Millət vəkili hava limanında saxlanıldı - SƏBƏB
25 Aprel 2013 07:17 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Milli Məclisin üzvü Adil Əliyev Facebook səhifəsində maraqlı bir status paylaşıb. Millət vəkili bu günlərdə xarici səfərdən qayıdarkən Hava Limanında qarşılaşdığı vəziyyəti təsvir edib. Deputat yazdığı statusunda bunları qeyd edib:
"Dəyərli dostlar, aprelin 17-22 – də Qazaxıstanın paytaxtı Astanada səfərdə oldum. İlk dəfə səfər etdiyim Astana öz gözəlliyi ilə diqqəti çəkirdi. Böyük bir türk dövləti bizi qarşıladı, özü də əsl türklərə məxsus qonaqpərvərliklə. Həm Senatda, həm də Qumilyov adına Universitetdə müxtəlif tədbirlərdə, o cümlədən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan mərasimlərdə iştirak etdik. Bir sözlə, orada olduğumuz günlərdə gözəl məqamlar yaşadıq. Lakin səfərdən geri dönərkən Bakıda hava limanında gecə saat 12-də təyyarədən düşəndən sonra maraqlı və xoşagəlməz hadisə ilə qarşılaşdım. Hava limanında avtomobilimə minib bir həftə ərzində darıxdığım, Astanadan sonra yeri görünən Bakı gecəsini seyr edə-edə evə getməkdəydim. Lakin hava limanının giriş-çıxış hissəsindəki şlaqbauma yaxınlaşarkən məlum oldu ki, sürücü limana daxil olarkən götürdüyü talonu itirib. Avtomobil hava limanının ərazisində təxminən bir saat olmuşdu. Və biz geri dönərkən maşına minməmiş həmin müddət ərzində avtomobilin ərazidə olduğu müddətin haqqını ödəmə məntəqəsində ödəmişdik.
Lakin qəbz əlimizdə olsa da, giriş talonu naməlum şəraitdə itmişdi. Yaranmış vəziyyəti bir saatdan artıq "AZAL"ın şlaqbaumlara nəzarət edən işçilərinə izah etməyə çalışsam da, xeyri olmadı. Sanki mən ölkəyə daxil olarkən pasportumu itirmişdim. Bir anlıq bu şlaqbaumlar mənə Gestaponu xatırlatdı. Bir saat ərzində AZAL əməkdaşlarına izah edə bilmirdik ki, pulu ödəmişik və qəbz əlimizdədir. Onlar bunu kameralara baxaraq da müəyyən edə bilərdilər. Maraqlıdır ki, əgər mən bunu Milli Məclisin üzvü kimi bu adamlara izah edə bilmirdimsə, gör indi mənim yerimə olan sıravi bir vətəndaş hansı vəziyyətdə olardı. Ən acınacaqlısı isə o idi ki, talonu itirdiyimizə görə bizdən tələb olunan 40 manat məbləğində cəriməni ödəmək üçün üstümüzdə nəğd pul yox idi. Şlaqbaumu qaldırıb-endirənlər isə bunu nəzərə almırdı. Bu situasiyada mən nə etməli idim? Necə deyərlər, kimdir günahkar? Yaranmış forsmajor situasiyalar necə həll edilməlidir? Şlaqbaum qanunları bu qədərmi keçilməzdir? Əlbəttə, qanun və qaydalar hər kəsə aiddir və buna hamı hörmət etməlidir. Ancaq göründüyü kimi belə bir durum yaranmışdı. Həmin vaxt biz orada xeyli vaxt gözləyərək rastlaşdığımız tanışlardan 40 manatı borc alıb ödəməsəydik, nə etməli idik? İndiyə kimi oradamı qalacaqdıq? Axı, mən Milli Məclisin üzvü kimi o vəziyyətdə hər hansı bir tədbirə tələsə bilərdim, ya da hansısa vacib işin dalınca tez bir zamanda getməli olardım. Anlamıram ki, bu nəzarət kameraları həmin ərazidə nəyə görə quraşdırılıb? Yəqin ki, belə situasiaya ilə qarşılaşan tək mən deyiləm. Düşünürəm ki, cavabdeh şəxslər bu acınacaqlı vəziyyətə əncam çəkməlidirlər. Mənim isə o gözəl səfərim şlaqbaumda bitirildi... Baş verənlərdən sonra Bakı gecəsinin gözəlliyini seyr edərək yüksək əhval-ruhiyyə ilə evə qayıtmaq sadəcə, mümkün deyildi..."
AzNews.az