"Regionumuzdakı birinci şəxslər Fransada bu cür diqqət görməmişdi"

13 Mart 2019 14:49 (UTC+04:00)

Ulu Öndər Heydər Əliyev Fransayla əlaqələrə həmişə böyük diqqət yetirmişdi və hətta Prezident kimi özünün ilk səfərini də Fransaya etmişdi. Elə cənab İlham Əliyev də birinci dəfə Prezident seçiləndə ilk rəsmi səfərə Parisə getdi. Bunun da bir neçə səbəbi vardı ki, bizim üçün ən önəmlisi bu böyük dövlətin regionumuza, o sıradan da Dağlıq Qarabağ probleminə yanaşmada yeritdiyi siyasətdə orada çox güclü olan hay diasporunun təsirinin mümkün qədər azaldılması idi. Azaldıldı da.

Məhz Heydər Əliyevin yeritdiyi siyasət nəticəsində o zamankı dövlət başçıları Jak Şirakın təbirincə desək, Ermənistana dost gözüylə baxan Fransa Azərbaycanın da dostu olmağa çalışdı. Xatırladaq ki, Robert Köçəryanın Fransanın moderatorluğu altında 2006-cı ildə Rambuyedə keçirilən Dağlıq Qarabağ danışıqlarını yarımçıq tərk etməsində, elə həm də rəsmi Parisin neytral mövqe sərgiləməsi “kiçik bacı” faktorunu çox da nəzərə almaması az rol oynamamışdı.

Düzdür, bütün bu illər ərzində digər həmsədr ölkələr kimi Fransa da Dağlıq Qarabağ probleminin həllinə yanaşmada beynəlxalq normalara əməl edilməsi baxımından yetərincə prinsipiallıq və qətiyyət göstərmədi. Hətta ötən ilin payızında olduğu kimi bizi rəncidə edən hərəkətlərə də yol verildi. Ancaq Azərbaycanın bu regionda bütövlükdə Avropa Birliyinin (qurumun Güney Qafqaz ölkələriylə ticarət dövriyyəsinin 75 faizi ölkəmizin payına düşür) deyil, həm də Fransanın ən önəmli tərəfdaşı olduğunu (Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin həcmi bu ölkəylə Ermənistanınkından təqribən 10 dəfə çoxdur), rəsmi Bakını qıcıqlandıran hərəkətlərin ölkələri üçün təkcə imic itkisiylə nəticələnməyəcəyini gözəl anlayan uzaqgörən siyasətçilər, böyük iş adamları hərəkətə keçdilər. Fransanın keçmiş Prezidenti Nikola Sarkozinin yanvarın 15-də Bakıya gəlməsi də, fikrimcə, bundan qaynaqlanırdı və bu səfərdə o, sadəcə özünü təmsil etmirdi.

Tarixə etdiyim bu qısa ekskursiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya bu həftəki səfəriylə bağlıdır. Açığını deyək ki, ancaq çox böyük dövlətlərin ikinci şəxsləri Fransada Mehriban xanım Əliyeva qarşılanan kimi qarşılana bilərdi. Fransanın Baş naziri Eduard Filip Matinyondan tutmuş bu ölkənin siyasi elitasının əksər, maliyyə və iqtisadi elitasının isə bir çox ən mühüm təmsilçisi onunla görüşərək danışıqlar apardılar. Heç bir çox dövlətlərin, o sıradan da bizim regiondakıların birinci şəxsləri Fransada bu cür diqqət görməmişdilər, nəinki bizim Birinci vitse-prezidentimiz gördü.

Bu səfər fikrimcə, yenə vurğulayıram ki, Azərbaycanın gücünü göstərməklə yanaşı, hörmətli Mehriban xanım Əliyevanın da siyasətçi və dövlət xadimi olaraq hansı miqyasın daşıyıcısı olmasından xəbər verir.

Şübhə etmirəm ki, bunun ardınca Fransadan da Azərbaycana ən yüksək səviyyədə səfər gerçəkləşdiriləcək və Azərbaycan-Fransa əlaqələri ilk növbədə ölkəmizin regionda oynadığı rol, hər iki tərəfin bundan əldə etdiyi mənfəətlə şərtlənəcək.

Sahib Alıyev, millət vəkili