İTV seçkisində uduzanlar od püskürdü

24 Aprel 2013 14:43 (UTC+04:00)

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor vəzifəsinə seçkilər başa çatsa da, seçki prosesi və nəticələrlə bağlı fikir birmənalı deyil. Məsələn, Media Hüququ İnstitutu (MHİ) seçkilərin əhəmiyyətli prosedur pozuntularıyla, tələm-tələsik və qeyri-şəffaf keçirildiyini bildirib. Onlar iddia edib ki, bu seçkinin MTRŞ tərəfindən ciddi müdaxilələrlə müşayiət olunması seçkinin ədalətliliyinə və İctimai Yayımın müstəqilliyinə kölgə salır.

Bu vəzifəyə namizədlərdən biri Emin Hüseynov da seçkilərin nəticələrini şübhə altına alıb. Prosesi "seçki yox, seçim" adlandıran namizəd MTRŞ-nin monitorinq qrupunu seçkilərə müdaxilə etməkdə ittiham edib. Seçkilərdə qanun pozuntuları olduğunu deyən Hüseynov iradını belə bildirib: "Ən azı İTV-də 4 namizədin hamısına bərabər miqdarda efir vaxtı verilə, hər namizəd öz proqramını izah edə bilərdi".

Seçkinin qeyri-obyektiv keçirilməsi ilə bağlı Nicat Mustafayev də öz iradlarını bildirib. O, AzNews.az-a açiqlamasında nə seçkinin keçirilməsi prosesi, nə də seçilməməsi səbəbi ilə bağlı əsaslandırmanın onu qane etdiyini söyləyib: "Emin Hüseynovdan fərqli olaraq mən məsələni hüquq müstəvisinə çıxarmayacam. Çünki hətta Avropa Məhkəməsindən əlimdə sənədlə dönsəm belə, nəyinsə dəyişəcəyinə inanmıram. 2 il idi ki, mən bu seçkilərə hazırlaşırdım. Seçkiyə qatılan namizədlərdən fərqli olaraq konkret təkliflərlə çıxış etdim. İTV-nin fəaliyyətində müşahidə etdiyim boşluqları da sadaladım, onları aradan qaldırmaq yollarını da. Buna baxmayaraq mən deyil, Cəmil Quliyev seçildi. Səbəbini soruşanda isə mənə dedilər ki, yaşım çatmır. Bu cür aşağı səviyyəli cavabdan sonra məhkəməyə müraciət etməyin nə faydası var".

Bildirək ki, sənədlərini seçkidən 4 gün qabaq təqdim etdiyini və elə həmin gün də sənədlərinin təsdiqləndiyini vurğulayan namizədə yaş senzi ilə bağlı hər hansı irad bildirilməyib.

Mustafayev vəziyyətlə barışmalarında və qeyri-obyektivliyin baş verməsində mətbuatın da rolu olduğunu deyib: "Cəmil Quliyevin adının namizədlər siyahısında olduğunu bilən kimi mətbuat məhz onun direktor olacağını yazmağa başladı. Bununla da bizi vəziyyətlə psixoloji cəhətdən barışdırdı. Bu, yanlış yanaşma idi. Seçki prosesində isə jurnalistlər, ümumiyyətlə, fəal olmadılar".

N.Mustafayev İTV-nin baş direktorluğu uğrunda mübarizəsini davam etdirəcəyini söyləyib: "Növbəti 4 ildə daha ciddi hazırlaşacam.2017-ci ildə yenidən seçkilərə qatılacam və seçiləcəm. Düşünürəm ki, o vaxta qədər baxışlar da dəyişəcək".

Ancaq namizəd buna fərqli strategiya ilə nail olmağı düşünür: "Konkret suallar hazırlayacam. Bu yolla, Cəmil Quliyev ikinci dəfə yenidən seçilərsə, seçkini keçirən qurumlara həmin seçkinin qeyri-demokratik olduğunu etiraf etdirəcəm. Əslində onlar bunu indi də etiraf etdilər. Son seçkilərin qalibi mənəm".

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 4 iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib və bu vəzifəyə Cəmil Quliyev seçilib .

Ruhiyyə
AzNews.az