İlham Əliyevə verilən məktublar...

11 Mart 2019 13:50 (UTC+04:00)

Hansı tərəfdən baxırsan-bax, Azərbaycan prezidenti İlham Əliyevin Ağsu və Şamaxı rayonlarına səfərləri zamanı xalqla açıq təmasları təqdir olunmalıdır. Bu, İlham Əliyevin prezidentliyi dövründə ilk dəfədir ki, baş vermir. Əvvəllər də bu tipli təmasların şahidi olmuşuq.

Amma son görüşlər fərqli bir formada baş tutur. Yəni, prezident, belə demək mümkünsə ssenariləşdirilməmiş görüşlərə ehtiyac duyur və hər hansı protokol qaydasında çərçivə müəyyənləşən görüşlərdən imtina edərək, sanki harda olmaq, necə olmaq, insanlarla sərbəst təmasa necə girmək lazımdırsa, bunu müstəqil şəkildə birbaşa özü edir.

İctimai rəyin xoşuna gələn də elə bu təbiilikdir. Açıq-aydın görünür ki, cəmiyyət bunu istəyir. Baxmayaraq ki, opponent olanlar həmişə xoş mənzərini gözdən salmaq üçün dəridən-qabıqdan çıxmağa meyllənir və bu dəfə də fərqli bir yanaşma yoxdur; əksinə rayon görüşlərinin hər məqamı mənfi cəhətdən təhlil edilir. Hazırda müxalifətin gündəmində bu mövzudur.

Gah bildirilir ki, İlham Əliyevə inam qalmayıb və itirilmiş inamın bərpası üçün bu addımlar atılır. Ancaq özləri-özlərini dərhal təkzib edirlər. Müsahibə verə-verə xalqın prezidentə uzatdığı məktubları əks etdirən görüntüləri nümayiş etdirirlər.

Elə bu görüntülər özü xalqın prezidentə inamını, ümidini göstərmirmi?

Prezidentə inanmayan vətəndaş heç vaxt onunla görüşə can atmaz, ona dərdini bildirməz!

Digər tərəfdən, bu, əhalinin çoxsaylı problemlərlə baş-başa qalması, mərkəzi və yerli icra strukturlarının fəaliyyətsizliyi kimi də qələmə verilir.

Əlbəttə, cəmiyyətdə problemlərin mövcud olduğunu heç kəs inkar etmir. Lakin bu problemlər müxalifətin şişirtdiyi səviyyədə deyil. İcra strukturlarının vətəndaşlarla təmasları da 10 il bundan qabaqkı durumda deyil. Əhali ilə nazirlərin görüşləri formatı, illərdir, məhz prezidentin tapşırığına uyğun olaraq gerşəkləşir və hər ay nazirlərin bölgə səfərlərində nə qədər insanın problemi araşdırılır. Yerli icra strukturlarının da bu qəbildən olan qəbulları keçirilir. Bir sözlə, hökumət vətəndaşın üzünə indi daha açıqdır.

Prezidentin əlinə uzadılan məktublar səhnəsinə bir az da normal baxmaq lazımdır, o mənada ki, insan olan yerdə problem həmişə var. Demək xahiş, istək təbiidir və Azərbaycan vətəndaşı öz prezidentindən başqa heç kimdən bu qədər ürəklə, ərklə nəsə istəyə, kömək ala bilməz!

Gəlin, baxaq: ölkənin mədəniyyət və incəsənətinə bu qədər dəstək verilir, amma yetməyən məsələlər qalır deyə, onların təmsilçiləri dövlətin birinci şəxsiylə görüşdən yaxşı mənada faydalanmağa, problemlərin həllinə çalışırlar. Başqa sözlə, ziyalı həm öz adına, həm qurumu adına prezidentin diqqət və qayğısına maraqlıdır. O halda siravi vətəndaş niyə prezidentindən nəyisə xahiş etməyə qırıla-qırıla qalmalıdır?! Axı İlham Əliyev həm də onun prezidentidir! Üstəlik, bu auranı da prezident özü yaradır ki, vətəndaş ona ürəklə yaxınlaşıb, sözünü deyə bilsin!

Ümumiyyətlə, hər hansı bir rayondan 15-20 xahiş, yaxud şikayət məktubunda faciəvi nəsə axtarmaq savadsızlığa dəlalət edir.

Əvvala, heç kimə bəlli deyil ki, o məktubların nə qədəri şikayətdir, nə qədəri xahiş.

İkincisi, heç kim deyə bilməz ki, İlham Əliyev ona uzanan əllərdən qıcıqlanır, rahatsız olur; əksinə ssenariləşdirilməmiş təsir doğuran vətəndaşla bu təmaslarda onun ola bilsin, öyrənmək istədiyi açıqlanmayan bir sıra məsələr var.

Bu, yerli məmurlardan tutmuş onların tabe olduğu mərkəzi hakimiyyətlə bağlı şəxsən araşdırmaq istədiyi məqamları əhatə etmiş ola bilər. Sadə dillə desək, vətəndaşla təmas, həm də bir təftişdir- öz komandasını təftiş! Düzdür, prezident həm mətbuatdan, həm sosial mediadan, həm öz saytına ünvanlanan məktublardan hər şeyi bilməsə də çox şeyləri bilir. Rayonlardakı mənzərə, birbaşa təmaslar isə ətraflı bilgi üçün vacib əhəmiyyətə malikdir.

İlham Əliyevin özünə məktublar səhnəsi üçün başqa bir mənalandırma da ortaya qoymaq olar. Əgər biz bir məmurdan nəsə istəyəriksə, onun verdiyi sözü tutması günlər, aylar, bəzən il ala bilər, bəzən heç bu söz tutulmaz, laqeyd yanaşılar. Amma hamı çox gözəl bilir ki, İlham Əliyevdən istənilən nəsə öz həllini anındaca tapar, anındaca nəzarətə götürülər. Çünki, bu, prezidentin onu seçən xalqına həssaslığından, güclü məsuliyyət hissindən doğur.

Sözsüz ki, əhali ilə dövlət başçısının görüşləri gözəl nəticələr ortaya qoyacaq. Çünki belə bir formatın hər zaman güclü cazibəsi olur və bu cazibə prezidenti xalqına, xalqı öz liderinə daha möhkəm, daha inamlı bağlarla bir-birinə bağlayır. Bu, o deməkdir ki, hakimiyyət öz iqtidarını daha da güclü etməyi bacarır. Hakimiyyətin opponentlərini, konkret Milli Şuranı qorxudan, qarayaxma kampaniyası aparmağa sövq edən cəhət də elə burda axtarılmalıdır...

Elman Babayev