Hafiz Hacıyevə 10 nəfər ayaqqabı alıb

14 Mart 2019 11:59 (UTC+04:00)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat”ın canlı yayımında ADP sədri Sərdar Cəlaloğlu ilə debatı zamanı nimdaş ayaqqabısını çıxarıb izləyicilərə nümayiş etdirməsi marağa səbəb olub.

Partiya sədri kasıb olduğunu, sökülən kostyumunu 13 manata aldığını, ayaqqabısını isə 10 yerdən tikdirdiyini söyləyib.

Canlı yayım gedə-gedə bir sıra izləyicilər şərh bölümünə rəylər yazaraq H.Hacıyevə ayaqqabı almaq istədiklərini bildiriblər. Amma bununla belə, onu ələ salan, fikirlərinə rişxəndlə gülüb statuslar paylaşanlar da olub.

Xüsusilə müxalif kəsim H.Hacıyevə daha çox sərt statuslar həsr edir.

Məsələ ilə bağlı MMP sədrinin mövqeyini aldıq. O, şəxsinə qarşı müxalifət daxilində hansı qüvvələrin bu cür kampaniya təşkil etdiklərindən xəbərdar olduğunu söylədi: “Nə demişəmsə doğrudur. Hər kəs öz arşını ilə hər şeyi ölçür. Bizim haqqımızda yazanlar, görünür, imkanlı şəxslərdir. Mənə dəqiq məlumat verilib ki, məni tənqid, təhqir edənlər arasında Milli Şura tərəfdarları çoxluq təşkil edirlər. Həsənov Cəmil və Kərimov Əli məni anlaya bilməzlər. Çünki əlləri hakimiyyətin cibindədir, xaricdən qrantlar alırlar. Kərimov Əli hakimiyyətin korrupsiyaya bulaşdığını deyir, amma özü tamam korrupsiya içərisində üzür. Kərimov Əli ilə eyni komandada hakimiyyətdə təmsil olunmuşuq. Mən və komandamızda olmuş hər kəs onun necə işlədiyini bilir. Hakimiyyət bu şəxsin fonunda özünə sərf edən müxalifət saxlayır. Hər axşam Sevinc Osmanqızının verilişində canlı yayıma çıxıb danışmaqdan başqa Kərimov Əli nə edir? Pulunu alıb ona uyğun da danışır. Onu sizin redaksiyanızda debata dəvət edirəm, onu nə söyəsiyəm, nə də döyəsiyəm. Bir-birimizə hesabat verək, bilək o nə iş görüb, mən nə iş görmüşəm. Necə yaşadıqlarımızı da açıqlayaq. O adamı məndən yaxşı tanıyan yoxdur. Gör, kim trollarını öyrədib üstümə saldırır. Ayaqqabım yamaqlıdır, bundan utanmıram. Ayaqqabı təmir edənlər necə dolansınlar? Pulumu verib ayaqqabıma tikiş vurdurmuşam. Kiməsə yaltaqlanıb ayaqqabı almaram. Kərimlinin nəzarətində olan və xaricdən yayımlanan kanallarda belə onunla debata çıxmağa hazıram”.

H.Hacıyev artıq 10 nəfərin ona ayaqqabı aldığını da söylədi: “O çıxışımdan sonra çoxsaylı müraciətlər olub. Keçmiş nazirlər, komsomol katibi işləmiş dostlarım var. Hərəkat dövründən dostluğumuz davam edənlər də az deyil. Sağ olsunlar, hər zaman mənə kömək edirlər. Artıq 10 nəfər ayaqqabı alıb, qərargahıma gətirib. Onların hər birinə minnətdaram. Bundan sonra da kömək etməyə hazır olduqlarını bildirirlər. 10 ayaqqabıdan yəqin birini geyinərəm, qalanlarını satıb çörəkpulu edərəm. Heç nədən utanmıram. Nazir olduğum dönəmlərdə necə işlədiyimi, bir dəfə də olsun rüşvət almadığımı yaxşı bilirlər. Amma Kərimov Əli dövlət katibi ola-ola hər kəsdən rüşvət yığırdı, bir dəfə kabinetdə davamız düşdü. Rəhmətlik Elçibəy mənə deyirdi ki, ona bənd olma, uşaqdır. Küçə sözləri ilə məni ruhdan salmaq mümkün deyil. Xalqımdan ötrü özümü öldürürəm. Xalqım necə yaşayırsa, mən də elə yaşayıb öləcəm. Göygöldə limonad seximin olduğu barədə yalan məlumatlar yayırlar. Əgər belədirsə, həmin sexi onlara verirəm. Mənim nəyimin olub-olmadığını xalqım yaxşı bilir. Mən ifşa etdikcə, Kərimov Əli hələ çox uydurma məlumatlar yaydıracaq. Partiyamız ianələr hesabına fəaliyyət göstərir. Üzvlük haqqına heç zaman əl ata bilmərəm. Zirzəmi kimi bir yerdə qərargahımız var. Bunu hər kəs görüb. Partiya kimi fəaliyyət göstərmək o qədər çox vəsait tələb etmir. Özümü dolandırmaq üçün 7-ci mikrorayonda ”moyka"da avtomobil belə yuyurdum. Həmin “moyka”nı da bağladılar. Heç olmasa axşamlar maska taxıb maşın yuyurdum, 15-20 manatım olurdu. Bunu da əlimdən aldılar. Taleyimiz belə gətirib, bundan ötrü gedib özümüzü öldürəsi deyilik".(musavat.com)

AzNews.az