Məhkəmə “AGbank”la bağlı qərar çıxardı

13 Mart 2019 17:40 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qoşqar Məcidli ifadə verib.

O bildirib ki, R.Vəliyevi Beynəlxalq Bankın sabiq əməkdaşı, bibisi oğlu Aqil Hüseynov vasitəsi ilə tanıyıb.

"Nikoil Azərbaycan" şirkətinin keçmiş işçisi olduğunu deyən şahid qeyd edib ki, "Pravijin grup" şirkətini təsis edib: "Həmin şirkətə isə Fərhad Əliyevi direktor təyin etmişəm. 2013-cü ildə isə Vergilər Nazirliyindən mənə bildirildi ki, şirkətin vergi borcu var. Mən də Fərhadla danışdım, o söylədi ki, şirkəti bağlayıb. Rüfəti mən direktor təyin etməmişəm. Fərhad isə hazırda ölkə xaricindədir".

Daha sonra şahid qismində Vüqar Quliyev dindirilib. O söyləyib ki, 2010-cu ildən “AGbank”ın Maliyyə Monitorinq şöbəsində məsul şəxs vəzifəsində çalışır: "Biz daha əvvəl Mərkəzi Bankın qaydaları əsasında işləmişik. Bankda həm mədaxil, həm də məxaric 20 min manat olmaqla köçürülmə həyata keçirilir. Köçürülmə baş verən zaman bankın daxili proqram vasitəsi ilə Maliyyə Monitorinq şöbəsinə göndərilir".

Hakim xatırladıb ki, “AGbank”ın Xətai filialından bir gün ərzində 10 milyon manata yaxın pul leqal yolla xarici şirkətlərin hesabına köçürülüb.

Şahid V.Quliyev deyib ki, bu barədə Monitorinq şöbəsinə məlumnat daxil olub.

Məhkəmə 2013-2015-ci illər arasında “AGbank”ın Xətai filialında monitor hesabatları və yoxlama aktlarının götürülməsi barədə qərar çıxarıb.

Digər şahid Afət Yusifova qeyd edib ki, Beynəlxalq Bankın Nəqliyyat filialınada baş mühasib işləyib. O deyib ki, hazırda "Kapital Bank"da menecer vəzifəsində çalışır. A.Yusifovanın sözlərinə görə, bankdan köçürülən pulların sənədlərini R.Vəliyev özü imzalayıb: "Bildiyim qədəri ilə pulları da Rüfət özü gətirirdi, amma görməmişəm".

Hakim deyib ki, 2006-cı ildə Türkiyə şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2008-ci ildə ölkəyə mal gəlib və Beynəlxalq Bank vasitəsi ilə həmin şirkətin Estoniyadakı ofşor hesabına 360 milyon dollar pul köçürülüb.

Şahid qismində ifadə verən Rəhman Salmanov deyib ki, 2006-cı ildə "Elektromaş" şirkətini təsis edib və 2012-ci ildə isə tanımadığı şəxsə satıb. O söyləyib ki, R.Vəliyevi şirkətə direktor təyin etməyib.

Məhkəmənin növbət iclası martın 27-nə təyin edilib.

İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər ümumilikdə cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.(report.az)

AzNews.az