəsində ona müəyyən təzyiqlər göstərilir. Ona qarşı müxalif qüvvələr tələb qoyurlar ki, danışıqların məzmununu onlara açsın və ya konkret olaraq nələri danışsın və s. Paşinyan da bu təzyiqləri başa düşərək müxtəlif manevrlər etməyə çalışır. Lakin bu manevrlərin də bir sonu olmalıdır. Paşinyan düşünürdü ki, Avropada onu demokratik bir siyasətçi kimi tanıyacaqlar, ona hörmət edəcəklər, nazı ilə oynayacaqlar. Amma Mogerini konkret olaraq ona öz yerini göstərdi. Bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən bir format var. Bu 90-cı illərin əvvəllərində təsdiq olunmuş bir formatdır və bunu dəyişməyə heç bir ehtiyac yoxdur. Deməli, aparıcı Qərb ölkələri başa düşür ki, burada ilk növbədə Azərbaycanın maraqları nəzərə alınmalıdır. Bu da o deməkdir ki, faktiki olaraq bu məsələdə Azərbaycanın rolunu nəzərə almaq lazımdır. Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, üçüncü bir tərəf ola bilməz".

F.Sadıqov vurğuladı ki, Brüsseldə Paşinyana bir növ öz yerini göstərdilər:

"Paşinyanın təcrübəsiz siyasətçi olduğu aydın məsələdir, amma düşünmürəm ki, bu, ona bir dərs olmasın. Çünki ona həm faktiki olaraq Rusiyada, həm Tehranda, həm də Avropada işarə etdilər ki, sən bu formatda danışıqlarda iştirak etməlisən, başqa bir yolun yoxdur. Ona görə də Paşinyan gərək bundan sonra özü üçün nəticə çıxarsın. Kiminləsə oynamaq olar, müxtəlif çabalamalar da etmək mümkündür, amma bunların sonu var. Düşünürəm ki, həmin sondur ki, bunu da Paşinyana Avropada aydın şəkildə göstərdilər".

Elgün
AzNews.az